Məhkəmə qərarları › İş №2(044)-3009/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3009/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3009/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçıSığorta Şirkəti ASC-nin cavabdeh X5 qarşı “sıorta ödənişi”məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçıSığorta Şirkəti ASC cavabdeh X5 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən X6 məxsus **-KT-*** dövlət nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzinə 4495 manat sığorta ödənişi məbləğinin və ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 26.09.2012-ci il tarixdə idarə etdiyi “Vaz 21074” markalı ** MU *** dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Yeni Gəncə qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman, əks istiqamətdə hərəkətdə olan avtomaşının hərəkət zolağına çıxaraq İddiaçı Sığorta Şirkətində sığortalanmış X4 idarə etdiyi ** KT *** dövlət nömrə nişanlı “Toyota Sequola” markalı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X2 təqsirli olması 06.10.2012-ci il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi polis mayoru Siyavuş Sadıxovun qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “İnter Kontinental” firmasının təqdim etdiyi 16.11.2012-ci il tarixli akta uyğun olaraq, həmin avtomaşına 5550(beş min beş yüz əlli manat 0 qəpik) manat ziyan dəymişdir. MİP No 113204-B05 saylı sığorta Müqaviləsinə və MİP-1 No 2410/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalanmış nəqliyyat vasitəsinin sığortası natamam şəkildə keçirildiyi üçün zərərin məbləği 4995 (dörd min doqquz yüz doxsan beş manat 0 qəpik) manat müəyyən edilir və azadolma məbləği 500 (beş yüz manat 0 qəpik) manat çıxmaqla 4495 (dörd min dörd yüz doxsan beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (İddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Haqqında bəhs edilən yolnəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində sığortalı olan zərərçəkən X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən X6 dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 06.10.2012-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh(Aynur)Nizami qızı barədə cinayət təqibi başlanması rədd edilmiş, onun barədə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyati orqana göndərilmişdir; 22 noyabr 2012-ci il tarixli, 4330 nömrəli ödəniş tapşırığından görünür ki, 4495 manat məbləğində sığorta məbləği X1 ödənilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasına ərizə göndərən iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X9 məhkəmənin əvvəlki iclasında iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilən Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının MM-nin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının MM-nin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqedən çıxış edərək onu qeyd edir ki, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri) Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. MM-in 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM-in 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (MM-in 399.4-cü maddəsi). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 26.09.2012-ci il tarixdə idarə etdiyi “Vaz 21074” markalı ** MU *** dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Yeni Gəncə qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman, əks istiqamətdə hərəkətdə olan avtomaşının hərəkət zolağına çıxaraq İddiaçı Sığorta Şirkətində sığortalanmış X4 idarə etdiyi ** KT *** dövlət nömrə nişanlı “Toyota Sequola” markalı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X2 təqsirli olması 06.10.2012-ci il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi polis mayoru Siyavuş Sadıxovun qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “İnter Kontinental” firmasının təqdim etdiyi 16.11.2012-ci il tarixli akta uyğun olaraq, həmin avtomaşına 5550(beş min beş yüz əlli manat 0 qəpik) manat ziyan dəymişdir. MİP No 113204-B05 saylı sığorta Müqaviləsinə və MİP-1 No 2410/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalanmış nəqliyyat vasitəsinin sığortası natamam şəkildə keçirildiyi üçün zərərin məbləği 4995 (dörd min doqquz yüz doxsan beş manat 0 qəpik) manat müəyyən edilir və azadolma məbləği 500 (beş yüz manat 0 qəpik) manat çıxmaqla 4495 (dörd min dörd yüz doxsan beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmiş və bununla da iddiaçı hüquqlarının pozulmasından xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı 2012-ci ildən hüquqlarının pozulmasını bildiyi halda o hazırki tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəni əsaslı hesab edir və bununla bağlı onu qeyd edir ki, nəzərə alsaq ki, tərəflər arasında yaranmış münasibətlər müqavilə öhdəliyindən irəli gələn münasibətlərdir, bu halda həmin münasibətlərə müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Belə ki, AR MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qeyd edilən Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il dir. Məhkəmə araşdırılması zamanı iddia müddətinin axımını dayandırılmasına səbəb olan hər hansı hallar aşkar edilməmiş, cavabdehin borcun etirafına dair davranışları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, mübahisə tərəfi olan cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə əsaslı olduğundan təmin edilməli, iddia müddətinin keçməsi ilə bağlı iddiadan imtina barədə qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar