Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3288/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC (Gəncə) - nin 16 mart 2021-ci il tarixli 214236 saylı aktın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Mikayıl Rəhimov küçəsi (köhnə Vəlixanov) 6 saylı binanın 21 saylı mənzil ona məxsusdur. Binanın 4-cü mərtəbəsində yerləşən bir otaqlı mənzilə, Gəncə elektrik şəbəkəsinin iki işçisi özlərinin telefonları ilə 1-ci mərtəbədə sayğaca gələn və divarın altında yerləşən kabelləri video çəkərək (guya sübutdur), şahidsiz, onun iştirakı və xəbəri olmadan akt tərtib etmişlər, aktda guya o, elektrik xəttinə müdaxilə etmiş və ona 629 manat cərimə yazılmışdır. Hansı ki, o, bu məbləği heç on ilə işlədə bilməz. Çünki o, mənzili 2017-ci ilin oktyabr ayının 16-da almışdır. Həmin vaxtdan indiyə kimi mütəmadi olaraq smart tipli sayğaca pulunu yükləyib işığını yandırmış, hamamda qaz kalonkası, mətbəxtdə qaz plitkası, qışda otağı qızdırmaq üçün qaz peçindən istifadə etmişdir, onun hər hansı kənar xəttə ehtiyacı yoxdur. Onun işıq və qaz sərfiyyatına görə 2017-ci ilin oktyabr ayının 16-dan ödədiyi ödəniş qəbzlərini tələb etməklə onun bu işdə günahsızlığını sübuta yetirməkdə ona köməklik edilməsini xahiş etmişdir. Cavabdehlə aralarında yaranmış problemi aradan qaldırmaq üçün onun tərəfindən yazılmış ərizələr araşdırılmamışdır. Binanın hər hansı bir yerində dövlətin işıq xəttinə müdaxiləyə görə cərimə olunan niyə o, olmalıdır? Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, Gəncə ESS-nin aparıcı mühəndisləri Sabir Məmmədov və Salman Şirinov tərəfindən Gəncə şəhəri, Mikayıl Rəhimov küçəsi (köhnə Vəlixanov) 6 saylı binanın 21 saylı mənzildə quraşdırılmış elektrik sayğacına baxış keçirillərkən, elektrik sayğacının giriş xəttinin zədələnməsi, kənar xəttin qoşulması aşkar edilmişdir. İddiaçı elektrik şəbəkəsindən kənar xətdən istifadə etməklə enerjini talamış, “X1 Qaydaları” nın pozulması (kənar xəttdən istifadə) ilə əlaqədar 16.03.2021-ci il tarixdə R 214236 saylı akt tərtib olunmuşdur. İddiaçı “X1 Qaydaları”na uyğun tərtib olunmuş akt üzrə hesblanmış 629.03 manat məbləğində borc ödənilməlidir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında bildirdi ki, o, Gəncə ESS-nin aparıcı mühəndisi vəzifəsində işləyir. O, və həmkarı Salman Şirinov tərəfindən 16 mart 2021-ci il tarixdə Gəncə şəhəri, Vəlixanov küçəsi, 6 saylı binanın, 21 saylı mənzilində quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda quraşdırılmış elektrik sayğacının giriş xəttinin zədələnməsi və kənar xəttin qoşulması aşkar olunmuşdur. İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına kənar xəttin qoşilması nəticəsində “X1 Qaydaları”nın tələblərinin pozulması barədə tərəflərindən 214236 saylı akt tərtib olunmuşdur. İddiaçı tərəfindən Gəncə şəhəri, Vəlixanov küçəsi, 6 saylı binanın, 21 saylı mənzilində quraşdırılmış elektrik sayğacına kənar xəttin qoşulması nəticəsində 629.03 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan 16.03.2021-ci il tarixli 214236 saylı aktın surətindən görünür ki, Gəncə şəhəri, Vəlixanov küçəsi, 6 saylı binanın, 21 saylı mənzilində quraşdırılmış, abonent kodu **********3 saylı elektrik sayğacına baxış keçirilərkən, sayğacdan kənar xətt aşkarlanmış, kənar xətt ləğv edilmiş, hesablacaq məbləğin ödənilməsi, əks halda elektrik enerjisinin dayandırılacağı bildidrilmiş və “X1 Qaydaları”nın tələblərinin pozulması barədə akt tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin “Qərb” Reqional Enerji Təchizatı və Satış İdarəsinin AKT komissiyasının sədrinin icra vərəqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Vəlixanov küçəsi, 6 saylı binanın, 21 saylı mənzilində quraşdırılmış, abonent kodu **********3 saylı elektrik sayğacına kənar xəttin qoşulması nəticəsində 629.03 manat borc yaranmışdır. İş materiallarında olan 14.10.2017-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Rəhimov küçəsi, 6 saylı binanın, 21 saylı mənzili İddiaçı adına qeyd edilmidir. "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarının 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunmadığından məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququ kimi qiymətləndirilə bilməz. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də tərəflərin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş mübahisəli elektrik xəttinin cavabdehin hesabına çəkilməli olduğunu sübut etməlidir. İddiaçı tərəfindən isə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə “X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarının 7.9-cu bəndindən, eləcə də cavabdeh təşkilat tərəfindən ünvanlanmış məktublardan müəyyən edildi ki, fiziki şəxs olan istehlakçıların yalnız sayğaclarla təchiz edilməsi "xxxx" ASC-nin hesabına həyata keçirilir. Digər hallarda isə tərtib olunmuş smetada nəzərdə tutulan dəyəri Sifarişçi ödədikdən sonra "xxxx" ASC tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarının 3-cü bəndinə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsinə» dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsinbə» dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3288/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3288/2021
05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver