Məhkəmə qərarları › İş №2(043)-708/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-708/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-708/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə vurulmuş ziyana görə ödənilmiş 5000 (beş min) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "MAZ-54323" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı yük maşını "AZSİĞORTA ASC-də 11.01.2017-ci il tarixdən 15.03.2018-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh etibarnamə olmadan idarə etdiyi "MAZ-54323" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə 27.10.2017-ci il tarixdə Bakı-Quba yolunda hərəkətdə olarkən manevr qaydalarını pozub, yol-nəqliyyat hadisəsi törədib, yolun ortasında olan məhəccərə çırpılaraq "xxxx" ASC-yə 5152 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Azərbaycan Respublikası DİN BDYPİ tərəfində qeydə alınmış, cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə İXP ******* nömrəli, 28.11.2017-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC "xxxx" ASC-yə vurulmuş maddi ziyana görə 5000 manat məbləğində sığorta ödənişi etmişdir. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında AD 408929 nömrəli şəhadətnaməyə əsasən "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə avtomobilin sahibinə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikasının "İcbari Sığortalar Haqqında Qanunun" 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə_və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulmuş zərərə görə sığorta həcmində, 5000 manat məbləğində ödəniş edildiyinə görə "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranır. İddiaçı ASC məhkəməyə ərizə göndərərək, nümayəndələrinin iştirakı olmadan iddia tələbləri üzrə işə baxılaraq, iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə prosesinin keçirilərək mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, etibarnamə olmadan idarə etdiyi "MAZ-54323" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə 27.10.2017-ci il tarixdə Bakı-Quba yolunda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədib, idarə etdiyi nəqliyyat vasitəsinin təkəri partladığından yolun ortasında olan məhəccərə çırpılaraq "xxxx" ASC-yə maddi ziyan vurmuşdur. Hadisə Azərbaycan Respublikası DİN BDYPİ tərəfində qeydə alınmış və o, Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək inzibati xəta haqqında qərarla 40 manat məbləğində cərimə olunmuşdur. Lakin bundan sonra onun tərəfindən "xxxx" ASC-yə vurulmuş maddi ziyan onun tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 05.12.2017-ci il tarixli arayışının surətindən görünür ki, 27.11.2017-ci il tarixdə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometrində Maz 54323 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilən yol nəqliyyat hadisəsi zamanı, dövlət vəsaiti hesabına inşa edilmiş həmin yol təsərrüfatına 5152 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” haqqında elektron sistemdən çıxarılmış çıxarışın surətindən görünür ki, “Maz 54323” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmış, müqavilənin başlanma tarixi 15.03.2017ci il müqavilənin qüvvədən düşmə müddəti isə 15.03.2018-ci il tarix göstərilmişdir. İş materiallarında olan “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” haqqında AB № 208530 seriyalı vəsiqənin surətindən görünür ki, “Maz 54323” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş, AZ-İ seriyalı, 602897 nömrəli ölüm haqqında şəhadətnamənin sürətində görünür ki, X2 17.01.2013-cü ildə “Hemorragik insult” xəstəliyindən Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 01 ayının 18 günündə № 77 ilə qeyd edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə arayışın surətindən görünür ki, avtonəqliyyat hadisəsi baş vermiş anda “Maz 54323” markalı, **- CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh 27.10.2017-ci il tarixdə Bakı-Quba yolu 105-ci kilometrliyində idarə etdiyi “Maz 54323” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə yolun ortasındakı məhəccərə çırpılaraq maddi ziyan dəyməsinə səbəb olmuşdur. İş materiallarında olan 08.11.2017-ci il tarixli, İXP ******* nömrəli protokol qərarın surətindən görünür ki, Cavabdeh “Maz 54323” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı olan avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin tarixli qərarla Cavabdeh nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati qaydada 40 manat tənbeh edilmişdir. İş materiallarında olan 10.01.2018-ci il tarixli, 6177/FX/CML-4846/2018 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC-nə dəymiş zərərin ümumi həcmi 5000 manat müəyyən edilmişdir. İş materillarında olan 12.01.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul "xxxx" ASC-nə ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agetliyinin 12 iyul 2021-ci il tarixli, 3/09-4913 saylı məktubunda göstərilmişdir ki, 27 noyabr 2017-ci il tarixində, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometrində, "MAZ-54323" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 80 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5152,00 (beş min yüz əlli iki) manat məbləğində ziyan vurulması barədə “X3 Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 05 dekabr 2017-ci il tarixli ziyan arayışı tərtib edilmişdir. Vurulmuş ziyanın ödənilməsi məqsədilə 06 dekabr 2017-ci il tarixli, 3/02-7784 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuşdur. Bununla əlaqədar 12 yanvar 2018-ci il tarixində vurulmuş ziyanın 5000 (beş min) manatı “Azsığorta" ASC tərəfindən Agentliyə ödənilmişdir. Eyni zamanda qeyd edirik ki, sözügedən hadisə ilə əlaqədar Cavabdeh Agentliyə hər hansı bir məbləğdə vəsait ödənilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “Maz 54323” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə etmək üçün etibarnamə olmadan idarə edərək 27.10.2017-ci il tarixdə Bakı-Quba yolunun 105-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində yolun ortasında olan məhəccərə çırpılaraq yolun 80 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5152,00 (beş min yüz əlli iki) manat məbləğində ziyan hesablanmış, hadisə DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli İnzibati Xəta haqqında protokol qərarı tərtib olunmuş və 40 manat cərimə edilmişdir. Dəymiş ziyan İddiaçı ASC tərəfindən 5000 (beş min) manat məbləğində müəyyən edilərək, həmin məbləğ 12.01.2018-ci il tarixli ödəniş tapşırığına uyğun olaraq zərər çəkən "xxxx" ASC-nin bank hesabına ödənildiyindən, iddiaçının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30.40 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödəniş məbləği və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar