Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-149/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh və onun nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AC 780329, 05.12.2016-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, ** US *** qeydiyyat nişanlı, TOYOTA CAMRY markalı, tip SEDAN, buraxılış ili 2011, mühərrik 0563655, ban VTNBF4FK203002110, rəngi ağ mirvari olan minik avtomobili ona məxsusdur. 29.11.2019cu il tarixdə saat 20:10 radələrində Cavabdeh idarə etdiyi “VAZ-21214” minik markalı **- RE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri “Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olarkən, diqqətsizlik edərək 2-ci dərəcəli yoldan baş yol hesab edilən R. Qasımov küçəsinə daxil olmaqla həmin küçələrin kəsişməsində onun idarə etdiyi “TOYOTA CAMRY” minik markalı 10-U5-020 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən idarə etdiyi “TOYOTA CAMRY ” minik markalı avtomobil Ü. Hacıbəyov küçəsi ilə hərəkətdə olan X3 idarə etdiyi “Hyundai Sonata” minik markalı **- DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində beyin silkələnməsi, sol alın-təpə nahiyyəsinin sıyrığı, sol əlin 1 barmağının şişkinliyi qismində yüngül xəsarətlər almışdır. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin icraatında olan HK-1/500 nömrəli yol-nəqliyyat hadisəsi barədə toplanmış material üzrə 10.12.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh “Yol hərəkəti haqqında” Qanununun tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi VAZ-21214 markalı ** RE *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh AR İXM-nin 327-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydalarının pozulmasına dair olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir.Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması yol-nəqliyyat hadisəsi barədə toplanmış material üzrə 10.12.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, məhkəmə-tibb ekspertizasının 04.12.2019-çu |) iarixli 1979 nömrəli aktı, iddia ərizəsinə əlavə edilmiş 7 ədəd foto şəkil və inzibati xəta haqqında iş üzrə qərarla təsdiq olunur. Yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın ümumi miqdarı 34855.94 manat təşkil edir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 34505.00 AZN ziyan dəymişdir. X7 tərtib etdiyi Qüsur Aktına (malın maya və satış qiymətinin hesablanması) əsasən onun avtomobilinin təmir olunması üçün ilkin olaraq 34505.00 AZN tələb olunur ( Qüsur Aktı əlavə edilir). Qeyd olunan Aktda ehtiyyat hissələrinin və görülmüş işlərin üzərinə iş prosesində əlavələrin oluna biləcəyi də qeyd olunmuşdur. Bundan başqa cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə görə X1 29.11.2019-cu il tarixdə müayinə və müalicə almış, göstərilən xidmətlərə görə 350.94 manat pul ödəmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulmuş, qəza zamanı qorxmuş və bunun nəticəsində fiziki əzab çəkmiş, mənəvi sarsıntılar keçirmişdir. Aldığı xəsarətlər nəticəsində başında və bədəninin müxtəlif nahiyələrində kəskin ağrılar, döş qəfəsində sıxılmalar və nəfəs almağında problemlər yarandığı üçün başında qansızma və daxili qanaxma olmasından şübhələnmiş, qorxmuş və yaxınları onu X2 aparmışlar. Hadisəsən sonra 10 günə yaxın ictimai həyat tərzindən məhrum olmuş və həkim məsləhətinə əsasən ev şəraitində müalicə almışdır. Yol-nəqliyyat hadisəsinin nəticəsində aldığı fiziki və psixolofi travma nəticəsində keçirdiyi qorxuya görə mənəvi sarsıntılar keçirmişdir. Buna görə də hadisədən sonra psixoloqa müraciət etmiş və psixoloq konsultasiyalarında olmuşdur. Avtomobili tam yararsız hala düşüb və nəticədə ona külli miqdarda maddi ziyan dəyib. Təqsirkar Cavabdeh isə ona dəymiş zərəri ödəməkdən imtina edir. Düşdüyü maddi zərər və Cavabdeh zərəri ödəməkdən imtina etməsi onda mənəvi sarsıntılar yaradıb. Avtomobildən istifadəyə işə getmək, uşaqlarını məktəbə qoymaq, məktəbdən götürmək, işinin icrası və evin müxtəlif tələbatlar üçün gündəlik çox ehtiyacı olduğu halda istifadə edə bilmir və hər gün müxtəlif nəqliyyat vasitələrindən istifafə edir. Bu həm rahatlığının pozulmasına, həm əlavə xərc çəkməyinə, həm də düşdüyü maddi zərəri hər gün xatırlayıb stress keçirməyinə səbəb olur. Odur ki, məhkəmədən avtomobilə dəymiş ziyanın həcmi olan 34505 manatın, aldığı xəsarətlərə görə müalicəsinə xərclənmiş 350 manat 94 qəpik pulun, mənəvi ziyana görə 10.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan 29.11.2019-cu il tarixli tibbi xidmətlərə dair qəbzdən görünür ki, nəqliyyat hadisəsi baş verən gün iddiaçı X2 müraciət etmiş və aparılmış müayinəyə görə 350 manat 94 qəpik pul ödəniş etmişdir; X9 tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, ehtiyyat hissələrinin cəçmi dəyəri 28805 manat, çilingər xərci 800 manat, dəmirçi 2400 manat, elektrik 300 manat, rəngsaz isə 2200 manat olmaqla, cəmi işçi qüvvəsinin dəyəri 5700 manat olmaqla, avtomobilə çəkiləcək ümumi xərc 34505 manat müəyyən edilmişdir; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli,3(044)-39/2020 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli,9/2636 nömrəli rəyindən görünür ki, 2011-ci il buraxılışlı, “Toyota Camry”minik markalı, ** US *** dövlət nömrə nişanlı avtomoblin hazırki vəziyyətdə əksər hissələri dəyilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği təxminən 32300 manatdır; Azərbaycan Respublikası “Avtomotoservis və ticarət”İstehsalat Birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 78 K nömrəli, 24 dekabr 2019-cu il tarixli qüsur aktından görünür ki, qəzaya uğramış avtomobilə 5790 manat məbləğində maddi ziyan dəymişdir; PXA 56986 nömrəli sığorta aktından görünür ki, X7 təqdim etdiyi akta uyğun olaraq iddiaçının hesabına dəymiş zərərin əvəzi kimi 3536 manat yeddi qəoik sığorta ödənişi edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2021-ci il tarixli,9/2158 nömrəli rəyindən görünür ki, 2011-ci il buraxılışlı, “Toyota Camry”minik markalı, ** US *** dövlət nömrə nişanlı avtomoblin təmir bərpa xərci təxminən 34505 manat müəyyən edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli,9/5968 nömrəli rəyindən görünür ki, əksər hissələr dedikdə “X10”tərəfindən tərtib edilmiş qüsur aktında qeyd edilən 73 adda 28805 manat dəyərində dəyişilməli hissələr nəzərdə tutulur; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında göstərdi ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə maddi ziyanın dəyməsi onun barəsində qqəbul edilmiş inzibati iş üzrə qərarla da sübut edilmişdir. Bir neçə dəfə ekspertiza təyin edilmiş və ekspertiza tədqiqatı nəticəsində iddiaçıya X7 qüsur aktında göstərilmiş qaydada ziyanın dəyməsi müəyyən edilmişdir. Avtomobil iddiaçı tərəfindən satılmışdır. Eyni zamanda iddiaçıya mənəvi ziyanın da dəyməsi qaçılmaz olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi iddia tələbini qismən qəbul edərək izahatlarında göstərdilər ki, hadisə baş verəndən sonra onlar Natiqə təklif etmişlər ki, avtomobili Elşad özü təmir etdirsin. Əgər həmikn avtomobili Elşad özü təmir etdirsəydi o zaman həmin avtomobil “Avtomotoservis və ticarət”İstehsalat Birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 78 K nömrəli, 24 dekabr 2019-cu il tarixli qüsur aktında göstərilən qaydada 5790 manata təmir ediləcəkdi. Bundan başqa da o həmin avtomobilə dəymiş ziyan kimi nəğd qaydada 7000 manat məbləğində pul verilməsini də təklif etmişdir ki, iddiaçı bununla razılaşmamışdır. Odur ki, məhkəmədən 5790 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edirlər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, AC 780329, 05.12.2016-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, ** US *** qeydiyyat nişanlı, TOYOTA CAMRY markalı, tip SEDAN, buraxılış ili 2011, mühərrik 0563655, ban VTNBF4FK203002110, rəngi ağ mirvari olan iddiaçıya məxsus minik avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən ziyan vurmuşdur. Tərəflər arasında mübahisə vurulmuş ziyanın məbləğ ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə ilk tələb üzrə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi vurulmuş maddi ziyana münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı X9 tərəfindən tərtib edilmiş qüsur aktına istinad edərək dəymiş ziyanın ümumi məbləğinin 34505 manat olmasını iddia edir. Bu halın aydınlaşdırılması ilə bağlı ekspertizalar təyin edilmiş, ayrı-ayrı eksper rəyləri ilə dəymiş ziyanın 32300 manat və 34505 manat olması müəyyən edilmişdir. Cavabdeh bu halları qəbul etmir və etirazının əsası kimi dəymiş ziyanın “Avtomotoservis və ticarət”İstehsalat Birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 78 K nömrəli, 24 dekabr 2019-cu il tarixli qüsur aktında göstərilən məbləğdə, yəni 5790 manat məbləğində maddi ziyanın dəyməsini qəbul edir. Bundan əlavə olaraq etirazının əsası kimi göstərir ki, iddiaçıya dəymiş ziyanın aradan qaldırılması üçün 5790 manat və sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 3536 manat yetərlidir. Məhkəmə iddiaçının irəli sürdüyü arqumentləri qəbul etmir. Belə ki, iddiaçının dəlilləri X9 tərəfindən tərtib edilmiş qüsur aktı və iş üzrə təyin edilmiş ekspertiza rəyləri ilə öz əksini tapsa da, məhkəmə ekspertiza rəylərində göstərilənləri işin hallarına uyğun hesab etmir. Belə ki, iş üzrə təyin edilmiş hər iki ekspertiza rəyləri verilərkən “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 78 K nömrəli, 24 dekabr 2019-cu il tarixli qüsur aktında göstərilənlər nəzərə alınmamışdır.Halbuki həmin ekspertizaların tədqiqat prosesinin təsvirindən görünür ki, 2011-ci il buraxılışlı, “Toyota Camry”minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpasına “Toyota Gəncə”servis mərkəzinin qüsur aktına müvafiq olaraq 34505 manat məbləğində xərcin çəkilməsi məqsədə uyğun hesab edilmir. Malın (işin, xidmətin) bzara qiyməti tələblə təklifin qarşılıqlı təsiriu nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Malın bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın bazar qiymətləri və birja kotiravkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Göründüyü kimi ekspertlər rəyin tədqiqat hissəsində dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından istifadə edilməklə malın bazar qiymətini müəyyənləşdirərkən “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 78 K nömrəli, 24 dekabr 2019-cu il tarixli qüsur aktında göstərilənləri nəzərə almamışdır. Rəydə isə konkret olaraq hansı dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarına istinadın edilməsi də öz əksini tapmamışdır. Məhkəmə “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 78 K nömrəli, 24 dekabr 2019-cu il tarixli qüsur aktında göstərilənləri sübut növü kimi nəzərə alır. Belə ki, ekspertlərin avtomobilin əsaslı təmir edilməsinin rentabelli hesab olunmamasına dair gəldiyi nəticə onu göstərir ki, ekspertiza rəylərində müəyyən edilmiş qiymətlər yol nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə olan avtomobilin qiymətini özündə ehtiva edir. Halbuki hamin avtomobilin detalları dəyişilməklə onun əvvəlki vəziyyətə gətirilməsi mümkün görünür. Belə ki, “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 78 K nömrəli, 24 dekabr 2019-cu il tarixli qüsur aktında göstərilən 5790 manat, eyni zamanda sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 3536 manat, cəmi 9326 manatla dəymiş ziyanın aradan qaldırılması mümkündür. Odur ki, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın əvəzi kimi 5790 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbi avtomobilə dəymiş ziyana aid qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin müalicə xidmətlərinə görə ödənilmiş xərcə dair hissəsini əsaslı hesab edir. Belə ki, cavabdeh məhz iddiaçının hüquqa zidd əməli nəticəsində sağlamlığından narahatlıq keçirmiş və müayinədən keçmək məcbuiyyətində qalaraq, həmin müayinə üçün 350 manat 94 qəpik pul xərcləmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyana aid hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. " «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi, dəymiş ziyanla bağlı iddia tələbinin qismən təmin edilməsi iddiaçı hadisə ilə bağlı sarsıntı keçirsə də belə ona mənəvi rahatlıq gətirən amillər hesab edilməlidir.İddiaçı psixoloq konsultasiyasında olmasına dair ərizədə dəlillər irəli sürsə də bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri olan 250 manat məbləğində pulun 125 manatı iddiaçıdan, 125 manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qisməb təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 5790 manat, tibbi xidmətlərə görə ödənilmiş 350 manat 94 qəpik, cəmi 6140,94(altı min bir yüz qırx manat doxsan dörd qəpik) məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri olan 250 manat məbləğində pulun 125 manatı iddiaçıdan, 125 manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-149/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-149/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver