Məhkəmə qərarları › İş №2(044)-197/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-197/2021

14.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-197/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Təbriz küçəsi, 14-cü dalan, 7c saylı mülkdən ona məxsus 4/6 hissə payın naturada bölünməsi, natura bölgüsü mümkün olmazsa cavabdehlər tərəfindən kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və ya mülkin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qardaşlarıdır. Gəncə şəhəri, Təbriz küçəsi, 14-cü dalan, 7c saylı mülk paylı mülkiyyət hüququ üzrə 4/6 hissə onun və hər birinə 1/6 hissə olmaqla cavabdehlərin mülkiyyətindədir. Həmin mülk 0,04 ha torpaq sahəsində yerləşməklə ümumi sahəsi 109,8 kv.m olan tikililərdən ibarətdir. Hazırda cavabdehlər onu evə buraxmırlar və bu səbəbdən o, mülkiyyət hüququndan istifadə edə bilmir. Odur ki, o, mənzilin naturada bölünməsini, naturada bölgü mümkün olmazsa cavabdehlər tərəfindən kompensasiya verilməklə onun mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini istəyirl Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüüuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 14-cü dalan, 7c saylıfərdi yaşayış evinə 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi isə Cavabdeh2 adına qeydə alınmışdır.; Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 3812/2019-cu il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx xxxxxx 2019-cu il tarixli 2V. 39 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, İddiaçı adına verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuş, ünvan 1 ünvanında yerləşən miras mülkün 1/6 hissəsinə Cavabdeh2, 1/6 hissəsinə Cavabdeh1 miras əmlakdakı məcburi paya, İddiaçı 4/6 hissəsinə vərəsəlik hüquqları tanınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, mübahisəli yaşayış evinin texniki cəhətdən tərəflərin paylarına uyğun təcrid şəklində bölünməsi mümkün deyildir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçıya kompensasiya vermək imkanlarının olmamasını nəzərə alaraq əmlakın açıq hərracda satılaraq, satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Bu barədə ərizə iş materiallarına əlavə olundu. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin ümumi mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır ki, həmin fərdi yaşayış evi üzərində 1/6 hissədə Cavabdeh2, 1/6 hissədə Cavabdeh1, 4/6 hissədə isə İddiaçı payları vardır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmış, tərəflər mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsinə etiraz etmədiklərini bildirmişlər. İddia tələbi 2 hissədən ibarətdir:

1. Payın naturada ayrılması

2. Naturada bölgü mümkün olmadıqda cavabdehlər tərəfindən kompensasiya verilməklə onun payına xitam verilməsi

3. Payın naturada ayrılması mümkün oldıqda isə fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsi. Məhkəmə iddia tələbinin birinci və ikinci hissələri ilə, yəni naturada bölgünün mümkünlüyü və cavabdehlər tərəfindən kompensasiya verilməsi ilə ilə bağlı onu qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının payına kompensiya verilməklə onun payına olan mülkiyyət hüququna xitam verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Yəni, cavabdehlər iddiaçılara mənzilin real hesab etdiyi dəyərinə uyğun kompensasiya vermək təklifi ilə çıxış etməmişlər. İddiaçının kompensasiya tələbi ilə bağlı məhkəmə onu qeyd edir ki, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Ona görə də iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə iddia tələbinin üçüncü hissəsi ilə bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçilərindən birinin tələbi əsasında payın ayrılmasına dair iddia verildikdə bu iddia üzrə digər tələblər verilmədən (payın əvəzinə pul kompensasiyasının verilməsi, əmlakın acıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi) işə baxan məhkəmə tərəfindən MPM-nin 218.3-cü maddəsinə uyğun olaraq qərarda müəyyən edilmiş ardıcıllığa uyğun bütün məsələlər araşdırılmalı və nəticədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, həm iddiaçının hüquqlarının təmini, həm də digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə əmlakın açıq hərracdan satılması ədalətli yanaşmadır. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin iş üzrə iddiaçıların payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsinin qeyrimümkünlüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu baxımdan paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi qismən əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.m, 0,04 kv.m torpaq sahəsində yerləşən ev açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların həmin evə və torpaq sahəsinə olan paylarına mütənasib surətdə bölünməli, iddia tələbi qalan hissədə təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.m, 0,04 kv.m torpaq sahəsində yerləşən ev açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların həmin evə və torpaq sahəsinə olan paylarına mütənasib surətdə bölünsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı, 50 manatı isə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar