Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-98/2022 18.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş 1438 (bir min dörd yüz otuz səkkiz) manat maddi və 2000 (iki min) manat mənəvi zərərin, iddia ərizəsinin hazırlanması üçün 40 manat nümayəndəyə verilən xidmət haqqının və iddianın məhkəmədə baxılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 3498 (üç min dörd yüz doxsan səkkiz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, 2017-ci ilin aprel ayın 27-də Gəncə şəhəri, 4-cü mikrorayon, 23 nömrəli binanın 37 nömrəli mənzilni alqı-satqı yolu ilə almışdır. Ona məxsus mənzilin üst mərtəbəsində yaşayan qonşusu olan Cavabdeh dəfələrlə çirkab suyu axıdaraq mənzili bərbad günə qoymuşdur. Dəfələrlə cavabdehə xəbərdarlıq etmişdir ki, su axıtmasın mənzilin təmiri bərbad günə düşür. Belə ki, cavabdehə məxsus mənzildən çirkab suyun axıdılması ilə əlaqədar mənzilin mətbəxinin, hamamının, sanitar qovşağın, hər iki eyvanın və dəhliz divarlarının kəsişdiyi tavan divar hissələri və döşəmənin su axıdılması ilə əlaqədar nəmlənməsi və qabarması, beləliklə mənzilə maddi ziyan vurulması aşkarlanmışdır və dəymiş zərərlə bağlı bu hal aktlaşdırılmışdır.Bu halla bağlı usta gətirmiş, usta baxıb və yenidən təmir olunması üçün 2 həftəlik işin olmasını və 300 manat materialı hesablayıb özünə əlmuzdu 1040 manat, iki həftə(14 gün) gündə 7 manatdan yemək üçün 98 manat bu da faktiki cəmi-1438 manata başa gəlməsi deməkdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 23 ünvanında yerləşən 39 nömrəli mənzil mülkiyyət hüququ üzrə əri X2 məxsusdur. İddiaçının iddia etdiyi 37 nömrəli mənzildə onun qardaşı yaşayır. Onların yaşadıqları 39 nömrəli mənzildən iddiaçının evinə su axıdılmamışdır. Onlar evdə olmadıqları vaxt binanın damında quraşdırılmış su çənindən suyun axması zamanı yuxarı mərtəbədən onların mənzilinə oradan isə iddiaçının mənzilinə axmışdır. Həmin vaxt iddiaçının qardaşı onun oğlu ilə onların yaşadıqları mənzilə baxış keçirmişlər, onların yaşadıqları mənzildən iddiaçının mənzilinə suyun axması müəyyən olunmamışdır. İddiaçının mənzilinə axan su evin damında olan su çənlərində olan problemlə bağlı olmuşdur. Bir neçə ay bundan əvvəl yuxarı mərtəbədə yaşayan X3 yaşadığı 41 nömrəli mənzildən onun yaşadığı mənzilə kanalizasiya suyu axmışdır.Beşinci mərtəbədə yaşayan Etibar adlı şəxsin, dördüncü mərtəbədə yaşayan Sara adlı şəxsin, həmçinin X3 da evinə çirkab sular bu qayda olaraq axır. Bu barədə dəfələrlə MKTİB-in rəisi Kərim Musayevə məlumat vermişlər. Ancaq heç bir nəticə yoxdur. İddianın əsassız olduğunu göstərərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 27.04.2017-ci il tarixli, RX ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, mənzil 37 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Gəncə şəhər İcra Hakimiyyəti MKT İB 6 nömrəli xidmət sahəsi tərəfindən tərtib olunmuş 15.07.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4- cü mikr, bina 23 mənzil 37 ünvanında yaşayan mənzil sahibi İddiaçı şikayəti əsasında mənzilə baxış zamanı məlum olmuşdur ki, həmin mənzilin üst mərtəbəsində yerləşən 39 nömrəli mənzil X1 adınadır və həmin ünvanda onun həyat yoldaşı olan Cavabdeh yaşayır. Cavabdeh 37 nömrəli mənzilə su axıtmışdır. Bu hadisə dəfələrlə baş vermişdir. Nəticədə 37 nömrəli mənzilin mətbəxinin, hamamının, tualetinin , eyvanının və dəhlizinin tavan və divar hissələrinə ziyan vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.12.2021-ci il tarixli, 10/5658 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon 23 saylı evin 37 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 15.07.2021-ci il tarixli aktın məlumatlarına əsasən, Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon 23 saylı evin 37 saylı mənzilinə yuxarı mərtəbədəki 39 saylı mənzildən suyun sızması müəyyən olunur. Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon 23 saylı evin 37 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1081 manat məbləğində müəyyən edilir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən iddiaçının iddia etdiyi mənzil onun mülkiyyətində olmaqla cavabdeh tərəfindən suyun axıdılması nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Cavabdeh iddiaçının evinə axan suyun binanın damında yerləşən su çənlərində olan problemlə bğlı olmaqla yəni evin damında yerləşən su çənlərindən axan suyun yuxarı mərtəbədən onun mənzilinə və oradan da iddiaçının mənzilinə axmasını göstərsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 09 fevral 2022-ci il tarixdə cavabdeh tərəfindən şahidlərin dəvət olunması üçün işi təxirə salaraq vaxt verilməsinə baxmayaraq cavabdeh öz etirazının əsası olaraq hər hansı bir sübut təqdim etməmişdir. Gəncə şəhər İcra Hakimiyyəti MKT İB 6 nömrəli xidmət sahəsi tərəfindən tərtib olunmuş 15.07.2021-ci il tarixli aktdan da görünür ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə suyun axıdılması dəfələrlə baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının mənzilinə zərər dəymişdir. Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən dəymiş zərərən əvəzi olaraq 1081,0 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 2000 manat mənəvi ziyanın və 40 manat nümayəndəyə çəkilmiş xərcin tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən və mənəvi zərərin nədə ifadə olunmasını əsaslandırmadığından iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəicəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh vurulmuş zərərə görə 1081 (bir min səksən bir) manat pul alınaraq iddiaçı İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh vurulmuş zərərə görə 1081 (bir min səksən bir) manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 (iyirmi) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-98/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-98/2022
18.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver