Məhkəmə qərarları › İş №2(043)-368/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-368/2022

29.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-368/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-də qeydiyyatda olan, qızı X1 4000 (dörd min) manat ödəmək şərti ilə (azyaşlı uşağı Cavabdeh2 ilə birlikdə) istifadə hüquqlarına xitam verilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu Şahlar Hüseynov küçəsi ev 4,mənzil 12 ona məxsusdur. Evin mülkiyyət sənədləri onun adına qeyd olunub və bu barədə qeydiyyat vəsiqəsi 25.10.2005-ci ildə verilmişdir. Ev 3 otaqdan ibarət olmaqla, 49.0 kv.m yaşayış sahəsindən ibarətdir. Onun evində qızı - iddia tələbi üzrə cavabdeh olan Cavabdeh1 və nəvəsi Cavabdeh2 qeydiyyatda qalırlar. Bu da onun artıq kommunal xərci ödəməsinə səbəb olur. O, təqaüdçüdür, pula olan tələbatı çoxdur. Yaşlı vaxtında artıq pul xərci çıxır. Hazırda ürək xəstəsidir, əməliyyata ehtiyacı var. Heç bir yerdən gəliri olmadığından, aldığı təqaüd dərmanlarına sərf olunduğundan, əməliyyat olmağı üçün sözügedən evi satmağa məcbur olmuşdur. Cavabdeh uzun illərdir ki, onun adına olan evdə yaşamır. Bakı şəhərində işləyir, Gəncə şəhərinə tez-tez gəlib-gedir. Onda da Gəncə şəhəri D.Qorqud küçəsi bina 12, mənzil 2-də yaşayır. Onun evi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, özü də, uşağı da qeydiyyatda qalırlar. Qeyd etdiyi səbəblərdən də qızının və nəvəsinin evdən qeydiyyatdan çıxarılmalarını istəyir. Onlar onun evində formal qeydiyyatda qalırlar. Evdə yaşamaq fikirləri yoxdur. Cavabdehin hərəkətləri üzündən onun ailəsi də dağılmışdır. O, onu bir ata kimi sevmir. Onun bəzi hərəkətlərinə irad bildirdiyi üçün ondan narazı olub. Anası ilə əlaqəsi var, ona bir ana kimi hörmət edir. Cavabdehin könüllü evdən qeydiyyatdan çıxmaq fikri yoxdur. Lakin, onun adına olan mənzilinə də heç bir ehtiyacı yoxdur, İstəsə qeydiyyatdan çıxıb başqa yerə qeydiyyata düşə bilər. O, əziyyət çəksin deyə etmək istəmir. Cavabdeh evdə qeydiyyatda qalması onun mülkiyyəti üzərində olan hüquqlarını məhdudlaşdırır. O, cavabdehin qeydiyyatdan çıxarılmaları üçün Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, ona izah olunmuşdur ki, onlar çağrışa gəlmirlər, könüllü qeydiyyatdan çıxmırlar, məhkəməyə müraciət etməlidir. O isə cavabdeh qızı olduğundan ona evdən qeydiyyatdan çıxması üçün 4000 manat təzminat ödəmək şərti ilə evindən qeydiyyatdan çıxarmaq istəyir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanı onun ata evidir. Hal-hazırda onun və oğlunun daimi yaşamağa başqa evləri yoxdur. İddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir. O və oğlu hazırda da iddiaçıya məxsus evdə yaşayırlar. Ona təklif olunan kompensasiyanın məbləği ilə razı deyil. Odur ki, o mənzilə istifadə hüququna həmin məbləğdə kompensasiya verilməklə xitam verilməsinə razı deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X3 İnventarlaşdırma və MHQİ tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi 04.10.2005-ci il tarixli bəxşeyiş müqaviləsi əsasında şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış, reyestr kitabında 25.10.2005-ci il tarixdə 15936 nömrə ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, ünvan 2 ünvanda 26.04.1991-ci il təvəllüdlü Cavabdeh1 və 24.05.2012-ci il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan 18.03.2022-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri Texnologiya Universiteti ərazisində yerləşən binaların 3 otaqlı orta təmirli əşyasız mənzillərin kirayə haqları təxminən 150-160 manat arasındadır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Mənzil iddiaçının mülkiyyətində keçdikdən sonra Cavabdeh1 mülkiyyətçinin qızı olmaqla onun ailə üzvü kimi həmin evdə yaşamış və qeydiyyata alınmışdır. Onun həmin mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən cavabdehin və onun azyaşlı oğlunun iddiaçıya məxsus mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. İddiaçı hazırda Cavabdeh1 kompensasiya verməklə onun və azyaşlı oğlunun mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göründüyü kimi, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o və azyaşlı uşağı heç gözləmədikləri bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin və onun azyaşlı uşağının mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı “kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar