Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-50/2021 15.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızının iştirakları ilə, İddiaçı cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızına qarşı “evin tikintisinə çəkilmiş xərclərin ümumi dəyərinin müəyyən edilməsi, müəyyən edilmiş xərcin yarısının ona aid edilməsi və həmin xərcin cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın alınmasına və evin tikilməsinə çəkilmiş ümumi xərcin 50000 (əlli min) manat müəyyən edilməklə, həmin xərcin yarısının cavabdehdən alınaraq ona verilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək iddia tələbininin torpağın alınmasına dair çəkilmiş xərcləri tələb etmədiyini bildirmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.1999-cu il tarixdə el adəti ilə toy edib faktiki ailə qurmuşlar, nikahlarını nikahlarını xx xxxxxx 1999-cu il tarixdə Kəpəz rayon VVADQ şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2000-ci ildə Süleyman və xx.xx.2002-ci ildə Esmira adlı uşaqları anadan olmuşdur. Onlar əvvəllər Gəncə şəhəri Sadıllı qəsəbəsində yerləşən onun anasına məxsus həyət evində yaşamışlar. Ailələrində olan narazılıqlardan sonra xx.xx.2006-cı il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, bir otaqlı, ümumi sahəsi 42.8 kv.m, yaşayış sahəsi 17.9 kv.m olan mənzili almışlar. Bundan sonra aralarında narazılıq yarandığına görə, o, boşanmaya dair məhkəmədə iddia qaldırmış,Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra qısa bir müddət ərzində yenidən barışaraq bir ailədə yaşamışlar. Əldə etdikləri həmin bir otaqla mənzil darısqal olduğu üçün 2008-ci ildə həmin mənzili 32.000 (otuz iki min) manata satıb, həmin 32.000 (otuz iki min) manatın 10.000 (on min) manatına Göygöl rayonu Üçtəpə kəndində 0,7 ha boş torpaq sahəsi almışlar. Yay aylarında həmin torpağın qonşuluğunda yerləşən qonşuya məxsus yarımçıq tikiliyə köçmüşlər, 3 ay müddətində evin bir otağını natamam olsa da hazırlayıb orada yaşamışlar. Sonra təqribən 5-6 il müddətində evin digər hissələrini hissə-hissə tikib başa çatdırmışlar. Evin ilkin tikintisi üçün mənzilin satışından əldə etdikləri qalıq 22.000 (iyimri iki min) manatı xərcləmişlər. Bundan sonra evin tikintisində görülmüş işlərin bir qismi onun özünün fiziki əməyi hesabına, bir qismi isə ailənin ümumi büdcəsinin gəliri hesabına aparılmışdır. Evin ölçüsü 12 x11 kv.m-dir. Kürsülü olmaqla, 3 yaşayış otağı və qeyri- yaşayış sahəsindən ibarətdir. Yaşayış üçün tam yararlı olmaqla, müasir üsulda təmir edilmişdir. 2015-ci ildə ev işləri bütöv qurtardıqdan sonra, təqribən 1 il birlikdə yaşamışlar. Ondan sonra cavabdehlə münasibətləri tamam pozulmuş və evdən çıxmışdır. O, cavabdehdən ümumi evin satılıb, payının ödənilməsini, yaxud payın əvəzində ona pul ödənilməsini tələb etsə də, cavabdeh onun cəkdiyi xərcləri verməkdən imtina etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi qeyri qanuni və əsassızdır. Belə ki, iddiaçı ilə 1999-cu ildə rəsmi nikaha daxil olmuşlar.Birgə nikahdan iki övladları anadan olmuşdur. Aralarında narazılıqlar yarandığı üçün qaynatası belə qərara gəlmişdir ki, onun gəlin köçdüyü ikimərtəbəli evi satsın və onun payına bir otaqlı ev alıb onlara verilsin. Qaynatası iki mərtəbəli evini satıb, onlara bir otaqlı mənzil almışdır. Həmin bir otaqlı mənzili alarkən nikahları pozulmamışdır. Həmin bir otaqlı mənzili 2006-cı ilin yanvar ayında alqı-satqı yolu ilə almışlar, nikahları isə 2006-cı ilin aprel ayında pozulmuşdur. nikahları pozulandan sonra həmin bir otaqlı mənzili 2008-ci ildə 32.000 manata satıb həmin pulun 10 000 manatına Göygöl rayonu Üçtəpə kəndindən 0,7 ha torpaq sahəsi almışlar qalan 22000 manatını isə evin tikintisinə xərcləmişlər. Ev tikilərkən və təmir olunarkən onlar qeyri-rəsmi barışmışlar. İddiaçı evin tikintisində uşaqların atası kimi iştirak edib, onun tərəfindən və ya valideynləri tərəfindən verilən vəsait hesabına ayrı-ayrı tikinti materialları alınmasında ona köməklik etmişdir. İddiaçı ilə 2015-ci ildən hal-hazıra kimi ayrı yaşayırlar. İddiaçının mübahisəli evdə heç bir haqqı olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh əlavə olaraq məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd olunmasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2006-ci il tarixli, 4Ə-01-51 reyestr nömrə ilə Gəncə şəhəri 7 saylı dövlət notariat ofisində təsdiq edilmiş AN- İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili alıcı Cavabdeh almışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-425/06 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx xxxxxx 1999-cu tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1722 nömrəli rəyindən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində 0,07 ha torpaq sahəsində inşa edilmiş yaşayış evində aparılmış tikinti-təmir işlərinin halhazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 26634,4 manat məbləğində müyyən olunur. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 1999-cu il tarixdə ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2006-cı il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsi, 4-cü döngədə yerləşən 8 nömrəli binanın 38 nömrəli mənzilini alıq-satqı yolu ilə almışlar. xx.xx.2006-cı il tarixdə tərəflərin nikahı pozulmuş, bir müddət ayrı yaşadıqdan sonra barışaqar birgə yaşamışlar. Birgə nikah dövründə əldə etdikləri mənzili 2008-ci ildə 32000 manat dəyərində sataraq əldə olunmuş 32000 manat vəsait hesabına Göygöl rayonu, Üçtəpə kəndində 0,07 ha torpaq sahəsi alaraq həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Aralarında olan ailə münasibətləri baş tutmadığından iddiaçı 2016-cı ildən həmin evdən çıxmışdır. İddiaçı iddia etmişdir ki, mübahisələndirilən evi birgə nikah dövründə əldə etdikləri mənzilin satışından əldə olunmuş vəsait hesabına və əlavə olaraq ailələrinin ümumi büdcəsinin gəliri hesabına habelə tikinti işlərinin aparılması üçün bəzi işlər onun şəxsi əməyi hesabına aparılmışdır. Cavabdeh də məhkəmə iclasında birgə nikah dövründə əldə etdikləri mənzilin 2008-ci ildə 32000 manat dəyərində satılmasını əldə olunmuş 32000 manat vəsait hesabına Göygöl rayonu, Üçtəpə kəndində 0,07 ha torpaq sahəsi alaraq həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsini göstərsə də iddiaya qarşı etiraz edərək iddiaçının mübahisəli evin tikintisində uşaqların atası kimi iştirak etdiyini, onun tərəfindən və ya valideynləri tərəfindən verilən vəsait hesabına iddiaçının ayrı-ayrı tikinti materiallarının alınmasında ona köməklik etdiyini göstərmişdir. Göründüyü kimi tərəflərin nikahları pozulduqdan sonra birgə nikah dövründə əldə etdikləri mənzili satarkən iddiaçı cavabdehlə yenidən barışdığı üçün mənzilin satışından ona çatası məbləği yenidən cavbdehlə birlikdə aldıqları torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa etdikləri fərdi yaşayış evinin tikintisinə sərf etmişdir. Həmin fərdi yaşayış evi rəsmi reystrdə qeydiyyata alınmadığından və nikahları pozulduğu üçün iddiaçı payının müəyyən edilməsini və naturada bölünməsini əldə edə bilmədiyindən cavadehdən çəkilmiş xərclərə görə pulunu tələb etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə bağlı göstərdiyi dəlilə qiymət verərək qeyd edir ki, iddiaçının tələb etdiyi pul vəsaiti onun əmlakı olmaqla, ümumi iddia müddəti on il müəyyən olunduğundan və aralarında olan münasibətlər 2016-cı il tarixədək davam etdiyi üçün cavabdehin göstərdiyi dəlil iddianın rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab edilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən fərdi yaşayış evinin tikintisi üçün xərclənmiş pulun yarısı iddiaçının əmlakı hesab edilməli və mülkiyyət hüququnun tanınması qaydalarına uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin nikah dövründə əldə etdiyi qazanca aid olan və mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 26639,4 manat pulun yarısı yəni 13319,7 (on üç min üç yüz on doqquz manat 70 qəpik) manat pul cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızından alınaraq İddiaçı ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızından 13319,7 (on üç min üç yüz on doqquz manat 70 qəpik ) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Şükürüllahi (Əsgərova) Sevinc Vəli qızından tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) aymüddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-50/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-50/2021
15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver