Məhkəmə qərarları › İş №2(044)-168/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-168/2021

11.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-168/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə yerləşən 1-ci mərtəbəsinin sahəsi 20.1 kvm olan xidməti otaqdan, sahəsi 32.3 kvm olan və sahəsi 65.8 kvm olan talvardan, sahəsi 13.6 kvm qarajdan, sahəsi 12.8 kvm olan əl damından, sahəsi 8 kv.m mətbəxdən, sahəsi 3.6 kvm, 4.5 kv.m hamamdan, sahəsi 2.2 kvm ayaq yolundan, 2-ci mərtəbəsi sahəsi 12.8 kvm, 24.8 kvm, 29.9 kvm üç yaşayış otaqlarından, sahəsi 71.5 kvm xidməti otaqdan, sahəsi 27 kvm eyvandan olan “A” literli yaşayış evinə və yuxarida göstərilən Gəncə şəhəri, Nizami rayon, Bağbanlar küçəsi 197 ünvanında yerləşən fərdi yaşayış evinə olan payların naturada ayrılması, isifadə hüququnun müəyyən edilməsi, paylara uyğun bölünməsi və ayrıca giriş çıxış yolunun müəyyən edilməsinə, Gəncə şəhəri, Nizami rayon, Bağbanlar küçəsi 197 ünvanda yerləşən boş torpaq sahəsinin ona çatan hissəsinin ayrılması mümkün olmadıqda , ona düşəsi evin və torpağın naturada ayrılması mümkün olmadığı halda, onların dəyərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evin 1/10 hissədə payı vardır və həmin əmlakdan ona düşən pay naturada bölünməli, bölünmə mümkün olmadıqda isə 25000 manat məbləğində pul alınıb ona verilməldir. Odur ki, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin 24.01.2020-ci il qeydiyyat tarixli **********77-10301 nömrəli çıxarışından görünür ki,Gəncə şəhəri, Nizami rayon, Bağbanlar küçəsi, ev 197 xüsusi mülkiyyət hüququ ilə 1/10 hissəsi İddiaçı və 9/10 hissəsi isə Cavabdeh məxsusdur; iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 19 mart 2021-ci il tarixli, 10\3625 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən “A” literli yaşayış evinin 9/10 və 1/10 hissədə paylara uyğun təcrid mənzillər şəklində iki hissəyə (əlavə tikililər yaradmaqla) bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan mülkün tikililəri üzrə hansı dəyişikliklərin aparılması, bölgü nəticəsində tərəflərə düşən mənzillərin hansı sahədən və tikilidən ibarət olması rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş plan sxemdə göstərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 17 sentyabr 2021-ci il tarixli 10/2581 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sahəsi 12,8 kvmetr olan otağın digər yaşayış sahəsindən ayrılaraq təcrid şəkildə(otağın planlı yerləşməsini və ikinci mərtəbə səviyyəsində yerləşdiyini nəzərə alaraq əlavə tikinti və yaxud artırılma işləri aparılmaqla)bölünməsi İnşaat Norma və Qaydaların 2.08.01.89un və 2.1,2.2,2.4,2.7,2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda mülkiyyət hüququ ilə özünə məxsus olan pay hissəsinin naturada bölünməsi onun üçün vacibdir. O, bu tələblə bağlı cavabdeh tərəflə məhkəmədən kənar qaydada razılıq əldə etməyə çalışsa da, sonda heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də o, qeyd olunan tələblə məhkəməyə müraciət etmək qərarına gəlib. Ekspert tərəfindən “payın naturada ayrılmasına dair” verilmiş rəylə razıdır və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o ekspertizanın rəyindən narazıdır. O heç olmazsa ikinci mərtəbədəki otağın birinin Tamellaya verilməsinə razıdır. Onun altında yerləşən otağın Tamellaya verilməsinə razı deyildir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, işin tam və obyektiv araşdırılmasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, A literli yaşayış evi yaşayış otaqlarından və yardımçı tikililərdən ibarət olmaqla torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahəsi ilə, bir tərəfdən isə yol ilə əhatə olunur. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinə giriş dəmir darvaza və dəmir qapı vasitəsilədir. Mülki iş materialında olan texniki pasportun məlumatları ilə evin faktiki vəziyyətində uyğunsuzluqların olduğu müəyyən edilir. Tədqiq olunan yaşayış evi mişar daşından inşa edilmiş iki mərtəbəli tikililərdən ibarətdir. Mübahisəli A literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən tikililinin sahələri aşağıdakı kimi müəyyən olunur: 1 saylı tikilinin sahəsi 2,20 m2 (2,20x1,0)m, , hündürlüyü 2,50m: 2 saylı tikilinin sahəsi 4,80 m2 (2,20x2,20)m, hündürlüyü 2,50m,3 saylı tikilinin sahəsi 3,60 m2 (2,25x1,60)m, hündürlüyü 2,50m:4 saylı tikilinin sahəsi 8,10 m2 (2,60х3,10)т, , hündürlüyü 2,50m,5 saylı tikilinin sahəsi 32,3 m2(3,40x9,50)m, hündürlüyü 2,80m,6 saylı tikilinin sahəsi 20,1 m2 (8,40x2,40)m, hündürlüyü 2,80m:7 saylı tikilinin sahəsi 49,6 m2 (11,0x1,5046,20x2,5048,0x2,80m: 8 saylı tikilinin sahəsi 12,8 m2 (3,20x4,0)m, , hündürlüyü 2,70m, 9 saylı tikilinin sahəsi 13,6 m2 (2,90x4,70)m, hündürlüyü 2,70m, Mübahisəli A literli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən tikililərin sahələri aşağıdakı kimi müəyyən olunur: 10 saylı tikilinin sahəsi 24,0 m2 (2,70х8,90)т, , hündürlüyü 3, 10m, 11 saylı tikilinin sahəsi 29,9 m2 (7,30x4, 10)m, hündürlüyü 3, 10m, 12 saylı tikilinin sahəsi 29,5 m2 (4,40x6,70)m, hündürlüyü 3,10m, 13 saylı tikilinin sahəsi 41,3 m2 (4,40x9,40)m, hündürlüyü 3,10m, 14 saylı tikilinin sahəsi 12,8 m2 (3,20x4,0 m) -2 hündürlüyü 3, 10m,15 saylı tikilinin sahəsi 24,8 m2(6,20x4,0)m, hündürlüyü 3,10 m Həyətyanı torpaq sahəsinin daxilində yerləşən B literli yardımçı tikilinin sahəsi isə aşağıdakı kimidir: 16 saylı tikilinin sahəsi 15,3 kv.m(3,40x4,50), hündürlüyü 2,70 Ekspertiza tədqiqatı zamanı o da müəyyən edilmişdir ki, A literli yaşayış evinin planlı yerləşmələrini, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə (əlavə tikililər yaradılmaqla)təmin olunmasını nəzərə alaraq yaşayış evinin naturada bölünməsi İnşaat Norma və Tikinti Qaydaları 2.08.01.89-un 2.1,2.2,2.4,2.7,2.9-cu bəndlərinin və metodikm tövsiyyələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 20,1 kv. metr olan yardımçı tikilidən küçəyə tərəf olan pəncərədən qapı açılmalı, həmin tikilinin daxilində olan girişçıxış qapısı bağlanmalı, tikilinin daxilində sanitar qovşağı yaradılmalı, həmin tikilinin daxilində pilləkən quraşdırılaraq ikinci mərtəbə səviyyəsinə yerləşən sahəsi 14,5 kv.m olan otağa giriş-çıxış yolu açılmalıdır. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin qeyd edilən qaydada bölünməsi tərəflərin paylarına mütənasib olmaqla, həm də İnşaat Norma və Qaydaların tələblərinə də uyğundur. Belə ki, İnşaat Norma və Qaydaların 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7 və 2.9-cu bəndlərində göstərilmişdir ki, yaşayış otaqlarının hündürlüyü döşəmədən tavana qədər olan məsafə 2.5m-dən və yardımçı tikili, daxili koridorun hündürlüyü isə 2.1m-dən az olmamalıdır. Yaşayış evlərində mənzillər, bir ailənin yerləşdirilməsi şərtilə layihələndirilir. Mənzillərdə aşağıdaki tikililər nəzərdə tutulmalıdır: Yaşayış - ümumi və yataq otaqları. Yardımçı-mətbəx, dəhliz, hamam, tualet, koridor, şüşəbənd, təsərrüfat anbarı və s. Yaşayış otaqlarnın sahəsi 8.0m2-dan az olmamalıdır. Mənzillərdə yardımçı tikililərin eni, mətbəx - 1.7 m, daxili koridor 0.85m, dəhliz- 1.4m,tualet - 0.80m.Yaşayış otaqlarının eni 2.20 m-dən az olmamalıdır. Mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 324,7 kv.metr, o cümlədən 102,0 kv. metr yaşayış sahəsi və 222,7 kv. metr yardımçı sahə təşkil edir ki, bu zaman iddiaçının 1/10 hissə üzrə payı aşağıdakı kimi müəyyən edilir: Ümumi sahə üzrə 1/10 hissə-32,5 kv. metr(324,7:10) Yaşayış sahəsi üzrə-10,2 kv. metr(102,0:10) Yardımçı sahə üzrə-22,3 kv.metr(222,7:10) Odur ki, məhkəmə bu qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evinin göstərilən qaydada tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsi mümkün olduğundan iddia tələbi qismən təmin edilərək, fərdi yaşayış evi yuxarıda göstərilən qaydada bölünməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də tərəflərin üzərinə düşür. Məhz tərəflərin hər biri iddia ərizəsində göstərilmiş halları sübut etməlidirlər. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməlidir. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir . Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, ABB mərkəzi filialı, VÖEN **********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 S.W.İ.F.T. Bik: İBAZAR 2X hesaba keçirilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, ünvan 1 ünvanda yerləşən “A” literli yaşayış evinın birinci mərtəbədə yerləşən hündürlüyü 2,80 metr, sahəsi 20,1 kv. metr olan 6 saylı tikili sahəsi və ikinci mərtəbə səviyyəsində yerləşən sahəsi 14,5 kv. metr olan otaq İddiaçı istifadəsində saxlanılmaqla onun payına uyğun şəkildə bölünməli, A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 20,1 kv.metr olan yardımçı tikilidən küçəyə tərəf olan pəncərədən qapı açılmalı, həmin tikilinin daxilində olan giriş-çıxısı qapısı bağlanmalı, tikilinin daxilində sanitar qovşaq yaradılmalı, həmin tikilinin daxilində pilləkən quraşdırılaraq ikinci mərtəbə səviyyəsində yerləşən sahəsi 14,5 kv. metr olan otağa girişçıxış yolu açılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən “A” literli yaşayış evinın birinci mərtəbədə yerləşən hündürlüyü 2,80 metr, sahəsi 20,1 kv. metr olan 6 saylı tikili sahəsi və ikinci mərtəbə səviyyəsində yerləşən sahəsi 14,5 kv. metr olan otaq İddiaçı istifadəsində saxlanılmaqla onun payına uyğun şəkildə bölünsün. A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 20,1 kv.metr olan yardımçı tikilidən küçəyə tərəf olan pəncərədən qapı açılmaqla, həmin tikilinin daxilində olan giriş-çıxıs qapısı bağlanılsın. Ttikilinin daxilində sanitar qovşaq yaradılmaqla həmin tikilinin daxilində pilləkən quraşdırılaraq ikinci mərtəbə səviyyəsində yerləşən sahəsi 14,5 kv. metr olan otağa girişçıxış yolu açılsın. Evin bölgüsü ilə bağlı əlavə quraşdırılma işlərinin aparılması iddiaçının özünə həvalə edilsin. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyir olan 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar