Məhkəmə qərarları › İş №2(044)-114/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-114/2022

05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-114/2022 05.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Həsənov Müqabil Alı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkün real bölgüsü, mümkün olmadıqda açıq hərrac yolu ilə satılması, satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həsənov Müqabil Alı oğlu Cavabdeh qarşı “mülkün real bölgüsü, mümkün olmadıqda açıq hərrac yolu ilə satılması, satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin 1/2 hissəsinə olan mülkiyyət hüququnun həyata keçirilməsi üçün həmin hissənin ayrı giriş-çıxışının yaradılması imkanı ilə real bölünməsi, bu texniki cəhətdən mümkün olmadıqda Gəncə şəhəri, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Həsənov Müqabil Alı oğlu məhkəmə iclasında bildirdi ki, Cavabdeh ilə birgə nikahda olmuş, nikahları pozulmuşdur. Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onunla cavabdeh arasında, hər birinin 1/2 hissə üzərində payları müəyyən edilmiş və bu barədə o, mülkiyyətində olan sahəyə çıxarış almışdır. Lakin buna baxmayaraq hələ də mülkiyyətində olan sahədən istifadə etmək imkanından məhrumdur, ümumiyyətlə mülkiyyətində olan sahəyə daxil ola bilmir və cavabdeh hər dəfə ona müxtəlif maneələr yaradır, mülkiyyətindən istifadə etməsini əngəlləyir. Bunun da əsas səbəbi mülkiyyətində olan yaşayış evinin aralarında real bölgüsünün aparılmaması olmuşdur. O, cavabdehə evdən payına düşən pulun ona verilməsini təklif etmiş, lakin cavabdehlə aralarında razılaşma əldə edilməmişdır. Cavabdeh onu mülkiyyətində olduğu evə qəti surətdə buraxmır. Məhkəmədən Gəncə şəhəri, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı Həsənov Müqabil Alı oğlu işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 25.11.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən mülk hər birinə 1/2 hissə ilə İddiaçı və Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.07.2020-ci il tarixli 2 (102)-2263/2020 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2019-cu il tarixli 2(104)-3169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 24.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsininb yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı mülkiyyətində olmaqla, 25.11.2020-ci il tarixli, Ş **********30-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınbmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.04.2022-ci il tarixli 10/567 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 1/2 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.1., 2.2., 2.4., 2.7., 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin bölünməsi mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda. əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evi hər birinə 1/2 hissə ilə İddiaçı və Cavabdeh mülkiyyətindədir və onlara 25.11.2020-ci il tarixdə ********** saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.04.2022ci il tarixli 10/567 saylı rəyi ilə Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən yaşayış evinin tərəflər arasında tərəflərin paylarına uyğun olaraq 1/2 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.1., 2.2., 2.4., 2.7., 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. İddiaçı cavabdehə evdən payına düşən pulun ona verilməsini təklif etmiş, lakin cavabdehlə onun arasında razılaşma əldə edilməmişdır. İş materiallarından aydın olur ki, mübahisəli mülkün 1/2 hissəsi üzərində Cavabdeh və 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh iddiaçıya düşən hissədə payının pulunun verilməsinə razı olmamış, tərəflər arasında razılaşma əldə edilməmişdır. Belə olan halda aydın olur ki, mübahisəli mülk üzərində bərabər payı olan mülkiyyətçi həmin mülkdə digər mülkiyyətçiyə görə «öz mülkiyyətindən imtina etməli» dir. Bu isə mülki qanunvericiliyin tələblərinə ziddir. Bu heç də, cavabdehin mülkiyyət hüququna müdaxilə kimi də, qiymətləndirilə bilməz, çünki Avropa Məhkəməsi «İatridis Yunanıstana qarşı» iş üzrə 1999-cu ildə qəbul etdiyi qərarında göstərmişdir ki, «cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən yaşayış evi açıq hərracdan satılmalı, satış pulu paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu142319-a ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1 ünvanda yerləşən yaşayış evi açıq hərracdan satılsın, satış pulu paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib olaraq bölünsün, satış pulunun 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh verilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu142319-a ödənilməlidir. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar