Məhkəmə qərarları › İş №2(044)-1871/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1871/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1871/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh2 istirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda yerləşən 30 saylı mənzilin istifadəsinə olan qanunsuz maneələrin aradan qaldırılması və suyun axıdılması nəticəsində mənzilə və əşyalara vurulmuş maddi ziyanın əvəzi olaraq 12500 manat real zərər və 5000 manat mənəvi zərər, cəmi 17500 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 30 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* saylı çıxarış verilmişdir. Həmin mənzilin ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 60.6 kv.m, yardımçı sahə 34.7 kv.m-dir. Mənzildə 2017-2018—ci illər ərzində kifayət qədər şəxsi vəsait hesabına əsaslı təmir işləri aparılmış, mənzil 6-cı mərtəbədə yerləşir, həmin binanın 7-ci mərtəbəsində 32 saylı mənzil cavabdeh X4 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. 2019-2020-ci illər ərzində mütəmadi olaraq su axıdılması nəticəsində ona məxsus mənzilə, mənzildə olan mebel dəstlərinə xeyli zərər vurulmuşdur. Evin sahibi və Cavabdeh1 komendantı Məzahir müəllim mənzilə gələrək evin və orada olan əşyaların yararsız hala düşməsinin şahidi olmuşlar. 32 saylı mənzilin sahibi Şəmkirin Seyfəli kəndində yaşayırlar, evi kirayə vermiş və kirayəçinin təqsiri üzündən bu hallar baş vermişdir. Mənzili iki dəfə yenidən təmir edilmiş və 32 saylı mənzilin sahibi onun tərəfindən belə qanunsuz hərəkətlər təkrarlanmayacağına söz vermişdir. 09-15 may iş günləri olmadığı üçün, o, Ramazan Bayramını qeyd etmək üçün Gəncə şəhərinə gəlmiş, mənzilə daxil olan zaman böyük sarsıntı keçirmiş, 32 saylı mənzilin sahibinin qanunsuz, təqsirli hərəkətləri və cavabdehin mənzilinə su, istilik və kanalizasiya sistemi düzgün quraşdırılmadığından bu hal yenidən baş vermişdir. Bu səbəbdən mənzildə olan mübül və bütün əşyalar su altında qalmış, divarların boyaları və döşəmənin parketi nəm çəkərək yararsız hala düşmüş, tavanda çatlar əmələ gəlmişdir.32 saylı mənzilin sahibi MTK-nin komendantı mənzilə gələrək hadisənin şahidi olmuşlar Beləliklə, ona məxsus 30 saylı mənzilə su sızması nəticəsində zərərin dəyməsi faktı və bu halın 32 saylı mənzildə su borularının nasaz vəziyyətdə olmaıs səbəbindən baş verməsi işin mübahisəsiz halıdır. Hazırda mənzilə və mənzildə olan əşyalara böyük həcmdə zərər vurulmuş, mənzilə ümumi olaraq,12500 manat dəyərində zərər dəymişdir. O, dəfələrlə cavabdehlərə müraciət edərək, bu xoşagəlməz halların qarşısını almasını xahiş etmiş, nəticəsi olmamışdır İddiaçı nümayəndəsi (vəkil) Vəkil cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə vəsatət verərək, X3 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmiş və vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır. Ekspert həqiqəti müəyyən etmiş və Cavabdeh2 təqsiri ucbatından evə dəymiş ziyanı düzgün müəyyən etmişdir. Həmçinin iddiaçı cavabdehin təqsirli hərəkətləri ucbatından fiziki iztirablar keçirərək mənəvi ziyana da uğramışdır. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı tərəfindən məhkəmə prosesi başa çatmadan yenidən evdə təmir işləri aparılır. Bu hal isə zərərin düzgün müəyyən edilməsinə əks təsir edir. Həmçinin ekspert rəyi ilə razı deyildir. Yenidən ekspertiza keçirilməsinə zərurət vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: ünvan 1, mənzil 30 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş 22.09.2014-cü il tarixli, 65830 nömrəli texniki pasportdan görünür ki, hüquq subyekti İddiaçıdur. Əsas Gəncə şəhər 5 saylı Dövlət Notariat Kontorunun təsdiq etdiyi 09.09.2014cü il tarixli, 4Ə-199 reyestr nömrəli alqı-satqı müqaviləsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı 144928 saylı çıxarışdan görünür ki, ünvan 1, mənzil 32 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2021-ci il tarixli, 10/3194, 9/5337 saylı ekspert rəyindən görünür ki, iddiaçıya məxsus 30 saylı mənzil binanın 6-cı mərtəbəsində, cavabdehə məxsus 32 saylı mənzil isə binanın 7-ci mərtəbəsində yerləşir. 30 saylı mənzilin yaşayış otagına divar və tavanına vurulmuş şpaklyovka və boya qatının qabarıb tökülmüş, tavana quraşdırılmış alçipan çürüyərək qopmuş və döşəməyə vurulmuş parket çürümüşdür. Yaranmış qüsurlar su sızmasına aiddir. Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 242 saylı binanın 30 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 32 saylı mənzildən su axıdıldığı və nəticədə 30 saylı mənzilin yaşayış otağına ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 242 saylı binanın 30 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təxminən 5115 manat, çilçırağın zədələnməsi nəticəsində isə dəymiş ziyanın təxminən 700 manat olması müəyyən edilir. Terminal vasitəsilə ödənilmiş 17876 saylı qəbzdən görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 15.05.2021-ci il tarixdə 201 manat ödəniş edilmişdir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 30 saylı mənzilə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 5115 manat pul, çılçırağın zədələnməsi nəticəsində dəymiş ziyana görə 700 manat cəmi 5815 manat, mənəvi ziyanın əvəzi kimi 1500 manat, hüquqi yardıma görə ödənilmiş 201 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pulun tutularaq, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən 30 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla binanın 6-cı mərtbəsində yerləşir. Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən 32 saylı mənzil isə iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yəni binan 7-ci mərtəbəsində yerləşir. Cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilin yaşayış otağının təmiri yararsız hala düşmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanlar yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlə, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 242 saylı binanın 30 saylı mənzilinə su sızması nəticəsində evin yaşayış otağı yararsız hala düşmüşdür. Həmin mənzilə isə su yuxarıda mərtəbədə yerləşən və cavabdehin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 242 saylı binanın 32 saylı mənzildən axıdılmışdır. İşin qeyd olunan halı ekspert rəyi ilə təsdiqini tapır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri) Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert rəyi kifayət qədər əsaslandırılmış, rəydə hər hansı anlaşılmaz qaranlıq məqama yol verilməmiş, habelə rəy dəqiq və müfəssəl tərtib edilmişdir. Məhkəmə göstərir ki, ekspert rəyi ilə cavabdehin mənzilindən iddiaçının mülkiyyətində olan mənzilə su axıdılması nəticəsində ziyan vurulması müəyyən edildiyi üçün cavabdehin iddiaçı qarşısında zərərin əvəzini ödəmək vəzifəsi yaranmışdır. Ona görə də rəyə müvafiq olaraq iddiaçının mülkiyyətində olan mənzildə dəymiş maddi ziyanın əvəzi kimi 5815 manat pul (5115 manat təmir tikinti işləri, 700 manat çilçıraq üçün) cavabdehdən alınaraq ona verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəiləsinin «Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 5000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Lakin bununla yanaşı məhkəmə göstərir ki, İddiaçı cavabdehin hüquqzidd hərəkətləri nəticəsində evinin yaşayış otağının yararsız hala gəlməsi, iddiaçının bayram günlərində qalmaq üçün gələn zaman evdə yararsızlıq ucbatından yaşaya bilməməsi onun ailəsinin qarşısında mənəvi sarsıntı keçirməsinə gətirib çıxarmışdır. Odur ki, mənəvi ziyanın əvəzi olaraq Cavabdeh2 1500 manat məbləğdə pulun tutularaq iddiaçıya verilməsi ağlabatan və məqsədəmüvafiq olar. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddia tələbinin hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumunun qarşılığında 30 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən vəkilin hüquqi xidmətlərin ödəmək üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 15.05.2021-ci il tarixdə 201 manat, iddianın verilməsi üçün isə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, həmin məbləğlər Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin Cavabdeh1nə və digər hissələri üzrə məhkəmə qeyd edir ki, həmin hissələr üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 30 saylı mənzilə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 5815 manat pulun, mənəvi ziyanın əvəzi kimi 1500 manat məbləğdə pulun, hüquqi yardıma görə ödənilmiş 201 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pulun tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 30 saylı mənzilə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 5815 manat pul, mənəvi ziyanın əvəzi kimi 1500 manat, hüquqi yardıma görə ödənilmiş 201 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pul tutularaq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1nə aid və qalan hissələrdə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat Cavabdeh2 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar