Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1895/2021 17.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 vəkili X1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mənzilin layihə ölçülərinin faktik vəziyyətə uyğun tərtib edilməsi və pul» tələbinə dair ilkin, Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «müqavilənin ləğvi, dəyişdirilməsi və pul» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mənzilin layihə ölçülərinin faktik vəziyyətə uyğun tərtib edilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanda yerləşən 34 və 35 saylı mənzillərin layihə ölçülərinin faktik vəziyyətə uyğun tərtib edilməsinin cavabdehə həvalə edilməsi, 34 saylı mənzilin İddiaçı1 satılmış hissədə yaşayış sahəsi hesab edilməyən 27,5 kv.m. hissəsinə görə ödənilmiş 11000 manat pulun, 35 saylı mənzilin İddiaçı2 satılmış hissədə yaşayış sahəsi hesab edilməyən 46,5 kv.m. hissəsinə görə ödənilmiş 18500 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşlıqlı iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi cavabdehlər İddiaçı1 və İddiaçı2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «müqavilənin ləğvi, dəyişdirilməsi və pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı2 ilə bağlanmış 10.12.2016-cı il tarixli müqavilənin dəyişdirilməsi, mənzilin 1 kv.m.-nin 1000 manatdan hesablanmaqla 150.4 kv.m. üçün pulun cəmiyyətə ödənilməsi, İddiaçı1 ilə bağlanmış 08.05.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, 1 kv.m-nə cavabdeh tərəfindən 400 manat olmaqla ödənilmiş 100 kv.m. mənzilə dair vəsaitin cəmiyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən binanın 2-ci girişinin 10-cu mərtbəsində ümumi sahəsi 196,5 kv.m. olan 5 otaqlı, 35 saylı mənzil İddiaçı2 tərəfindən, həmin mərtəbədə ümumi sahəsi sənəd üzrə 100 kv.m. olan 34 saylı mənzil isə İddiaçı1 tərəfindən Cavabdeh MMC ilə 10.12.2016-cı il tarixdə bağlanılmış müqavilələr üzrə alınmışdır. Mənzilə dair mülkiyyət hüququ haqqında çıxarış alınması üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilsə də, 25.02.2021-ci il tarixli məktubla imtina alınmışdır. İmtinanın əsası kimi mənzilin layihə ölçülərinin faktik ölçülərlə uyğun olmaması göstərilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı1 aid hissədə sənəd üzrə mənzil 100 kv.m. göstərilsə də, faktik olaraq 72,5 kv.m., X4 aid hissədə sənəd üzrə 196,65 kv.m. olduğu halda faktiki 150,4 kv.m.dir. Mənzilin sənəd üzrə və faktiki ölçülərində kv.m. hesabı ilə fərqə görə İddiaçı1 27,5 kv.m. sahə üçün 11000 manat, İddiaçı2 uyğun olmayan 46,25 kv.m. üçün 18500 manat artıq pul ödəmişdir. Məsələ ilə bağlı cavabdeh cəmiyyətə müraciət etsələr də, müsbət nəticə əldə edilməmişdir. Halbuki, onlar tərəfindən mənzilin yaşayış sahəsi kimi 100 kv.m. və 196,65 kv.m. sahələr üçün pul ödənilmişdir. Mənzillərdə belə fərqin yaranmasına əsas isə mənzillərin binanın 10-cu mərtəbəsində mansard hissədə yerləşməsidir. Mansart hissədə mənzilin tavan hissəsinin yanlarda aşağı düşməsi sonda isə döşəmə ilə birləşməsi baş verir. Həmin hissələr isə yaşayış sahəsi üçün yararlı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 10.12.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binadan İddiaçı2 faktiki sahəsi 196,5 kv.m. olan 5 otaqlı 35 saylı və həmin mərtəbədə cavabdeh İddiaçı1 08.05.2017-ci il tarixli müqavilə ilə faktiki sahəsi 100 kv.m. olan 34 saylı mənzil bazar qiymətindən xeyli aşağı olmaqla, yəni 1 kv.m. sahəsi 400 manatdan satılmışdır. Cavabdehlər tərəfindən mənzillər satılarkən tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri razılaşdırılmışdır. Onlar tərəfindən mənzillərə baxış keçirilmiş və mənzillərin mansard hissədə olduğu üçün azalan hissə ilə birlikdə yuxarıda göstərilən sahəni əhatə etdiyi bildirilmişdir. Bu səbəbdən mənzillər real bazar qiyməti ilə deyil, daha ucuz rəsmiləşdirilmişdir. Həmin vaxt binada mənzillərin kvadratı 1000 manat olduğu halda mübahisəli mənzillər kvadratı 400 manatdan satılmışdır. Cavabdehlər iddia etsələr ki, şirkətin maddi durumu yaxşı olmadığı üçün mənzillər yuxarıda göstərilən qiymətə alınmışdır. Halbuki, həmin satış vaxtı binanın tikintisi başa çatmış, binanın alt mərtəbələrində qeyri-yaşayış sahələri vardır bə zirzəmidə qaraj vardır. Əgər real bazar dəyərindən həqiqi olaraq aşağı satılsa idi, elə binada yaşayan sakinləri özləri üçün alardılar. Bundan başqa İddiaçı2 aldığı 196,5 kv.m. olan 5 otaqlı 35 saylı mənzil təmir olunmuş, orada yaşayış mövcuddur. Digər İddiaçı1 aldığı faktiki sahəsi 100 kv.m. olan 34 saylı mənzil isə təmirsizdir və yaşayış yoxdur. Belə olan halda İddiaçı2 aldığı mənzilə görə kvadrata görə 1000 manat olmaqla aralarında olan müqavilə dəyişdirilməli, İddiaçı1 ilə isə bağlanmış müqavilə ləğv edilməli və ödənilən pul geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qeyd edtdi ki, hüquqlarını müdafiə etdiyi şəxslər alqı-satqı müqavilələri üzrə qeyd olunmuş mənzillərin sahələrinə uyğun pul ödəmişlər. Lakin buna baxmayaraq mənzillərin sahələri müqavilədə göstəriləndən müvafiq olaraq 27,5 kv.m. və 46,25 kv.m. azdır. Şirkət nümayəndəsi hüquqlarını müdafiə etdiyi şəxslərin bundan məlumatlarının olduğunu bildirsə də, bu həqiqəti əks etdirmir. Belə olsa idi, heç iddiaçılar göstərilən pul məbləğlərini ödəməzdilər. Mənzillərin 1 kv.m. üçün 400 manat tərəflərin razılaşması ilə ödənilmişdir. Şirkət tərəfindən hər hansı güzəşt edilməmişdir. Odur ki, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi X5 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mübahisəli mənzillər mansard hissə olduğundan və bundan iddiaçıların məlumatı olduğundan digər mənzillərə münasibətdə kvadrat metri aşağı qiymətə satılmışdır. Bunu iddiaçıların özləri də bilmişdir. Çünki normalda həmin binada mənzillər kvadrat metri 1000 manatdan satışa çıxarıldığı halda iddiaçılar kvadrat metri 400 manata almışlar. Hansı ki, iddiaçılar mənzillərin mansard hissə olduğunu görmüş, bu hal üzrə onlara mənzillərin aşağı qiymətə satıldığını bilmiş və ölçülərin az olduğunu bilərək faktik onlarla razılaşmışlar. Ona görə də hazırda ilkin iddia tələbi əsassızdır. Odur ki, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı2 arasında bağlanmış 10.12.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 saylı ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 196,65 kv.m. olan 5 otaqlı 35 saylı mənzili şirkət (mənzilin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) müştəriyə verməsini, müştəri isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 196,65 kv.m. təşkil edir və ümumi dəyəri 78660 manat dəyərində müəyyən edilir və hər 1 kv.m-nə 400 manat layihə smeta sənədləri əsasında müəyyən edilir. Müştəri müqavilə imzalanan tarixdə mənzilin ümumi dəyəri kimi 78660 manatı şirkətin hesabına və ya xəzinəsinə ödəməlidir. Cavabdeh MMC tərəfindən verilmiş 19.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 saylı ünvanda tikilən yaşayış binası Cəmiyyətə məxsusdur. Həmin binanın 2-ci giriş, 10-cu mərtəbəsində, ümumi sahəsi 196,65 kv.m. olan 5 otaqlı 35 saylı mənzildən İddiaçı2 cəmiyyətə borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli İddiaçı2 ünvanlanmış bildirişdən görünür ki, ünvan 2ın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ərizənin icrası mənzilə dair cizgi ilə binanın layihəsində göstərilən ölçülər arasında uyğunsuzluq olduğundan mümkün deyildir. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı1 arasında bağlanmış 08.05.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 saylı ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 100 kv.m. olan 2 otaqlı 34 saylı mənzili şirkət (mənzilin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) müştəriyə verməsini, müştəri isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 100 kv.m. təşkil edir və ümumi dəyəri 40000 manat dəyərində müəyyən edilir və hər 1 kv.m-nə 400 manat layihə smeta sənədləri əsasında müəyyən edilir. Müştəri müqavilə imzalanan tarixdə mənzilin ümumi dəyəri kimi 40000 manatı şirkətin hesabına və ya xəzinəsinə ödəməlidir. Cavabdeh MMC tərəfindən verilmiş 19.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 saylı ünvanda tikilən yaşayış binası Cəmiyyətə məxsusdur. Həmin binanın 2-ci giriş, 10-cu mərtəbəsində, ümumi sahəsi 100 kv.m. olan 2 otaqlı 34 saylı mənzildən İddiaçı1 cəmiyyətə borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli İddiaçı1 ünvanlanmış bildirişdən görünür ki, ünvan 2ın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ərizənin icrası mənzilə dair cizgi ilə binanın layihəsində göstərilən ölçülər arasında uyğunsuzluq olduğundan mümkün deyildir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 saylı ünvanda tikilən çoxmənzilli yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Şirkət tərəfindən həmin binanın 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. olan 2 otaqlı 34 saylı mənzil 08.05.2017-ci il tarixli alqısatqı müqaviləsi üzrə kvadrat metrinə 400 manat olmaqla 40000 manat müqabilində İddiaçı1, həmin mərtəbədə olan ümumi sahəsi 196,65 kv.m. olan 5 otaqlı 35 saylı mənzil isə kvadrat metrinə 400 manat olmaqla 78600 manat müqabilində İddiaçı2 satılmışdır. Alıcılar tərəfindən mənzillərin dəyəri tam olaraq ödənilmişdir. Bundan sonra alıcılar daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edərək mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. Lakin inzibati orqan bundan imtina edərək əsas kimi göstərmişdir ki, mənzilə dair cizgi ilə binanın layihəsində göstərilən ölçülər arasında uyğunsuzluq vardır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə həmçinin göstərir ki, birinci növbədə ilkin iddia tələbinə hüquqi qiymət verilməlidir. Çünki qarşılıqlı iddia tələbinin həlli ilkin iddia tələbinin həllinin nəticəsindən müəyyən olunacaqdır. Odur ki, daha öncə ilkin iddia tələbi hüquqi dəyərləndirilməlidir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Alqı-satqı müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – satıcı pul müqabilində mülkiyyətində olan əmlakı verməyi, digər tərəf – alıcı isə əmlakın dəyərini ödəməklə həmin əmlakı qəbul etməyi nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. İşdə olan sənədlərdən göründüyü kimi tərəflər arasında müvafiq olaraq Gəncə şəhəri, Atatürk prospekti, 269 saylı ünvanda tikilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən müvafiq olaraq sahələri 100 kv.m. və 196,65 kv.m. olan 34 və 35 saylı mənzillər alqı-satqı müqavilələri üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri qarşılıqlı razılaşma üzrə tam ödənilməklə alınmışdır. Hazırda ilkin iddiaçıların ilkin cavabdehə hər hansı borcu qalmamışdır. Mülki Məcəllənin 567-ci maddəsində göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsində qeyd olunmuşdur ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 599.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Məhkəmə göstərir ki, ilkin iddiaçıların alqı-satqı üzrə aldıqları mənzillərin ümumi sahələri 100 kv.m. və 196,65 kv.m.-dir. Məhz həmin sahələrə uyğun olaraq ilkin iddiaçılar tərəfindən pul məbləğləri ödənilmişdir. Tərəflərin həm müqavilədən qabaq, həm də müqavilə bağlandıqdan sonrakı davranışları da yuxarıda qeyd olunan ölçülərdə olan mənzillərin alqı-satqı predmeti olmasını qeyd-şərtsiz ehtiva edir. Məhkəmənin bu yanaşması qarşılıqlı iddiaçının “mansard olduğu üçün və sahənin az olmasını ilkin iddiaçıların bilməsi” dəlilindən yaranmışdır. Məhkəmə işin bu halında Mülki Məcəllənin 404.1-ci maddəsinə nəzərə salınmasını zəruri hesab edir. Həmin normada göstərilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Eyni zamanda qarşılıqlı iddiaçı göstərilən dəlil üzrə sübutetmə vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Onun nümayəndəsinin bu mövqeyi yalnız subyektiv mülahizəyə söykənmiş, hə hansı sübutla təsdiqini tapmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri) Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi həm müqavilələrin şərtləri, həm də tərəflərin müqavilədən qabaq və sonrakı davranışları məhz 100 kv.m. və 196,65 kv.m. sahəli mənzillərin alqı-satqı predmeti olmasını birmənalı olaraq təsdiq edir. Bundan sonrakı qiymət verilməli olan hal alqı-satqı müqavilələri üzrə tərəflərin üzərinə götürdükləri öhdəliklərin icra olunubolunmamasından ibarətdir. Bununla bağlı məhkəmə Mülki Məcəllənin öhdəliklərin icrasından bəhs edən 21-ci fəslinə nəzər salınmasını məqsədəuyğun sayır. Öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipindən bəhs edən Mülki Məcəllənin 425ci maddəsində göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəlik hüquq münasibətləri ilə bağlı məhkəmə daha geniş şəkildə göstərir ki, öhdəlik mülki hüquq münasibətinin bir növü olmaqla, quruluşca 3 elementdən ibarətdir. Bunlara öhdəliyin tərəfləri (subyektləri), öhdəliyin məzmunu və öhdəliyin obyekti daxildir. Hazırda tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətləri üzrə onlar tərəfdir, obyekt kimi onların müqavilə üzrə üzərinə düşən etməli olduğu hərəkətlər mövcuddur, habelə onların hüquq və vəzifələri kimi öhdəliyin məzmunu vardır. Tərəflər arasında münasibətlər alqı-satqı üzrə olduğundan onların hər ikisi həm kreditor, həm də borcludur. Çünki hər biri həm tələb etmək hüququna, həm də fəal hərəkətlər etmək vəzifəsinə malikdir. Hazırki mübahisə üzrə isə alıcı kimi ilkin iddiaçılar öhdəlik hüquq münasibətlərinin bütün elementlərini həyata keçirmişlər. Yəni onlar qarşılıqlı şərtləşmə üzrə mənzilin sahəsinə uyğun olaraq müəyyən edilmiş məbləğləri ödəmişlər. Halbuki, satıcı kimi ilkin iddia üzrə cavabdeh tərəfindən müqaviləyə uyğun olaraq dəyəri ödənilmiş ölçülərə uyğun mənzillər verilməmişdir. Bununla da satıcı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Nəticədə ilkin iddiaçılar üçün müqavilələr üzrə öhdəlik hüquq münasibətlərinin məqsədinə nail olunmamışdır. Yəni öhdəlik hüquq münasibətinin məqsədi dedikdə tərəflərin müəyyən nəticəyə nail olmaq məqsədi ilə girdiyi hüquq münasibəti başa düşülür. Baxılan işdə tərəflər alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərində olduğundan alıcı kimi ilkin iddiaçıların məqsədi sahib olmaq istdikləri əmlakları əldə etməkdən ibarət olmuşdur ki, bu da baş tutmamışdır. Ona görə məhkəmə hesab edir ki, alqı-satqı müqavilələri üzrə İddiaçı1 aid hissədə sənəd üzrə mənzil 100 kv.m. göstərilsə də, faktik olaraq 72,5 kv.m., X4 aid hissədə sənəd üzrə 196,65 kv.m. olduğu halda faktiki 150,4 kv.m. olduğu üçün İddiaçı1 əlavə pul alınmış 27,5 kv.m. sahə üçün 11000 manat, İddiaçı2 isə əlavə pul alınmış 46,25 kv.m. üçün 18500 manat vəsait şirkət tərəfindən geri qaytarılmalıdır. Mülki Məcəllənin 599.3-cü maddəsində göstərilmişdir ki, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Eyni zamanda ilkin iddia üzrə cavabdehə mübahisəli mənzillərin layihə ölçülərinin faktik vəziyyətə uyğun tərtib edilməsi həvalə edilməlidir. Çünki Mülki Məcəllənin 568.2-ci maddəsində göstərilmişdir ki, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə göstərir ki, qarşılıqlı iddiaçının tələbi qanuni və əsaslı deyildir. Qarşılıqlı iddia tələbindən görünür ki, iddia tələbi müqavilənin dəyişdirilməsi və ləğvindən ibarətdir. Bununla bağlı məhkəmə aşağıdakı maddi hüquq normalarının sistemli şəkildə təhlil edilməsini diqqətə çatdırır. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə; Məhkəmə göstərir ki, hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Çünki alıcılar tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər tam şəkildə icra edilmiş, müqavilə predmeti olan mənzillər onlar tərəfindən qəbul edilmiş, dəyəri ödənilmişdir. Əksinə satıcı kimi qarşılıqlı iddiaçı müqavilə üzrə ödənilmiş pul vəsaitinə uyğun ölçüdə mənzillər vermədiyi üçün ilkin iddiaçılar ondan artıq ödənilmiş pul vəsaitini tələb edirlər və məhkəmə tərəfindən yuxarıda həmin hala hüquqi qiymət verilmişdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən normalarda nəzərdə tutulmuş hallardan hər hansı biri olmadığından qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin ilkin iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdənb tutularaq onlara ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 11000 (on bir min) manat pul alınaraq İddiaçı1 verilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 18500 (on səkkiz min beş yüz) manat pul alınaraq İddiaçı2 verilsin. İlkin iddia üzrə Cavabdeh MMC-yə Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanda yerləşən 34 və 35 saylı mənzillərin plan-sxem üzrə layihə ölçülərinin faktik vəziyyətə uyğun tərtib edilməsi həvalə edilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh MMCdən alınaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «müqavilənin ləğvi, dəyişdirilməsi və pul» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-nə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1895/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1895/2021
17.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver