Məhkəmə qərarları › İş №2(044)-2845/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2845/2021

05.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2845/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Cavabdehnə qarşı icra vərəqəsinin icra edilərək sona çatdırılması və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ona dəymiş 5000 manat ziyanın alınmasına və məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə uyğun olaraq borclu tərəfindən bütün borcun ödənilməsini təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil, çünki tələb inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair olduğundan bu tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2.2-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialarainzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilməlidir ki, Cavabdehnə qarşı hazırkı iddia tələbi ilə bağlı inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı icra vərəqəsinin icra edilərək sona çatdırılması və ziyanın ödənilməsi tələbinə iddianın yolverilməzliyinə, yəni ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Cavabdehnə qarşı hazırkı iddia tələbi ilə bağlı inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar