Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1910/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Cəlalzadə Leyla Şahin qızının katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 7 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 7 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində verilmiş 11 fevral 2020-ci il tarixli, 01 saylı əmri qanunsuz hesab edərək həmin əmrin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək 7 saylı orta məktəbin deyil, həmin məktəbin direktorunun cavabdeh qismində tanınmasını xahiş etmiş, məhkəmənin 05 may 2021-ci il tarixli qərdadına əsasən Sadıqova Sevda cavabdeh kimi işə cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq belə hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 7 nömrəli tam orta məktəbinə qarşı mülki işə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respulikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçının tələbi haqlı olaraq 7 nömrəli məktəbə qarşı yönəlmiş, məhkəmə aidiyyət qaydalarına riayət edərək işi icraata götürmüşdür. Məhkəmə əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz edərək işi cavabdehin qeydə alındığı yerin məhkəməsində baxılmalı olması əsası ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərmişdir. Hazırkı iş üzrə MPM-in 44.2-ci maddəsində sadalanmış hallar mövcud deyildir. Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsinə əsasən məktəb Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.Odur ki, məhkəmə hesab edir ki, işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan işin aid olduğu məhkəməyə verilməsinin həll edilməsi üçün mülki iş materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 45, 261, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri 7 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1910/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1910/2021
07.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver