Məhkəmə qərarları › İş №2(043)-437/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-437/2022

15.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-437/2022 15.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərər kimi 100000 manat, maddi ziyan kimi isə 26 iyul 2018-ci il tarixdən 16 dekabr 2019-cu il tarixədək məhrum olduğu əmək haqqına görə 4500 manat kompensasiyanın hesablanaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına Cavabdeh vasitəsi ilə ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 26 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq tutulmuşdur. 31 iyul 2018ci il tarixdə Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri isə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə barəsində olan həbsdə saxlama müddəti 29.03.2019-cu ilədək uzadılmışdır. 26 yanvar 2019-cu il tarixdə yenidən həmin maddələrlə ittiham elan olunmuş, 05.02.2019-cu il tarixdə barəmdə həmin maddələrlə ittiham aktı təsdiq olunaraq iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmü ilə təqsirsiz olduğu üçün ona bəraət verilmiş, barəsində olan həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Həmin hökmdən apelyasiya protesti verilmiş və Gəncə Apelyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi o, istintaq orqanı tərəfindən qanunsuz otaraq tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 1 il 4 ay 20 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İstintaq orqanı onu ona məlum olmayan səbəblərdən qanunsuz olaraq tutmuş, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 26 iyul 2018-cı il tarixdən, 16 dekabr 2019-cı il tarixinə kimi heç bir əsas olmadan istintaq təcridxanasında saxlanılmışdır. Bu azmış kimi barəmdə bəraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən protest verildiyi üçün barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində həm özü, həm də ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmışdır. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində mənə qarşı yol verilən qanunsuz hərəkətlər yetkinlik yaşına çatmadığı müddətdə baş vermişdir. Həmin müddət həbsdə saxlanılmağı azmış kimi valideynləri barəsində aparılan istintaq hərəkətlərinə cəlb edilməmiş, uzun müddət onlarla əlaqəsi olmamışdır. Eyni zamanda istintaq zamanı fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Bir şəxsiyyət kimi formalaşdığı, müstəqil həyata yenicə can atdığı, öz həyatını qurmaq, təhsil, karyera, gələcək ailə həyatı kimi həyatının önəmli addımları barədə düşündüyü bu barədə arzu və xəyallar qurduğu bir vaxtda bütün bu baş verənlər ciddi psixoloji sarsıntı keçirməyinə səbəb olmuş, gözləmədiyi anda bütün həyatının məhv olması təhlükəsi ilə onu üz-üzə qoymuşdur. Məhkəmənin barəsində ədalətli qərarı olmayacağı təqdirdə daha ağır nəticələrə hazır olmalı idi. Bütün bu fikir və düşüncələr ciddi mənəvi sarsıntı keçirməyimi, daxili izitrab, işgəncə çəkməyinə səbəb olmuşdur. Buna görə də nəticədə ona dəymiş mənəvi ziyanı 100000 manat, maddi ziyanı isə 4500 manat məbləğində qiymətləndirir. Belə ki, istintaq orqanının qanunsuz əməli nəticəsində ona həmçinin maddi ziyan dəymişdir. Əgər qanunsuz həbs edilməsəydi əmək fəaliyyətinə başlayacaqdı. Məhkəmə hökmləri ilə də müəyyən edilmişdir ki, həqiqətən də tutlduğu tarixdən 4 gün əvvəl Gəncə şəhərində fəaliyyət göstərən "Park House" kafesində qəlyançı kimi işə başlamışdır. İlk bir neçə gün işəgötürən tərəfindən sınaq müddəti kimi müəyyən olunmuşdu və bacardığım təqdirdə daimi olaraq işə götürüləcəkdi. Məhz işinin ilk günlərində qanunsuz tutulmağı əmək fəaliyyətini davam etdirməyə maneə olmuşdur. Bu səbəbdən də hesab edirəm ki, qanunsuz həbsdə qaldığım müddət üçün mənə orta aylıq əmək haqqı məbləğində kompensasiya hesablanaraq ödəmilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı iddia ərizəsində maddi ziyana görə həbsdə olduğu müddət ərzində məhrum olduğu əməkhaqqının hesablanaraq ödənilməsini və mənəvi ziyana görə isə 100.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Hesab edir ki, həmin məbləğ Maliyyə Nazirliyindən tələb oluna bilməz. Belə ki, iddiaçı qeyd olunan iddiasını ona qarşı qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxsə qarşı qaldırmalı və pulu ondan tələb etməlidir. Bundan başqa iddia həm də ona görə əsassızdır ki, iddiaçı ona dəyən maddi və mənəvi zərərin məbləği ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki sübut etmə vəzifəsi onun üzərinə düşür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə maddi, 100.000 manat isə mənəvi zərərə məruz qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin qüvvədə olan 16.12.2019-cu il tarixli, 1(100)-110/2019 nömrəli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmiş, 29 iyul 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 31 iyul 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan seçilmiş, həmin məhkəmənin qərarları ilə həbsdə saxlama müddəti uzadılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qüvvədə olan 16.12.2019-cu il tarixli, 1(100)- 110/2019 nömrəli hökmünün nəticə hissəsindən görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələri ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş, həmçinin ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 1(104)- 89/2020 nömrəli qərarının nəticə hissəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3–cü maddələri ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 1(100)-110/2019 nömrəli hökmü dövlət ittihamçısının apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iddiaçının izahatının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 29.07.2018-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində 31.07.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilmişdir. İddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinin qüvvədə olan 16.12.2019–cu il tarixli, 1(100)– 110/2019 nömrəli hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmişdir. Bununla da iddiaçı qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, 1 il 4 ay 20 gün müddətə həbsdə saxlanması, məhkəməyə verilməsi və bununla bağlı və apelyasiya instansiyası məhkəməsində işə baxılması ilə əlaqədar ümumilikdə 1 il 7 ay 14 gün müddətə cinayət təqibinə məruz qalması nəticəsində həm maddi, həm də mənəvi ziyana məruz qalmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin qüvvədə olan 16.12.2019–cu il tarixli 1(100)–110/2019 nömrəli bəraət hökmünün tədqiqi nəticəsinə əsaslanaraq qənaətə gəlir ki, iddiaçının qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi, o cümlədən onun 1 il 7 ay 14 gün cinayət təqibinə məruz qalması nəticəsində iddiaçıya dəyən ziyan ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56–cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 61.1–ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2–ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Məhkəmə, iddiaçının hüquqlarının pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququnun qüvvədə olan bəraət hökmündə tanındığından, həmin halı işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir, lakin iddiaçıya dəymiş maddi və mənəvi ziyanın məbləği ilə bağlı qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı qanunsuz həbsdə qaldığı müddət ərzində məhrum olduğu əmək haqqı gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının həbsə alınmamışdan əvvəl qazancının və gəlirlərinin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də iddiaçıya 4500 manat məbləğində maddi ziyan dəyməsi ilə bağlı iddiaçının tələbi məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, məhkəmə iddiaçının rəsmi iş yerinin və qazancının olmamasına, həmçinin iddiaçıya dəymiş ziyanın tələb etdiyi məbləğdə sübut edilməməsinə istinad edərək, bütövlükdə iddianın rədd edilməsini işin həqiqi hallarına uyğun hesab etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həbsdə saxlanmış, məhkəməyə verilmiş, ən başlıcası isə uzun müddət müddətə cinayət təqibinə məruz qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində həm maddi, həm də mənəvi ziyan dəymişdir. Halbuki, iddiaçı tutulduğu vaxtadək əmək qabiliyyətli olmuş, fərdi qaydada qeyri–rəsmi də olsa işləmişdir. Çünki həmin vaxtadək ailəsinin maddi cəhətdən məhz iddiaçı təmin etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı həbsə alınmamışdan əvvəl yaşadığı Gəncə şəhəri ərazisində hər ay muzdlu əməklə məşğul olan başqa şəxslər kimi minimum əmək haqqı miqdarında gəlir əldə etmək iqtidarında olmuşdur. İddiaçı həbsdə qalması nəticəsində məhz həmin gəlirdən məhrum olmuşdur. Ona görə də iddiaçıya dəymiş maddi ziyanın məbləği, onun barəsində olan cinayət işinə baxılıb yekunlaşdığı axırıncı il olan 2020-ci il üçün minimum aylıq əmək haqqının qanunsuz həbsdə qaldığı aylara vurulması yolu ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçıya dəymiş maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçı şübhəli və təqsirləndirilən şəxs qismində 1 il 4 ay 20 gün həbsdə saxlanmışdır. Həmin müddətdə iddiaçı 17 aylıq əmək haqqından məhrum olmuşdur. Ona görə də iddiaçıya 26.07.2018–ci il tarixdən 16.12.2019–cu il tarixədək minimum aylıq əmək haqqı məbləği nəzərə alınmaqla, ona 4250 manat maddi ziyan dəyməsinin müəyyən edilməsi qanuni əsaslı və ədalətlidir. Belə olan halda iddiaçıya dəymiş maddi ziyanın məbləği 4250 manat məbləğində müəyyən edilməli və iddiaçıya 4250 manat məbləğində pul kompensasiyası verilməklə, ona vurulmuş ziyanın əvəzi tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 58.1–ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2–ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 63–cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 6–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5–ci maddəsinin 1–ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 –ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanın cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində baş verməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub–olmaması və ya bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı 1 il 4 ay 20 gün müddət ərzində həbsdə olmaqla mənəvi zərərə məruz qalmışdır. Başqa sözlə iddiaçı qanunsuz və əsassız olaraq uzun müddət cinayət təqibinə məruz qalması nəticəsində ona maddi ziyanla bərabər, mənəvi ziyan da vurulmuşdur. Həmin halın aradan qaldırılması, yəni iddiaçının pozulmuş hüququnun bərpa olunması, vurulmuş mənəvi ziyana görə pul kompensasiyası ödənilməsi yolu ilə mümkündür. Belə olan halda məhkəmə iddianın mənəvi zərərə görə 100000 (yüz min) manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının barəsində mənfi fikrin formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş, onun haqqında mənfi fikir formalaşmış, yəni onu tanıyan şəxslərin hamısı ondan qaçmış və onu narkotik vasitə satıcısı o cümlədən kriminal şəxs kimi qınamışdır. Bununla da iddiaçıya mənəvi ziyan dəymişdir. Eyni zamanda iddiaçı cinayət təqibinə məruz qalmaqla həbsdə olduğu müddətdə yaxınlarından uzaq düşmüş, onun azadlığı məhdudlaşmışdır “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7–ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui–istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsinin 1–ci, 2– ci və 4–cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”mn müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddianın mənəvi zərərə görə 100000 (bir yüz min) manat məbləğində pul tələbinə dair hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində iddiaçının qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi, o cümlədən onun qanunsuz və əsassız olaraq uzun müddət cinayət təqibinə məruz qalması, şübhəsiz ki, iddiaçının şəxsi keyfiyyətləri, yaşayış yerində onu tanıyan şəxslər arasında təşəkkül tapmış şəxsi keyfiyyətləri ilə bir araya sığmadığına görə onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı uzun müddət qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qaldığı üçün yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan, eləcə də kriminal şəxs kimi tanınmış və ictimaiyyət tərəfindən qınanmışdır. Ona görə də iddiaçı mənəvi zərərə məruz qalmışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 100000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı və fizki iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçı tələb etdiyi məbləğdə mənəvi zərərə məruz qalmasına dair əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın hüquqa zidd hərəkətlərinin təhlükəlilik dərəcəsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərər vuran şəxsin həmin hərəkətləri törətməkdə təqsirli olması, habelə iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, onun qanunla qorunan hüquqlarının pozulması ilə müşayiət olunsa da, iddiaçı tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının hərəkətlərinə hüquqi qiymət verilmiş və onun barəsində bəraət hökmü çıxarılmışdır. Bu hal isə iddiaçının təqsirsiz olmasını, onun qanunsuz olaraq cinayət təqibinə məruz qalmasını göstərir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində onu tanıyan şəxslər arasında nüfuzdan düşməsi, sonradan onun barəsində bəraət hökmünün çıxarılması və ona maddi zərərə görə kompensasiya verilməsi yolu ilə pozulmuş hüquqlarının bərba olunması mümkündür. İddiaçının mənəvi iztirab və sarsıntı çəkməsi ilə əlaqədar olaraq məruz qaldığı mənəvi zərər isə cavabdehin 2500 manat məbləğində təzminat ödəməsi yolu ilə aradan qaldırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi mənəvi zərərin 100000 (bir yüz min) manat məbləği onun keçirdiyi iztirab və sarsıntının xarakterinə adekvat deyildir. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, tərəflərin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 2500 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və iddiaçıya vurulmuş mənəvi zərərə görə 2500 manat məbləğində kompensasiya ödənilməlidir. Odur ki, məhkəmə məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə 4250 manat, mənəvi zərərə görə 2500 manat olmaqla cəmi 6750 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsisin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia qismən təmin edilsin. Bəraət almış İddiaçı Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 6750 (altı min yeddi yüz əlli) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar