Məhkəmə qərarları › İş №2(043)-4028/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-4028/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-4028/2021 29.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2626 manat məbləğində vurulmuş zərər və 46,26 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 2672,26 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ravon R3 Nexia” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobil 02.09.2019-cu ildən 02.09.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 02.09.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il fevralın 08-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Ravon R3 Nexia” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Kənar dairəvi yolunda “Nissan Sunny” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı BDYPİ-nin ENB POST 712 tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 10.02.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Nissan Sunny” markalı, **-LV- *** dövlət nömrə nişanlı avtomobilə 2626 manat məbləğində zərər dəymişdir. İddiaçı 03.03.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs İbrahimov Fikrət Yasəf oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. “İcbari Sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, “Ravon R3 Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən PXA ********** nömrəli şəhadətnamə ilə sığortalanmış, müqavilənin başlanma tarixi 02.09.2019-cu il müqavilənin qüvvədən düşmə müddəti isə 02.09.2019-cu il tarix göstərilmişdir. 10.01.2018-ci il tarixli, 6177/FX/CML-4846/2018 nömrəli sığorta aktının surətindən görünür ki, İbrahimov Fikrət Yasəf oğluna dəymiş zərərin ümumi həcmi 2626 (iki min altı yüz iyirmi altı) manat müəyyən edilmişdir. 08.02.2020-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh “Ravon R3 Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı olan avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin tarixli qərarla Cavabdeh nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati qaydada 40 manat tənbeh edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə arayışın surətindən görünür ki, avtonəqliyyat hadisəsi baş vermiş anda “Ravon R3 Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh 08.02.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda idarə etdiyi “Ravon R3 Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə qabağındakı avtomobilin arxasından toqquşaraq maddi ziyan dəyməsinə səbəb olmuşdur. “Avtomobillərin Texniki Xidmət Mərkəzi”-nin 10.02.2020-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Sunny” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2626 (iki min altı yüz iyirmi altı) manat məbləğində ziyan dəymişdir. 08.07.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 2626 manat məbləğində pul AZ75HAJC**********000008382 nömrəli debet hesaba köçürülmüşdür. “Sığorta Ödənişinin alınması üçün plastik ödəmə kartının” 28.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İbrahimov Fikrət Yasəf oğlu İBAN nömrəsi AZ75HAJC**********000008382 olan plastik kartı "xxxx" ASC-dən təhvil almışdır. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” haqqında AC № 850947 seriyalı vəsiqənin surətindən görünür ki, “Ravon R3 Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. 02.03.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş gün müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, “Ravon R3 Nexia” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə etmək üçün etibarnamə olmadan idarə edərək 08.02.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Nissan Sunny” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş və İbrahimov Fikrət Yasəf oğluna 2626 (iki min altı yüz iyirmi altı) manat məbləğində ziyan hesablanmış, hadisə DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında TP ******* nömrəli İnzibati Xəta haqqında qərar tərtib olunmuş və 40 manat cərimə edilmişdir. Dəymiş ziyan "xxxx" ASC tərəfindən 2626 (iki min altı yüz iyirmi altı) manat məbləğində müəyyən edilərək, həmin məbləğ 08.07.2021-ci il tarixli ödəniş tapşırığına uyğun olaraq zərər çəkən İbrahimov Fikrət Yasəf oğlunun bank hesabına ödənildiyindən, iddiaçının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 2626 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 46,26 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 2626 manat və məhkəmə xərci qismində 46,26 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2672,26 (iki min altı yüz yetmiş iki manat iyirmi altı qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar