Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-672/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi idarəsinə qarşı paylı mülkiyyətdə olan payının naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngə 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi paylı mülkiyət hüququ üzrə torpaq sahəsinin 1/6 hissədə payının naturada bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, məhkəmədə iddia qaldıraraq babasından miras qalmış Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyov küçəsi 3-cü döngə ev 2a saylı mülkə dair çıxarışın etibarsız hesab edilməsi və payının tanınmasını xahiş etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1292/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək mülkə dair çıxarış etibarsız hesab edilmiş və Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyov küçəsi 3-cü döngə 2 saylı evə 1/6 hissədə payı müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə müraciət etmişdir və həmin İdarə tərəfindən ona ********** saylı çıxarış verilmişdir. Çıxarışda onun payı 1/6 hissədə müəyyən edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-146/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək fərdi yaşayış evinə dair 1/6 hissədə payı naturada bölünsə də paylı mülkiyətində olan torpaq sahəsi naturada bölünməmişdir. Cavabdehlə torpaq sahəsinin naturada bölünməsi barədə öz aralarında qarşılıqlı razılığa gələ bilmədikləri üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını və iş üzrə ekspertiza xərcinin ona aid edilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ƏMDX-in Gəncə ərazi idarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdeh ƏMDX-in Gəncə ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş:- 30.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evinin 0,1042 ha torpaq sahəsi ilə birlikdə 1/6 hissəsi İddiaçı mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2(043)-146/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evinin iddiaçı X1 1/6 hissədə payına uyğun olaraq D literli tikilinin 17,0 kv/m olan yaşayış otağı və həmin yaşayış otağının qarşısındakı yardımçı tikilinin 1,45 kv/m hissəsi İddiaçı istifadəsində saxlanılmaqla təcrid şəkildə bölünmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli, 10/597 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evinin 0,1042 ha torpaq sahəsini tərəflərin 1/6 və 5/6 paylara uyğun şəkildə iki hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evinin 0,1042 ha torpaq sahəsini faktiki olaraq 1/6 və 5/6 hissədə paya uyğun şəkildə bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq torpaq sahəsinin bölgüsünə dair əlavə işlərin aparılmasına zəruriət yaranmır. İddiaçı tərəfindən 12,8 metr enində 13,5 metr uzunluğunda torpaq sahəsinin digər torpaq sahəsindən dəmir hasarla ayrıldığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi onun paylı mülkiyyətində olmaqla digər payçılarla paylarının naturada bölünməsi barədə razılığa gələ bilməmişlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar hazırki işdə mövcud olmaqla bu hallar Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq iddianın təmin edilməsi üçün əsaslı olduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən paylı mülkiyyət hüququ üzrə 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/6 hissəsi payına uyğun olaraq İddiaçı faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünməlidir. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən, paylı mülkiyyət hüququ üzrə 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/6 hissəsi İddiaçı payına uyğun olaraq faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünsün. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-672/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-672/2021
05.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver