Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-987/2021 12.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, ərizəni iddiaçının nümayəndəsi kimi X2 imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, «xxxx» ASC-nin adından verilmiş iddia ərizəsini imzalamış X1 hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, ərizəyə hüquqi şəxsin idarə heyətinin sədri vəzifəsini icra edən Mahir Niftəliyevin imzası və hüquqi şəxsin möhürü vurulmuş etibarnamənin ASC-nin katibliyinin “əsli ilə düzdür” möhürü ilə təsdiq edilmiş kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd nümayəndənin səlahiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən isə qeyd edilməlidir ki, Mahir Niftəliyevin nümayəndəyə etibarnamə vermək üçün həqiqətən hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra etməsini təsdiq edən sənəd də ərizəyə əlavə edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsini imzalamış şəxsin səlahiyyətli olması qanunla müəyyən edilmiş qaydada müəyyən olunmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-987/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-987/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver