Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2939/2021 30.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı qarşı fərfi yaşayış evinin “A”literli tikilinin və torpsaq sahəsinin aralarında naturada bölünməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının tələbi öz mülkiyyətində olan sahənin digər sahədən ayrıca bölünməsindən ibarətdir.Digər sahə isə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən isə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göründüyü kimi iddiaçı bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmədən bir başa məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi iddiaçının tələb etdiyi mülkiyyət paylı mülkiyyət deyildir. Halbu ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə görə isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli, iddiaçıya hazırki ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq Ərazi İdarəsinə və yaxud müvafiq notariat orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151- 153-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı qarşı fərfi yaşayış evinin “A”literli tikilinin və torpsaq sahəsinin aralarında naturada bölünməsi tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq Ərazi İdarəsinə və yaxud müvafiq notariat orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2939/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2939/2021
30.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver