Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-157/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ara barının sökülməsi, torpaq sahəsinin naturada bölünməsi, istifadədə olan torpaq sahəsinin və tikintilərin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payın ayrılması və mülkün naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsi 67 saylı evdə yerləşən ara barının sökülməsinə, “A” literli yaşayış binası cavabdehin istifadəsində qalmaqla torpaq sahəsinin naturada iki hissəyə bölünməsinə, onun istifadəsində olan qanuniləşdirilməmiş tikintilərin və həmin tikintilərin yerləşdiyi torpaq sahəsinin onun payına verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsi 67 saylı mülkün ½ hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona, digər ½ hissəsi isə Cavabdeh məxsusdur. Mülkün torpaq sahəsi 0.0556 ha-dır. Hazırda torpaq sahəsinin hər iki qarşı tərəfindən tikintilər mövcuddur. Yalnız “A” literli yaşayış binası qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmişdir və həmin yaşayış binası cavabdehin istifadəsindədir. Özünün istifadəsində olan tikintilər isə qanuniləşdirlməmişdir. Cavabdeh yalnız özünə məxsus olan hissəni deyil, onun torpaq sahəsini də zəbt edərək, ona öz torpaq sahəsindən istifadə etməyə imkan vermir. Dəfələrlə torpaq sahəsindən çıxarılmasını tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş və torpaq sahəsində qanunsuz olaraq tikınti həyata keçirmişdir. Həmçinin, cavabdeh tərəfindən qanunsuz olaraq ara barı tikilmiş, bu zaman özünə daha çox torpaq sahəsi götürmüşdür. Hazırda o qanuna və paylarına uyğun olaraq torpaq sahəsinın bölünməsini istəyir. Buna görə də “A” literli yaşayış bınası cavabdehin istifadəsində qalmaqla torpaq sahəsının naturada iki hissəyə bölunməsinı və bu zaman onun istifadəsində olan qanunlaşdırılmamış tikintilərin və həmin tikintilərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsini istəyir. Bu zaman cavabdehin qanunsuz olaraq ona məxsus olan hissədə inşa etdirdiyi barının sökülməsini də istəyir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlər məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş seriya RX № ******* saylı “Çıxarışın” təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsi 67 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2020-ci il tarixli, 10/1708 saylı rəyindən müəyyən olunur ki, Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsi 67 saylı fərdi yaşayış evini ½ paylara uyğun olaraq iki hissəyə naturada təcrid şəklində bölünməsi, İnşaat norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsi 67 saylı fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi, tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğunu nəzərə alaraq “A” literli yaşayış sahəsi tərəflərin xüsusi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa edildiyi müəyyən olunmuşdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2016-cı il tarixli çıxarışına əsasən Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi 67 saylı mülkdə 0,0556 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,1 kv.metr olan yaşayış evinin 1/2 hissəsi Cavabdeh, 1/2 hissəsi isə İddiaçı mülkiyətindədir. A literli yaşayış evinin yaşayış otaqlarının sahəsi 19,7 kv. metr, 24,1 kv. metr, mətbəxin sahəsi 6,2 kv. m, örtülü eyvanın sahəsi 26,1 kv. metr təşkil edir. Texniki pasporta əsasən sənəd üzrə və faktiki olaraq torpaq sahəsinin ümumi sahəsi 0,0556 ha təşkil edir. Tərəflərin paylı mülkiyyətində olan yaşayış sahəsinin onların paylarına uyğun şəkildə naturada bölünməsinin mümkünlüyünün müəyyənləşdirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu Ağamirzə Əhmədov küçəsi 67 saylı fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, həyətyanı sahədə sanitar qovşağı ümumi istifadədə saxlanılmaqla və əlavə yaranmış ikinci hissədə (örtülü eyvanın daxilində) mətbəx yaradılmaqla tədqiq olunan fərdi yaşayış evinin 1/2 paylara uyğun olaraq iki hissəyə naturada təcrid şəklində bölünməsi, İnşaat Norma və Qaydalarına müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün texniki psortda göstərilən 1 və 2 saylı otaqların arasında olan qapı boşluğu bağlanmalı və həmin otaqların arasına olan arakəsmə boyunca örtülü eyvana doğru arakəsmə yaradılmalıdır. Tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, “A” literli yaşayış sahəsi tərəflərin xüsusi paylı mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. Məhkəmə qeyd edilən rəyi mübahisənin həlli baxımından sübut növü kimi qəbul edir və hesab edir ki, bu növ iddialar üzrə ekspert rəyi mübahisənin qəti şəkildə həll edilməsi üçün yeganə sübut etmə vasitəsidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, mübahisə predmeti olan evin naturada bölünməsi ilə bağlı iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından məhkəmə evin naturada bölgüsü ilə bağlı əlavə araşdırılma aparılmasını zəruri hesab etmir və bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək Gəncə şəhəri, Nizami rayonu Ağamirzə Əhmədov küçəsi 67 saylı fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi, həyətyanı sahədə sanitar qovşaq ümumi istifadədə saxlanılmaqla və əlavə yaranmış ikinci hissədə (örtülü eyvanın daxilində) mətbəx yaradılmaqla, texniki pasortda göstərilən 1 və 2 saylı otaqların arasında olan qapı boşluğu bağlanmaqla və həmin otaqların arasına olan arakəsmə boyunca örtülü eyvana doğru arakəsmə yaradılmaqla fərdi yaşayış evi 1/2 paylara uyğun olaraq iki hissəyə naturada təcrid şəklində bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir . Həmin Məcəllənin 103.1.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir . İddia tələbinin ara barının sökülməsi və “A”literli yaşayış binasının cavabdehin istifadəsində qalmaqla torpaq sahəsinin bölünməsinə dair hissəsini məhkəmə əsaslı hesab etmir. Belə ki, ekspert rəyi ilə yaşayış binasının tamamilə cavabdehin istifadəsində qalmaqla torpaq sahəsinin ½ hissədə bölünməsi mümkün olmamış, yalnız yuxarıda göstərilmiş qaydada paylara uyğun şəkildə mümkünlüyü öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilmiş qaydada bölgü aparıldığı təqdirdə ara barının yenə də iddiaçının mülkiyət hüquqlarının pozması müəyyən edilərsə o həmin ara barının sökülməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməyə haqlıdır. Məhkəmə iddia tələbinin iddiaçının istifadəsində olan qanuniləşdirilməmiş tikililərin və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin onun payına verilməsinə dair hissəsi ilə bağlı onu qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, iddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququna malik olsa da, həmin tikililər və torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsində olmadığından iddiaçı belə bir tələblə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Belə ki, qeyd edilən tələb hüququ mülkiyyətçilərə məxsus hüquqdur. İşin hallarından da göründüyü kimi iddiaçı qanuniləşdirilməmiş tikili və torpaq sahəsinin mülkiyyətçisi deyildir.Odur ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də tərəflərin üzərinə düşür. Məhz tərəflərin hər biri iddia ərizəsində göstərilmiş halları sübut etməlidirlər. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “payın ayrılması və mülkün naturada bölünməsi” tələbinə dair iddia tələbinin hüquqi əsasları olduğundan və hazırki iş üzrə mötəbər sübut kimi qəbul olunan ekspert rəyinə əsaslanmaqla qismən təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu Ağamirzə Əhmədov küçəsi 67 saylı fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi, həyətyanı sahədə sanitar qovşaq ümumi istifadədə saxlanılmaqla və əlavə yaranmış ikinci hissədə (örtülü eyvanın daxilində) mətbəx yaradılmaqla, texniki pasortda göstərilən 1 və 2 saylı otaqların arasında olan qapı boşluğu bağlanmaqla və həmin otaqların arasına olan arakəsmə boyunca örtülü eyvana doğru arakəsmə yaradılmaqla fərdi yaşayış evi 1/2 paylara uyğun olaraq iki hissəyə naturada təcrid şəklində bölünməli, iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 5 manatı iddiaçının özünə aid edilməli, 5 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı Cavabdeh, 50 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu Ağamirzə Əhmədov küçəsi 67 saylı fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi, həyətyanı sahədə sanitar qovşaq ümumi istifadədə saxlanılmaqla və əlavə yaranmış ikinci hissədə (örtülü eyvanın daxilində) mətbəx yaradılmaqla, texniki pasortda göstərilən 1 və 2 saylı otaqların arasında olan qapı boşluğu bağlanmaqla və həmin otaqların arasına olan arakəsmə boyunca örtülü eyvana doğru arakəsmə yaradılmaqla həmin fərdi yaşayış evi 1/2 paylara uyğun olaraq iki hissəyə naturada təcrid şəklində bölünsün. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 5 manatı iddiaçının özünə aid edilsin, 5 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı Cavabdeh, 50 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-157/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-157/2021
17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver