Məhkəmə qərarları › İş №2(043)-785/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-785/2022

16.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-785/2022 16.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialına qarşı “cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş tələbin ləğvi və təmin olunmaması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə- Daşkəsən Regional filialına qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş tələbin ləğvi və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, aztəminatlı ailə olaraq 01.05.2020-ci il tarixdən 01.12.2021-ci il tarixədək 136 manat məbləğində sosial yardım almışdır. Ancaq heç bir səbəb olmadan cavabdeh müvəqqəti oğlu ilə birlikdə yaşadığı ünvan 1 ünvanında monitorinq keçirmişdir. Bu zaman xroniki xəstə olan anası ata evləri olan ünvan 2 ünvana gəlmiş və cavabdeh bildirib ki, sən ünvanlı sosial yardım alarkən ananı bizdən gizlətmisən, ailə tərkibində göstərməmisən. Cavabdeh anasının onun evinə gəlməsini əsas gətirərək ünvanlı sosial yardımı kəsərək, həm də ona ünvanladığı 01.02.2022-ci il tarixli bildirişdə 01.05.2020-ci il tarixdən 01.12.2021-ci il tarixədək ona ödənilmiş 2598,82 manat vəsaitin 5 iş günü müddətində geri qaytarılmasını tələb etmişdir. Ona görə cavabdehin ona qarşı olan tələbi qanunsuz olduğu üçün ləğv edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə- Daşkəsən Regional filialına qarşı hazırki iddiası yolverilməz olduğuna görə, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28.08.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahının V bəndində göstərilir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Məhkəmə hesab edir ki, inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialı ilə İddiaçı arasındakı münasibətlər xüsusi hüququn deyil, ümumi (publik) hüququn nizama salma predmetinə aiddir. Belə ki, xüsusi hüquq onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, inzibati orqanlar ilə fizki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş, digər tərəfə münasibətdə yalnız ona xas olan hakimiyyət səlahiyyətlərini tətbiq etmiş və İddiaçı aztəminatlı ailə kimi sosial müavinət təyin etmişdir. Lakin, sonrakı araşdırmalar zamanı İddiaçına təyin edilmiş sosial müavinət ləğv edildiyindən inzibati orqan ödənilmiş vəsaitin geri qaytarılmasını ondan tələb edir. İnzibati orqanın vəsaitin geri qaytarılmasını tələb etməsi isə, hüquq münasibətinin xarakterini dəyişdirmir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanunvericiliyin tələbinə görə, inzibati orqan pul tələbinin ödənilməsi ilə bağlı qərar (inzibati akt) qəbul etməlidir. Belə vəziyyətdə İddiaçı həmin qərarı (inzibati aktı), qərar qəbul edilmədiyi halda isə inzibati orqanın faktiki xarakterli hərəkətlərini müvafiq inzibati məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi inzibati mübahisələrin həlli ilə bağlı olduğundan, həmin iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Gəncə- Daşkəsən Regional filialınə qarşı “cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş tələbin ləğvi və təmin olunmaması tələbi” barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar