Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4072/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurduğu maddi zərərin əvəzi kimi 3630 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, eləcə də iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində cavabdehin poçt ünvanı kimi “Gəncə şəhər, Kəpəz rayon, Natəvan qəsəbəsi” göstərilmişdir ki, həmin ünvan qeyri-müəyyən olduğundan cavabdehə məhkəmə bildirişinin çatdırılması mümkün deyildir. Poçt ünvanı elə bir şəkildə göstərilməlidir ki, xüsusi vasitələrdən istifadə edilmədən tərəflərin yaşadığı yeri müəyyən etmək, məhkəmə sənədlərini onlara çatdırmaq mümkün olmalıdır. İddia ərizəsində cavabdehin qeydiyyatda olduğu ünvan da göstərilməmişdir. Belə olan vəziyyətdə iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün verilib-verilmədiyini də müəyyən etmək mümkün olmur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin verilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 3630 manat maddi zərərin ödənilməsi ilə yanaşı, 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 12-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan vəziyyətdə, hazırki iddianın qiymətinin 13630 manat olduğu müəyyən edilir (3630 manat maddi zərər, 10000 manat mənəvi zərər). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəməyə verilən iddia ərizələrində iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun keçid müddəaları adlanan 2-ci maddəsinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsinin verilməsi üçün 130,89 manat dövlət rüsumu ödəməli olduğu halda, 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra İddiaçı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-4072/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4072/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver