Məhkəmə qərarları › İş №2(043)-49/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-49/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-49/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ışraq̇ qapının bağlanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun pəncərəsinin yanında açılmış qapının bağlanmasına və sxemə uyğun olaraq əvvəlki yerinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, N.Nərimanov prospekti, 7-ci dölmə, 24 nömrəli fərdi yaşayış evi qızı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının qonşusudur, həyətləri ümumidir (onlardan başqa həyətdə daha iki ailənin evi vardır). Bundan əvvəl cavabdeh qızına məxsus evin pəncərəsinin qarşısında olan dalanın üstünü örtüb onun evini qaranlığa qərq etdiyindən, qızı məcburiyyət qarşısında qalıb cardağın sökülməsi üçün məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı evinin çıxışında cavabdeh tərəfindən inşa edilmiş çardağın sökülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh vəziyyəti belə görüb, bu dəfə evinin çıxış qapısının yerini dəyişdirib, iddiaçının evinin pəncərəsinə yaxınlaşdırmışdır. Bunun nəticəsində həmin qapıdan girib-çıxan şəxslər iddiaçının evinin içərisini görür evinə xoşa gəlməz iy və səs-küy daxil olur. Bununla da iddiaçı evinin içərisində sərbəst ola bilmir və evindən dinc istifadə edə bilmir. Ona görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-513/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı pəncərənin qarşısında tikilmiş çardağın sökülməsi tələbinə dair iddiası təmin olunaraq Cavabdeh tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 24 saylı evdə inşa edilmiş çardağın sökülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 7-ci dölmə, 24 nömrəli fərdi yaşayış evi X6 İnventarlaşdırma bürosu tərəfindən kerilmiş qeydiyyat vəsiqəsinə əsasən X1 xüsusi mülkiyyətindədir. (iddiaçı həmin qeydiyyat vəsiqəsinin çıxarış alınması məqsədi ilə Gəncə «ASAN xidmət» mərkəzinə təqdim edildiyini bildirmişdir) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1720 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 7-ci dölmə, 24 nömrəli fərdi yaşayış evinə bitişik Cavabdeh tərəfindən açılmış giriş-çıxış qapısının yerinin dəyişdirilməsi ilə bağlı mülki iş materialında müvafiq icazə sənədlərinin olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarının 4.1 və 4.2 bəndlərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. xx xxxx 2021-ci il tarixdə məhkəmə tərəflərin iştirakı ilə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 7-ci dölmə, 24 nömrəli fərdi yaşayış evinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının evinə bitişik olan və Cavabdeh istifadəsində olan evin giriş çıxış qapısının əvvəlki yeri dəyişdirilərək təxminən 2 metr qabağa çəkilərək iddiaçıya məxsus evin pəncərəsinin önündə quraşdırılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla iddiaçıya məxsus evin pəncərəsinin önündə Cavabdeh tərəfindən açılmış giriş-çıxış qapısı bağlanaraq əvvəlki vəziyətinə qaytarılmalıdır. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 7-ci dölmə, 24 nömrəli ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin pəncərəsinin önündə Cavabdeh tərəfindən açılmış giriş-çıxış qapısı bağlansın və əvvəlki vəziyətinə qaytarılsın. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar