Məhkəmə qərarları › İş №2(043)-407/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-407/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-407/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Cəmiyyətina qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək, “xxxx” ASC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volskwagen T5” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 350 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 370,40 manat (üç yüz yetmiş manat qırx qəpik) pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə idarə etdiyi digər Cavabdeh2 ATSC-yə məxsus olan “QAZ 322132” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami küçəsi ilə düzünə hərəkət edən zaman qarşıdan gələn “xxxx” ASC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volskwagen T5” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “QAZ 322132” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. İcbari sığortalar haqqında Qanunun 53.2-ci maddəsinə əsasən, “QAZ 322132” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi xx.xx.2016-cı il tarixdə hadisə zamanı “QAZ 322132” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 ATSC-nin mülkiyyətində olmuş və Cavabdeh1 tərəfindən istismar edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYP-nin X3 Haqqında Qərarında öz əksini tapmışdır. “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2016-cı il tarixli Aktına uyğun olaraq, “Volskwagen T5” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat ziyan dəymişdir. **********2 saylı sığorta müqaviləsinin 029722 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 100 manat azadolma məbləği çıxılmaqla 350 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 350 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, Cavabdeh2 X5 Cəmiyyətində uzun müddət fəaliyyət göstərmiş, həmin müəssisəyə məxsus avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2016-cı il tarixdə iddiada qeyd edilən yol nəqliyyat hadisəsini törətmişdir. Bununla bağlı barəsində X3 barədə qərar qəbul edilmişdir. Həmin vaxt idarə etdiyi avtomobil Cavabdeh2 ATSC-nin mülkiyyətində olduğundan, vurulan ziyana görə də o məsuliyyət daşımalıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Cavabdeh2 X5 Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA seriyalı, 226909 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ-322132” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 X5 Cəmiyyətidir. İş materiallarında olan İcbari sığorta Müqaviləsinə dair məlumatlardan görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin icbari sığorta müqaviləsi mövcud olmamışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsinin icbari sığorta şəhadətnaməsi” və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, “xxxx” ASC-yə məxsus avtomobillər, o cümlədən “Volskwagen T5” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə "İddiaçı Sığrota Şirkəti" ASC-də sığortalanmışdır. İş materiallarında olan “xxxx” tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli aktdan, xx.xx.2016-cı il tarixli sığorta aktından və xx.xx.2016-cı il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 ATSC-yə məxsus olan “QAZ 322132” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxx” ASC-yə məxsus olan və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Volskwagen T5” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə 450 manat maddi ziyan dəymiş, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat azadolma məbləği çıxılmaqla, sığorta ödənişi 350 manat sığortalının nümayəndəsinə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli X3 haqqında qərarın surətindən görünür ki, həmin tarixdə “QAZ-322132” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə olan subroqasiya qaydasında borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 Cavabdeh2 ATSC-də sürücü kimi fəaliyyət göstərmiş və həmin müəssisəsəyə məxsus “QAZ 322132” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. xx.xx.2016-cı il tarixdə həmin nəqliyyat vasitəsi ilə “xxxx” ASC-yə məxsus olan və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Volskwagen T5” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, həmin hadisənin baş verməsində Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Volskwagen T5” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat maddi ziyan dəymişdir. “xxxx” ASC ilə İddiaçı Sığorta Şirkəti ASC arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat azadolma məbləği çıxılmaqla, 350 manat sığorta ödənişi sığortalının nümayəndəsinə təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia irəli sürərək “xxxx” ASC-yə ödəmiş olduğu 350 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 digər Cavabdeh2 ATSC-də sürücü kimi fəaliyyət göstərmiş və həmin müəssisəsəyə məxsus “QAZ 322132” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında, həmin hüquqi şəxsin nəzarəti altında idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 936, 1099 və 1108-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehlərə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və rüsumun ödənilməsi üçün çəkilən bank xərci də cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumu və bank xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 X5 Cəmiyyəti və Cavabdeh1 350 (üç yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 20,40 manat (iyirmi manat qırx qəpik) pul müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar