Məhkəmə qərarları › İş №2(044)-140/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-140/2021

01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-140/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan evdən cavabdehlərin payının cüzi olması səbəbindən onların payının real olaraq ayrılması mümkün olması üçün onların payının onun tərəfindən pul ilə kompensasiya edilməklə cavabdehlərin ümumi əmlakdan payının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 97 saylı ünvandakı mülkə paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsusdur, cavabdehlərin mülkdə hər birinin payı 1/15, onun payı isə 12/15-dir və mülkdə real bölgü aparmaqla bağlı iddia məhkəmə qətnaməsi ilə real bölgünün mümkün olmaması səbəbindən təmin edilməmişdir. Mülkdə cavabdehlərin payı çox cüzidir, mülkdə real bölgünün aparılması da mümkün deyildir, ona görə də məhkəmə qaydası ilə cavabdehlərin razılığı olmadan onların payı onun tərəfindən pul ilə kompensasiya edilməklə onların payına xitam verilməlidir. İddiaçı məhkəmə iclasında əlavə olaraq bildirdi ki, mübahisəli ev hazırda uçuq vəziyyətindədir və qiymətləndiricinin rəyi ilə 65000 manat məbləğində dəyərləndirilmiş və o, cavabdehlərə 13000 manat təklif edir, razılaşıb götürsün və evdən çıxsınlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı və onun qardaşları, bacısı tərəfindən həmişə ailəsinin hüquqları pozulmuş və hazırda da davam etməkdədir. Onun məhkəmə qətnaməsi əsasında gəlin gəldiyi və uşaqlarının doğulduğu Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən evdə məhkəmə qətnaməsinə əsasən payları müəyyən edilmişdir. İddiaçının özbaşınalıqları sərhəd tanımır, ailəsinə məxsus evdə olan paylarını əllərindən almaq istəyir. Hazırda ona ev lazımdır, başqa yaşayış yeri yoxdur, iddiaçı ona bir otaqlı ev alıb verərsə və ya ona veriləcək pul məbləği onun ev ala bilməsinə yetərli olarsa, razı olardı. İddiaçının ona təklif etdiyi 13000 manata hazırkı halda heç nə edə bilməz. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 2583/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı, X4, X5 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən mülkün paylarına müvafiq hissə ilə 5 yerə real olaraq bölünməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən paylı mülk X2, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/5 hissə ilə və İddiaçı 12/15 hissə ilə adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı X14 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli **********64-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X2, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/5 hissə ilə və İddiaçı 12/15 hissə ilə payları vardır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-2033/2015 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2015-ci il tarixli 2(044)-100/2015 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməsi, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı Məmməd oğlunun 1931-ci ildə Gəncə şəhərində ölməsinə dair hüquqi faktın qeydə alınması müəyyən edilmiş, İddiaçı Məmməd oğlunun ölümündən sonra Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda 345 kv.m torpaq sahəsində yerləşən 82.3 kv.m üç yaşayış otağı, 71.1 kv.m köməkçi sahəsi, 60.6 kv.m zirzəmisi olan “A” literli yaşayış binası, 10.9 kv.m “B” literli hamam, 24.0 kv.m “V” literli qaraj, 6.0 kv.m “Q” literli əl damı olan fərdi yaşayış evindən ibarət mirasınonun oğlu X10 tərəfindən, X6 ölümündən sonra onun uşaqları X3, X11, İddiaçı, X8 və X12 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmiş, fərdi yaşayış evi X3, X11, İddiaçı, X8 və X5 Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda 345 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasda hər birinin 3/15 müəyyən edilmiş, mirasdan X7 çatan 3/15 hissədən ibarət Cavabdeh1, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 tərəfindən faktiki qəbul edilməsi və hər bisinin mirasdakı payı 1/15 hissədə müəyyən edilməsi, X3, X11, İddiaçı, X8, X12, Cavabdeh1, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda 345 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdakı paylarına vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması, ilk iddia və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli 2(104)-2033/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-2033/2015 saylı qətnaməsi qanunu qüvvəsini aldığından icraya yönəldilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli ƏQ-115/2020- saylı hesabatından görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən, 0.02462 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 155.4 kv.m-dən ibarət, bir mərtəbəli fərdi yaşayış evinin xx.xx.2020ci il tarixə (likvid dəyəri - 55000 manat) bazar dəyəri 65000 manat təşkil edir (ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pulun tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi xahiş olunmuşdur). Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-2033/2015 saylı qətnaməsi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2015-ci il tarixli 2(044)-100/2015 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı Məmməd oğlunun 1931-ci ildə Gəncə şəhərində ölməsinə dair hüquqi faktın qeydə alınması müəyyən edilmiş, İddiaçı Məmməd oğlunun ölümündən sonra Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda 345 kv.m torpaq sahəsində yerləşən 82.3 kv.m üç yaşayış otağı, 71.1 kv.m köməkçi sahəsi, 60.6 kv.m zirzəmisi olan “A” literli yaşayış binası, 10.9 kv.m “B” literli hamam, 24.0 kv.m “V” literli qaraj, 6.0 kv.m “Q” literli əl damı olan fərdi yaşayış evindən ibarət mirasın onun oğlu X10 tərəfindən, X6 ölümündən sonra onun uşaqları X3, X11, İddiaçı, X8 və X12 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmiş, fərdi yaşayış evi X3, X11, İddiaçı, X8 və X5 Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda 345 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasda hər birinin 3/15 müəyyən edilmiş, mirasdan X7 çatan 3/15 hissədən ibarət Cavabdeh1, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 tərəfindən faktiki qəbul edilməsi və hər birinin mirasdakı payı 1/15 hissədə müəyyən edilməsi, X3, X11, İddiaçı, X8, X12, Cavabdeh1, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda 345 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdakı paylarına vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması qət edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə on üç min manat kompensasiya verilməklə Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən evin cavabdehlərə məxsus 1/15 hissəsində paylarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. İş materiallarından göründüyü kimi əvvəla iddiaçının 13000 manat kompensasiya tələbini irəli sürməsi Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun məhdudlaşdırılması ilə mütənasib deyildir. Gəncə şəhəri, Vaqif küçəsi, 97 saylı ünvanda yerləşən evin qiymətləndirilməsi ilə bağlı real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli ƏQ-115/2020 saylı rəydən müəyyən edilir ki, həmin evin xx.xx.2020ci il tarixinə bazar qiyməti 65000 manat qiymətləndirilməsinə baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə 13000 manat kompensasiya təklif edilmişdir ki, həmin kompensasiya cavabdeh tərəfindən qəbul ediməmişdir. İddiaçı tərəfindən təklif edilmiş kompensasiyadan artıq pul məbləği təklif edilmədiyindən məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən etməmişdir. Bundan başqa da iddiaçı tərəfindən mübahisəli evin açıq hərracdan satılmasına dair tələb də irəli sürülməmişdir. Qanunun tələbinə əsasən belə bir tələb irəli sürülsə də belə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. (Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarı) Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçilərindən birinin tələbi əsasında payın ayrılmasına dair iddia verildikdə bu iddia üzrə digər tələblər verilmədən (payın əvəzinə pul kompensasiyasının verilməsi, əmlakın acıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi) işə baxan məhkəmə tərəfindən MPMnin 218.3-cü maddəsinə uyğun olaraq qərarda müəyyən edilmiş ardıcıllığa uyğun bütün məsələlər araşdırılmalı və nəticədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Belə ki, MPMnin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması mümkün olmadıqda və payın ayırmaq istəyən mülkiyyətçinin payı cüzi olmadıqda və sonuncu payının əvəzinə pul kompensasiyasının verilməsinə razı olmadıqda işə baxan məhkəmə tərəfindən payın əvəzinə pul kompensasiyası verilməsi, əmlakının açıq hərracda satılacaq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüçdürülməsi barədə məsələlər üzrə araşdırma aparmadan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 400 manat İddiaçı tutularaq VÖEN-**********, “xxxx” ASC-nin Yevlax filialı, kod-509299, VÖEN-********** (bankın VÖENİ), H/h AZ1BRES********************, SWİFT-BRESAZ722, M/h-AZ80NABZ********************-nə ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə pay hüququna xitam verilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 400 manat İddiaçı tutularaq VÖEN-**********, “xxxx” ASC-nin Yevlax filialı, kod-509299, VÖEN-********** (bankın VÖENİ), H/h AZ1BRES********************, SWİFT-BRESAZ722, M/h-AZ80NABZ********************-nə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar