Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-143/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X2rşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu 5850 manat ziyanın və mənəvi ziyan kimi 2000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ürəyində ağrılar olduğundan 17.06.2019-cu il tarixdə X5 müraciət etmiş,bununla bağlı ilkin olaraq 250 manat,21.06.2019-cu il tarixdə 4650 manat və 950 manat əməliyyat üçün xəstəxananın xəzinəsinə pul ödəmişdir.Onu əməliyyat edəm həkim Emin Əminov onu inandıraraq ona söz verdi ki,ona 3 stend qoyulduqdan sonra onda heç bir ağrı olmayacaq. Əməliyyatdan sonra 23.06.2019-cu il tarixdə o evə buraxılmış və 24.06.2019-cu il tarixdə onun ürək və kürək nahiyyələrində şiddətli yandırıcı ağrılar baş vermiş və o həkim Emin Əminova müraciət etsə də cavabları sinir ağrısı deməkləri olmuşdur.Cavabdehin səhv əməliyyatı nəticəsində onun həyatı üçün ciddi təhlükə olmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Samux rayon İHB-nın Alabaşlı qəsəbə ƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.04.2020-ci il tarixli, AZ-İİ 032848 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 27.04.2020-ci il tarixdə vəfat etmişdir; 17.06.2019-cu il tarixli Tibbi xidmət müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya ETT birliyinin verdiyi 11.08.2021-ci il tarixli, 569/KEŞ saylı Ekspert rəyindən görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya nəticəyə gəlir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 17.06.2019-cu il və 21.06.2019-cu il tarixlərdə X3 aparılmış koronar angioqrafiya müayinəsinin nəticəsindən görünür ki, onda LAD və Cx damarlarında ciddi darlıqların olduğu müəyyən edilmişdir. Bu səbəbdən koronar angioplastika, yəni stent implantasiyası planlaşdırılmış və icra edilmişdir. Aparılmış angioplastika əməliyyatı təyin edilmiş diaqnoza uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. X3 aparılmış tibbi müdaxilədən sonra təqdim edilmiş CD disk görüntülərinə əsasən, onda yeni qoyulmuş stentlərin keçiriciliyi optimal olduğu müəyyən edilmişdir. Lakin bununla yanaşı daha öncə LAD damarının 1/3-nə implantə edilmiş stentdə daralmanın (restenoz) olduğu qeyd edilmişdir. İddiaçı X3 aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı X3 aparılmış angioplastika əməliyyatından sonra ona müvafiq məsləhətlər və ambulator müalicələr təyin edilmişdir. Tibbi praktikaya əsasən, tibbi müdaxilələrdən sonra reabilitasiya dövrü müxtəlif ola bilər, bu orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Lakin xəstədə daha öncə LAD damarının 1/3-nə implantə edilmiş stentdə daralmanın olduğunun nəzərə alaraq onun ixtisaslı müalicələrin davam etdirilməsinə ehtiyacı var idi. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi X6 iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının hüquqi varisi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya hər hansı maddi və mənəvi ziyanın dəyməsi halı məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı X3 göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Məhkəmə qeyd edir ki, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyrihüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyrihüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Bu mənada, məhkəmə, iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin, yəni göstərilmiş tibbi xidmətlərin (qoyulmuş diaqnozun, cihazın, aparılmış müayinə, müalicə və əməliyyatların), keyfiyyətinin, eləcə də iddiaçıya edilən müalicə və müayinənin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-tibbi ekspertiza təyin etmiş, ekspertlər qarşısında cavabdeh tərəfindən iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş diaqnoz, aparılmış müayinə, müalicə və əməliyyatlar (göstərilmiş tibbi xidmət) tibbi norma və qaydalara uyğun (düzgün) olub-olmadığı, göstərilmiş tibbi xidmətlərdə hər hansı nöqsanın olub-olmadığı və digər zəruri suallar qoymuşdur. Məhkəmə-tibbi ekspertizanın yuxarıda göstərilən rəyində müvafiq müayinələr əsasında diaqnozun düzgün qoyulması təsdiqlənmişdir. Mübahisənin düzgün həlli üçün qeyd edilən halların müəyyənləşdirilməsinin xüsusi bilik tələb etdiyini, məhkəmə-tibbi ekspertizasına aid bütün sualların tibbi ekspertlər tərəfindən tam olaraq cavablandırıldığını, həmin rəylə razılaşmamaq üçün hər hansı dəlilin olmadığını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, X7 tərəfindən iddiaçıya göstərilmiş tibbi xidmətdə qüsur aşkar olunmamışdır. Bu nəticəyə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən tibbi xidmət göstərilərkən (diaqnozun qoyulması və müalicələrin aparılması ilə bağlı) müqavilə öhdəliyinə, yaxud qanunvericiliyə zidd olan, tibbi norma və qaydalara uyğun olmayan əməl törədilməsi təsdiq olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, “X7” tərəfindən iddiaçıya qarşı müqavilə öhdəliyinin pozulması, yaxud mülki hüquq pozuntusuna görə məsuliyyətin əsas şərtlərindən biri olan əməlin qeyri-hüquqiliyi müəyyən edilməmişdir. Ona görə də, iddiaçının maddi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinin tələbin “maddi ziyanın ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğunu və iddia tələbin həmin hissədə təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi “mənəvi zərərin ödənilməsi” hissəsində də rədd olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2rşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-143/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-143/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver