Məhkəmə qərarları › İş №2(044)-150/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-150/2021

17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-150/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X12 Mərkəzi MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X4 cərrahi əməliyyatı üçün cavabdeh X12 Mərkəzi MMC-yə ödədiyi 7000 manat pulun qalığı olan 5000 manat həcmində maddi zərərin, cavabdehin qüsurlu, səhv, uğursuz əməliyyatı nəticəsində qızının ölümü ilə ona vurulan 10000 manat həcmində mənəvi zərərin və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, 12.07.2020-ci il tarixdə qızı mərhum X10 cavabdeh GMDM-nin həkim neyrocərrah Ramiz Hüseynova baş ağrıları, qıcolmalar, ümumi halsızlıq, sol ətraflarda əzələ zəifliyi şikayətləri ilə müraciət etmişdir. Xəstə həkim tərəfindən ətraflı müalicə olunmuş, MRT və KT müayinələrindən keçmiş, sağ beyin yarımkurəsində 52x48x45 mm ölçüdə ödəm aşkarlanmışdır. X13 bildirdi ki, cərrahi əməliyyatı olunmalıdır. Sonuncu ona bildirəndə ki, həkim bu əməliyyat nə qədər kömək edəcək, ana olaraq çox narahat olduğundan, ona bildirmişdir ki, mütləq əməliyyat olunmalıdır. O isə cavabında naraha olmamasını, 12 il Türkiyədə oxuduğunu, uzmanhəkim olduğunu, əməliyyatdan 5 gün sonra qızını ayağa qaldıracağını, bircə, mərkəzə 3500 manat pul köçməsini, onlar əməliyyata başlayacağını bildirmişdir. 24.07.2019-cu il tarixdə qızı saat 14:30 –da əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 25.07.2019-cu il tarixdə stasionar şöbəyə köçürülmüş, 28.07.2019-cu il tarixdə vəziyyəti ağırlaşdıqdan sonra 29.07.2019-cu il tarixdə onu reanimasiya şöbəsinə aparmışlar. 02.08.2019-cu il tarixdə reanimasiya şöbəsinə qaytarmışlar və ona bildirmişlər ki, yenidən pul köçürməlisən. O, isə bildirmişdir ki, 7000 manat ödəmiş, yenidən niyə pul ödəməlidir, əvvəlcədən razılaşmışlar ki, 7000 manat ödəmiş, tam müalicəsi, əməliyyatı üçün, indidə qızının vəziyyəti çox ağırdır, sizdə pul tələb edirsiniz. Əməliyyatın xeyri olmamış, sadəcə onlar qızının ölümünü tezləşdirmişlər. 03.08.2019-cu il tarixində gecə saat 4-də palata, stasionar şöbədə qızı vəfat etmişdir. Mərkəzin yuxarı instansiyasına, prokurorluq orqanlarına mərkəzin bu yarıtmaz, yalnız pul güdmələrinə yönəlmiş fəaliyyəti barədə şikayətindən sonra qızının əməliyyatı üçün aldıqları 7000 manatın 2000 manatını ona qaytarsalarda, qalan 5000 manat pulunu qaytarmaq istəmirlər. O, əməliyyatdan öncə ona təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. Odur ki, X18un səhlənkarlığı ucbatından xərclədiyi 5000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının izahtındakı xüsusatları təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xəstəxanaya müraciət etdikdən sonra qızının analizləri götürülmüş, İlk olaraq vətəndaşla müqavilə bağlanmışdır. Heç bir həkim əməliyyat zamanı zəmanət verə bilməz ki, sizin xəstə 100% sağalacaqdır. Həmin xəstənin başında şiş olduğundan, belə xəstələrə ancaq əməliyyat edirlər. Həkim tərəfindən hər hansı səhlənkarlıq edilməmiş, xəstəyə lazım olan bütün tədbirlər görülmüşdür. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid həkim X11 bildirmişdir ki, o, X12 Mərkəzində nerocərrah həkimdir. Onlar xəstəxanaya gələn xəstəyə və yaxınlarına hər bir halda bütün halları izah edirlər. İddiaçı da onun qızının vəziyyətinin ağır olduğunu, əməliyyatın bütün hallarını izah etmiş, razılıq aldıqdan sonra sənədlərə iddiaçı imza etmişdir. O, iddiaçıya qızını 100% sağaldacağını deməmiş, həmin vəziyyətdə əməliyyatın zəruri olduğunu, nəticəsinin isə 50/50-ə olduğunu bildirmişdir. O, iddiaçının qızı üçün zəruri olan bütün tibbi xidmətləri və əməliyyatı etmişdir. İddiaçının xəstəxanaya etdiyi ödənişin ona heç bir aidiyyəti yoxdur. Əməliyyatın edilməsinə və ödəniş olunmasına iddiaçı özü razılıq vermişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 iyun 1974-cü ildə Samux rayonunda anadan olmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06.08.2019-cu il tarixdə beyin ödemindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.08.2019-cu il tarixdə 1407 nömrə ilə Gəncə Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeyd edilmişdir. - X12 Mərkəzi MMC-nin 22.07.2019-cu il tarixli Rentgen müayinə protokolundan görünür ki, xəstə X4 döş qəfəsinin rentgenoqrafiyası arxa-ön proyeksiyada çəkilmiş, döş qəfəsi orqanlarının icmal Rentgenoqrammasında, döş qəfəsinin forması normostenikdir, qabırğarası sahələr və onların istiqaməti dəyişməmişdir. Görünən sümüklərdə destruktiv və travmatik dəyişikliklər qeyd olunmur. Ağciyər sahələrində pnevmatizasiya müqayisədə dəyişməmişdir, ocaqlı infiltrativ-iltihabi kölgəliklər aşkar edilmir. Köklər strukturludur. Divararalığı və bronxətrafı limfa düyünlərinin böyüməsi qeyd olunmur. Diofraqma qubbələri adi formadadır, kənarları hamardır, səviyyəsi dəyişməmişdir. Kostofrenik sinuslar sərbəstdir. Ürək hüdudları norma daxilindədir. Nəticə: Rentgenoqrafiya müayinəsində, döş qəfəsi orqanları norma daxilindədir. - X12 Mərkəzi MMC-nin 23.07.2019-cu il tarixli Komputer Tomoqrafiya müayinə protokolundan görünür ki, xəstə X4 Döş qəfəsinin KT-da müayinəsindən görünür ki, Traxea və baş bronxlar açıqdır. Mediastinal damar strukturları və ürək normal lokalizasiya və konfiqurasiyadadır. Perikad boşluğunda maye izlənmədi. Mediastinumda böyümü limfa düyünləri qeyd olunmadı. Hər iki ağ ciyərdə törəmə və infiltarsiya qeyd olunmur. Hər iki hemitoraksda plevral maye aşkar olunmadı. Sümüklərə aid destrukiv yada litik törəmə izlənmədi. Ekstratorakal strukuralara aid patalogiya aşkar edilmədi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistia İdarəsinin Gəncə ŞOX ambulator, stasionar xəstənin tibbi kartasının çıxarışıdan görünür ki, xəstə X10 xəstəxanaya 12.07.2019-cu il tarixdə daxil olmuş, ona baş beyin şişi diaqnozu qoyulmuşdur. - Xəstə 04.07.2019-cu il tarixdə X2 baş beyin müayinəsi keçmişdir. Müayinə zamanı sağ beyin yarımkurəsində sağ temporal payda 52x48x45 mm ölçüdə törəmə təyin edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 23.07.2019-cu il tarixli “ciddi riskli tibbi xidmətə xəstə yaxını razılıq bildirişi”ndən görünür ki, iddiaçı onun tələbinə əsasən qızı Səadət Məmmədovaya həyata keçiriləcək tibbi xidmətlərin və əməliyyatın yüksək dərəcəli risklərinin, təhlükələrinin, meydana gələ biləcək fəsadlarının, əməliyyat zamanı və əməliyyatdan sonra ciddi ağırlaşmaların, o cümlədən ölüm halının baş verə biləcəyinin X12 Mərkəzi MMC həkimləri tərəfindən ona izah edildiyini bəyan etmişdir. Həmçinin izah olunanlara əsasən iddiaçı azad iradəsi ilə tibbi xidmətlərin və əməliyyatın X12 Mərkəzi MMC həkimləri tərəfindən həyata keçirilməsini tələb etmiş və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi va mənəvi məsuliyyətini öz üzərinə götürmüşdür. Əməliyyatın və göstərilən kidmətlərin nəticələrindən asılı olmoyaraq göstərilən tibbi xidmətlərə görə xəstəxanaya ödədiyi (ƏDV daxil) 3500 AZN məbləğin geri qaytarılmayacağını qəbul etmişdir. Müqavilədə nazərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq, “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstaxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 23.07.2019-cu il tarixli “ciddi riskli tibbi xidmət müqaviləsi”ndən görünür ki, Xəstə yaxını İddiaçı razılılq bildirişinə əsasən həyata keçiriləcək nadir (xüsusi) əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyatdan sonra ciddi ağırlaşmaların (ağciyər yetməzliyi, attelektaz, pnevmoniya, ölüm və s.) ola biləcəyi GMDM MMC həkimləri tərəfindən izah edilmişdir. İzah olunanlara əsasən Xəstə yaxını əməliyyatın Dr. Şahid tərəfindən həyata keçirilməsini tələb edir və əməliyyatın göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin maddi və mənəvi məsuliyyətini öz üzərinə götürmüş, əməliyyatın və xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxanay ödənilən 3500 manat məbləğin geri qaytarılmayacağını qəbul etmişdir. Mülki iş üzrə iddiaçının qızına Gəncə şəhəri X3 müayinə edildikdən baş beyin şişi diaqnozunun düzgün qoyulub-qoyulmasını və həmin vaxt müayinələrdə Sağ hemisfer törəmənin çıxarılması mümkün olub-olmadığını müəyyən etmək məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(044)-690/2020 saylı qərardadına əsasən məhkəmə – tibbi ekspertizası təyin olunmuşdur. Ekspertizanın 12.11.2020-ci il tarixli, 466/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 1974-cü il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. X12 X1 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, 23.07.2019cu il tarixdə saat 08:20-də xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona Sağ hemisfer törəmə diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq 24.07.2019-cu il tarixdə onun üzərində Sağ hemisfer törəmənin çıxarılması cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat faktiki və texniki cəhətdən düzgün aparılmışdır. X12 X5 aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydlarına uyğun olmuşdur. Mülki iş üzrə iddiaçının qızına X12 Mərkəzində müayinə edildikdən sonra X6 ilkin diaqnoz qoyulduğu vaxt qoyulmuş diaqnoz əsasında cərrahi müdaxilədən öncə xəstədə bəd xassəli şişin olmasını müəyyən etməyin mümkün olub-olmamasını, Maqnit-rezonans tomoqrafiyanın beyin şişlərinin bədxassəlilik dərəcəsini müəyyən etməyə, şiş residivini aşkar etməyə, əsas funksional sahələrin yerini təyin etməyə iman verib-vermədiyini, bu təyinatdan sonra hansı göstəricilərin nətiəsində xəstəyə cərrahi müdaxilə edilə biləcəyini, müayinə nəticəsində bəd xassəli şiş aşkar edilmişdirsə həmin şişə cərrahi müdaxilənin edilməsinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2(044)-15/2021 saylı qərardadına əsasən məhkəmə – tibbi ekspertizası təyin olunmuşdur. Ekspertizanın 07.05.2021-ci il tarixli, 187 saylı rəyində qeyd olunmuşdur ki, 1974-cü il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq X7 aparılmış MRT müayinəsini nəticəsinə əsasən onda sağ beyin yarimkürəsində sağ temporal payda 52x48x45mm ölçüdə heterogen strukturlu daxilində qanama materiallarının da izlənildiyi törəmə aşkar edilmişdir. Qeyd olunan törəmə ciddi kompresiya etdiyi üçün həmin törəmənin operativ yolla çıxarılmasına tibbi göstəriş olunmuşdur. Törəmə çıxarıldıqdan sonra onun bədxassəli və ya xoşxassəli müəyyən edilməsi yalnız patohistoloji tədqiqat aparılmaqla təyin etmək mümkündür. Maqnit-rezonans tomoqrafiya insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir və dəin yerləşmiş bioloji toxumaların vizuallaşmasını təmin edir, onlarda olan pataloji dəyişiklikləri, o cümlədən də beyində olan törəmələr və onların residivlərini aşkar etmək mümkün olur. X4 durumu xəstəxanaya daxil olarkən ağır olduğundan (baş beynin dislokasiyasiyası təhlükəsi yaranması) cərrahiyyə əməliyyatın aparılması həyatını xilas olunması üçün yeganə və əsas vasitə olmuşdur. Hər hansı bir şişin xasiyyətindən asılı olmayaraq xəstənin həyatını xilas etmək üçün cərrahi əməliyyatı aparılması məqsədə uyğundur. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki iddiaçı qızı Səadətin X12 Mərkəzi MMC-də düzgün əməliyyat olunmamasını, əməliyyata ehtiyac olmadığını və həmin xəstəxananın həkimi Şahid səhlənkarlığı ucbatından 5000 manat pul xərclədiyini və qızının vəfat etdiyini bildirsə də, bu faktları məhkəmədə sübut edə bilməmişdir. Əksinə, tərəflər arasında bağlanmış müqavilədən və razılıq bildirişindən məlum olur ki, iddiaçı özü əməliyyatın olunmasına razılıq vermiş və əməliyyat nəticəsində ola biləcək ağırlaşmaların, ölüm daxil, bütün məsuliyyətini öz üzərinə götürmüşdür. Həmçinin ekspert rəylərində də Gəncə şəhəri X9 tərəfindən iddiaçının qızına düzgün diaqnoz qoyulduğu, həmin anda cərrahi əməliyyatın aparılmasının iddiaçının qızının həyatını xilas etmək üçün yeganə və əsas vasitə olduğu, əməliyyatın düzgün aparıldığı qeyd edilmişdir. Mülki qanunvericiliyə əsasən iddiaçı cavabdehin işçilərinin təqsiri nəticəsində dəymiş zərəri tələb edə bilər, cavabdeh işçisinin vurduğu zərər üçün məsuliyyət daşıyır və həmin zərərin əvəzini ödəməlidir. Lakin işin faktiki hallarından müəyyən olunur ki, cavabdehin işçilərinin hər hansı təqsiri olmamış və onların təqsiri nəticəsində iddiaçıya zərər dəyməmiş, iddiaçının qızının ölümü cavabdehin həkiminin təqsiri nəticəsində baş verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, cavabdeh və ya onun işçilərinin təqsiri nəticəsində iddiaçıya zərər dəymədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117 və 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X12 Mərkəzi MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar