Məhkəmə qərarları › İş №2(043)-67/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-67/2020

17.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-67/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildəki paya kompensasiya ödənilməklə xitam verilməsi və ya mənzilin açıq hərracda satılmaqla əldə olunmuş pulun bölünməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət hüququ ilə ona və X4 məxsus, Gəncə şəhərinin Kəpəz rayonunun Üzeyir Hacıbəyov küçəsində, 3-cü döngədə yerləşən 13 nömrəli evin paylarına uyğun olaraq real bölgüsündə razılığa gələ bilmədiklərinə görə mülkdəki paylarının dəyərinə görə ya cavabdehə, ya da ona pul ödənilməklə paylarına xitam verilməsi və ya mənzilin açıq hərracda satılmaqla pulun paylarına uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, Gəncə şəhərinin Kəpəz rayonunun Üzeyir Hacıbəyov küçəsində, 3-cü döngədə yerləşən 13 nömrəli ev paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə onun, 1/2 hissədə Şahin Seyidovun adınadır. Mülkdə real bölgü aparılmasına dair cavabdehlə aralarında mübahisə yarandığından, mübahisəyə son qoyulması üçün mülkdəki paylarının dəyərinə uyğun ya cavabdehin ona, ya da onun cavabdehə pul ödənilməsini, bu da mümkün olmadıqda mülkün açıq hərracdan satılaraq satış pulunun aralarında paylarına mütənasib surətdə bölüşdürülməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və paylı mülkiyyətçi olan X3 öldüyünü və ondan qalan mirası mərhumun arvadı Cavabdeh qəbul etdiyini bildirdi. İş materiallarında olan, X3 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, paylı mülkiyyət hüququ ilə ona və iddiaçıya məxsus Gəncə şəhərinin Kəpəz rayonunun Üzeyir Hacıbəyov küçəsində, 3-cü döngədə yerləşən 13 nömrəli evin mümkün olduğu təqdirdə naturada bölünməsini, bu mümkün olmadıqda isə açıq hərracda satılmaqla pulunun paylarına uyğun bölünməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etdiyini bildirərək iddiaçının payına kompensasiya ödəməyə imkanı olmadığından mənzilin açıq hərracdan satılıb satış pulunun mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mülk paylı mülkiyyət hüququ üzrə İddiaçı adına 1/2 hissə, X3 adına 1/2 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 27203 nömrəli ekspert rəyinə əsasən yuxarıda göstərilən ünvanda yerləşən evin təcrid mənzil şəklində 2 hissəyə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Müvafiq ekspert rəyinə əsasən evin texniki cəhətdən bölünməsi mümkün deyil. İddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehdən ödənilməsini tələb etsə də, cavabdeh tələb olunan dəyərin ödənilməsindən imtina etmişdir. Odur ki, mübahisəli ev açıq hərracdan satılmalı və əldə olunan pul paylarına mütənasib surətdə 1/2 hissə İddiaçı və 1/2 hissə Cavabdeh arasında bölünməlidir. Beləliklə, məhkəmə, şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikasы Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin edilsin. Gəncə şəhərinin Kəpəz rayonunun Üzeyir Hacıbəyli küçəsində, 3-cü döngədə yerləşən 13 saylı evi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul İddiaçı 1/2 hissə və Cavabdeh 1/2 hissə paylarına mütənasib surətdə onlar arasında bölüşdürülsün. Qətnamənin icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar