Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3290/2021 01.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi, müqavilələrin etibarsız sayılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi, müqavilələrin etibarsız sayılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək mülkiyyət hüquqlarının müdafiə edilməsi, Cavabdeh1 adına verilmiş 15.03.2017-ci il tarixli, **********76-06301 saylı çıxarışın ləğv edilməsi, Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 09.06.2018-ci il tarixli, 4Ə-40 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş 03.07.2018-ci il tarixli, **********76-06301 saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən sökülərək əvvəlki qeyri-yaşayış sahəərinin Cavabdeh1 tərəfindən bərpa edilərək ona təhvil verilməsi, 500000 manat məbləğdə maddi və 100000 manat məbləğdə mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 24.08.2004-cü il tarixli, 003356 saylı “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”sinə əsasən ünvan 3 ünvanında yerləşən birmərtəbəli qeyri yaşayış sahəsi İddiaçı mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi 23.12.1999-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Komitəsi tərəfindən X1, daha sonra isə 09.06.2004-cü il tarixli, 217065 nömrəli müqavilə əsasında İddiaçı satılmışdır. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsi barədə 16.02.2012ci il tarixli, 48 saylı və 25.10.2013-cü il tarixli, 1632 saylı qanunsuz sərəncamlar verilmişdir. Həmin sərəncamlar əsasında Cavabdeh1 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikdiyi qeyri-yaşayış sahəsinə 15.03.2017-ci il tarixli, **********76-06301 saylı çıxarış əldə etmişdir. Bundan sonra Cavabdeh1 Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 09.06.2018-ci il tarixli, 4Ə-40 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış binasını Cavabdeh2 satmışdır. Sonuncunun adına 03.07.2018-ci il tarixli, **********76-06301 saylı çıxarış verilmişdir. Gəncə İnzibati Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(114)-52 saylı qərarı ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 16.02.2012-ci il tarixli, 48 saylı və 23.10.2013cü il tarixli, 1632 saylı sərəncamlar ləğv edilmişdir və həmin qərar qanuni qüvvəsini almışdır. Bu səbəbdən Cavabdeh1 adına verilmiş çıxarış, həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsi və müqavilə üzrə verilmiş çıxarış ləğv edilməlidir. Bundan başqa Cavabdeh1 tərəfindən qeyri-yaşayış sahələri tikilən zaman iddiaçıya məxsus qeyriyaşayış sahələri sökülmüşdür. Buna görə əvvəlki qeyri-yaşayış sahəsi bərpa edilərək iddiaçıya təhvil verilməlidir. Eyni zamanda iddiaçı əmlakından keçmiş 9 ilə görə istifadə edə bilmədiyi üçün maddi və mənəvi ziyana uğramışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli, 2(044)- 3290/2021 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh1 adına verilmiş 15.03.2017-ci il tarixli, **********76-06301 saylı çıxarışın ləğv edilməsi” hissəsi üzrə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə müvafiq olaraq icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Onun adına olan çıxarış əsasında isə notarial qaydada alqı-satqı etmişdir. Həmin vaxt hər hansı qanun pozuntusuna yol verməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə İddiaçı, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Mülki iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 16.02.2012-ci il tarixli sərəncamı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 26.02.2013-cü il tarixli, 58 saylı məktubu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X4 Dövlət Ekspertiza Baş İdarəsinin 31.07.2013-cü il tarixli, 16284 saylı rəyi, 25.10.2013-cü il tarixli obyektin qəbul komissiyası tərəfindən qəbul edilməsi aktı, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25.10.2013-cü il tarixli, 1632 saylı sərəncamı əsasında ünvan 4 ünvanda yerləşən 223 kv.m. ümumi sahəli qeyri-yaşayış binası Cavabdeh1 adına qeydiyyata alınmış və ona 15.03.2017-ci il tarixli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı Notariat Kontorunun 09.06.2018-ci il tarixli, 4Ə-40 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında bu əmlak Cavabdeh2 satılmışdır və ona 03.07.2018-ci il tarixli, çıxarış verilmişdir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbinin “Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 09.06.2018-ci il tarixli, 4Ə-40 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş 03.07.2018-ci il tarixli, **********76-06301 saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən sökülərək əvvəlki qeyri-yaşayış sahəərinin Cavabdeh1 tərəfindən bərpa edilərək ona təhvil verilməsi, 500000 manat məbləğdə maddi və 100000 manat məbləğdə mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi” hissələri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə göstərir ki, iddia tələbinin yuxarıda sadalanan hissələrinə hüquqi qiymət verilməsi üçün ilk növbədə Cavabdeh1 adına verilmiş 15.03.2017-ci il tarixli, **********76-06301 saylı çıxarışın ləğv edilməsi məsələsi həllini tapmalıdır. Qeyd olunan hissələr üzrə hüquqi dəyərləndirmə həmin çıxarışın taleyinin həllindən sonra qiymət verilməli olan məsələlərdir. Hansı ki, məhkəmənin qərardadı ilə iddia tələbinin “Cavabdeh1 adına verilmiş 15.03.2017-ci il tarixli, **********76-06301 saylı çıxarışın ləğv edilməsi” hissəsi üzrə icraata işin inzibati məhkəməyə aid olması əsası üzrə xitam verilmişdir. Belə olan halda isə Cavabdeh1 adına verilmiş çıxarışın tamlığı prezumpsiyası ortaya çıxır. Belə ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 140-cı maddəsində göstərilmişdir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə göstərir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Göründüyü kimi nə qədər ki, Cavabdeh1 adına verilmiş 15.03.2017-ci il tarixli, **********76-06301 saylı çıxarış qüvvədədir, həmin çıxarış əsasında mülkiyyətçisinin həyata keçirdiyi hüquqi nəticə yaradan hərəkətlərin mübahisələndirilməsi yolverilməzdir. Ona görə də, iddia tələbinin həmin çıxarışdan irəli gələn hissələri təmin edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbinin “Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 09.06.2018-ci il tarixli, 4Ə-40 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş 03.07.2018-ci il tarixli, **********76-06301 saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh2 tərəfindən sökülərək əvvəlki qeyri-yaşayış sahəərinin Cavabdeh1 tərəfindən bərpa edilərək ona təhvil verilməsi, 500000 manat məbləğdə maddi və 100000 manat məbləğdə mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi” hissələri təmin edilməsin İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3290/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3290/2021
01.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver