Məhkəmə qərarları › İş №2(044)-1732/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-1732/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1732/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 4300 manat, mənəvi ziyana görə 10000 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək, ona dəyən 4300 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh onun həyat yoldaşı X2 avtoqəza nəticəsində ehtiyatsızlıqdan öldürdüyünə görə cavabdehə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb məhkəmə məsuliyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi 18 fevral 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsi qeyd edilən maddə ilə təqsirli bilib 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək ilə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməsini müəyyən etmişdir. O, həmin hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi 17 sentyabr 2020-ci il tarixli qərarı ilə şikayətini təmin edib və cavabdeh şəxsi 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Cavabdehin hərəkətləri nəticəsində ona həm maddi həm də mənəvi ziyan dəymişdir. Belə ki, onun əri vəfat etdikdən sonra cavabdeh tərəfindən ona heç bir maddi yardım edilməmişdir. Onun ərinin yas mərasimi ilə bağlı olan bütün xərcləri o, özü ödəmişdir. O, həmin mərasimə 4300 manat məbləğində pul xərcləmişdir. Həmin pulun 1502 dollardan ( cari kursla 2553 manat) çoxunu mərhumun qəbirüstü daşına qalan hissəsini isə digər işlərə xərcləmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - 15 noyabr 2019-cu il tarixli № ******* saylı Qaimə-fakturadan görünür ki, İddiaçı qəbirdaşı abidəsinin düzəlməsi üçün 1502 ABŞ dolları ödəmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.09.2020-ci il tarixli, 1(104)-188/2020 saylı qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Tovuz Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli, 1(062)-21/2020 saylı hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Cavabdeh CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş cəza artırılaraq 3 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası həddində müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki Cavabdeh, onun təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X1 dəfn xərclərini çəkmiş İddiaçı həmin xərclərin əvəzini ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 1127-ci maddəsinə əsasən zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, maddi zərərin əvəzi qismində 4300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maddi zərərin əvəzi qismində 4300 (dörd min üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar