Məhkəmə qərarları › İş №2(043)-3961/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3961/2021

15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3961/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Zülfüqar oğlunun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «əmlakın üzərindən həbsin götürülməsi və əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Zülfüqar oğlu cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsində 0,084 ha torpaq sahəsində yerləşən 59 saylı qeyri-yaşayış binasının (iaşə obyektinin) üzərindən həbsin götürülməsi və həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmiş, eləcə də iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla məhkəməyə verilmişdir. İddiaçı iki cavabdehə qarşı iki tələb irəli sürsə də iddiasında həmin tələblərin hansının hansı cavabdehə qarşı sürüldüyünü və ya müştərək olduğunu qeyd etməmiş, eləcə də bu tələblərin göstərilən cavabdehlərə hansı əsaslarla yönəldiyini əsaslandırmamışdır. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı Zülfüqar oğlunun mülkiyyətində olmuş, Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsində 0,084 ha torpaq sahəsində yerləşən 59 saylı qeyri-yaşayış binasının üzərinə Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-237/2016 saylı qərarı ilə həbs qoyulmuş, həmin əmlak Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmü ilə xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İddiaçı tələbini Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəltsə də onların nəyə əsasən bu iddiaya cavab verməli olması, yəni həbsin götürülməsi tələbinin cavabdehlərdən hansına və nə əsasla yönəlməsi, eləcə də cavabdehlərdən hansının və ya ikisinin birlikdə iddiaçıya əmlaka sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə məhdudiyyət yaratması, bu məhdudiyyətin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa qeyd edilməlidir ki, cavabdehlərdən heç birinin rəsmi qeydə alındığı yer Gəncə şəhəri Kəpəz Rayonunun ərazisində deyildir. İddiaçı hazırkı ərizəni müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yer üzrə vermişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələbə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı formal olaraq sahibliyin pozulmasına istinad etmiş, lakin bu pozuntunun nədən ibarət olmasını göstərməmişdir. İkinci növbədə qeyd edilməlidir ki, hətta sahibliyin pozulması halında belə hazırkı iddiaya müstəsna aidiyyət qaydaları tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi qanunvericilikdə mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və ya başqa qanuni sahibin hüquqlarının pozulması barədə iddianın daşınmaz əşyanın olduğu yer üzrə verilməsi nəzərdə tutulur. İddiaçının iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə iddiaçının artıq daşınmaz əşyanın mülkiyyətçisi olmadığı, beləliklə hazırkı iddianın mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olan pozuntuya görə verildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.6-cı maddəsinə əsasən müsadirə mülkiyyət hüququnun itirilməsinin növlərindən biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Beləliklə iddiaçıya məxsus olmuş əmlak qanuni qüvvəyə minmiş hökmə əsasən dövlət nəfinə müsadirə edildiyindən iddiaçının həmin daşınmaz əşyaya mülkiyyət hüququna istinad edərək əşyaya sahiblik hüququnun pozulması barədə iddianı daşınmaz əşyanın olduğu yer üzrə verməsi üçün əsas yoxdur. Bu iddiaya başqa aidiyyət qaydasının tətbiq edilməsi mümkün olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq cavabdehlərdən birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2, 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Zülfüqar oğlunun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «əmlakın üzərindən həbsin götürülməsi və əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar