Məhkəmə qərarları › İş №2(044)-1224/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1224/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1224/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə dəymiş ziyana görə 1148,29 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidməti xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus Mercedes Benz, 20DS161 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixində xxxxxxxxxxxx ASC tərəfindən sığortalanmışdır. xx.xx.2017-ci il tarixində Cavabdeh1 idarə etdiyi Mercedes Benz, 20DS161 dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Azərişıq ASC-nin balansında olan işıq dirəyinə və X2 məxsus fərdi yaşayış evinin daş hasarına zərər dəymişdir. Araşdırma zamanı Cavabdeh1 hadisə baş verdikdən sonra hadisə yerini tərk etmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli hesabata əsasən X3 məxsus evinin daş hasarına dəymiş ziyan 500 manat, Azərişıq ASC-nin balansında olan işıq dirəyinə 648.29 manat müəyyən edilmişdir. xxxxxxxxxxxx ASC tərəfindən ümumilikdə 1148.29 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2017 və xx.xx.2017-ci il tarixli sığorta aktlarının surətlərindən görünür ki, X1 evinin həyətindəki daş hasara 500 manat məbləğində ziyan dəymiş, Azərişıq ASC-yə məxsus işıq dirəyinə 648,29 manat məbləğində ziyan dəymiş həmin məbləğdə sığorta ödənişi onun hesabına köçürülür. - Qərb RETSİ-nin təqdim etdiyi smetadan görünür ki, Azərişıq ASC-yə məxsus işıq dirəyinin dəyişdirilməsinə 648,29 manat xərc çəkilmişdir. - xx.xx.2017 və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən X3 500 manat, Azərişıq ASC-nin Qərb RETSİ-nə 648.29 manat məbləğində sığorta ödənişi edilmişdir. - xx.xx.2017-ci il tarixli zərər dəymiş əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı X3 500 manat ziyan dəymişdir. - № KYP 728820 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə saat 02:20 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı 20DS161 dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisə törədərək hadisə yerindən yayınmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. - xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 özünə məxsus Mercedes Benz” markalı 20DS161 dövlət qeydiyyat nişanlı avtomobili 7 ay 12 gün müddətinə istifadə etməyi və avtomobilə sahiblik etməyi Cavabdeh1 vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə iddiaçı “xxxxxxxxxxxx” ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini ondan tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, digər Cavabdeh2 özünə məxsus avtomobili qanuni əsasla, yəni etibarnamə ilə Cavabdeh1 sahibliyinə verdiyindən o, sonuncunun vurduğu zərər üçün məsuliyyət daşımır. Buna görə də iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 1148,29 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti xərci Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1148 (min yüz qırx səkkiz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərci tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar