Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3609/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Cavabde Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə 370 ( üç yüz yetmiş) manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 (iyirmi manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 17 avqust 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz” markalı 99DR174 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 24 may 2020-ci il tarixdə Gəncə şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “Mercedes Benz ML 350” markalı 20EH160 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhər DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 370 (üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasına və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, “Mercedes Benz” markalı 99DR174 dövlət qeydiyyat nişanlı avtomobili ilə 24.05.2020-ci il tarixdə saat 11:51 radələrində Gəncə Azərbaycan Bayrağı küçəsilə idarə edərkən qarşıdan gələn “Mercedes Benz ML 350” markalı 20EH160 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı “Mercedes Benz ML 350” markalı 20EH160 dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş və ziyanın dəyəri 370 (üç yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Onu da bildirdi ki, o hadisə yerindən yayınmamış, barəsində AR İXM-nin 327.6-cı maddəsinə əsasən tətbiq olunmuş 100 (bir yüz) manat cəriməni ödəmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, PGU-201260 saylı sığorta ödənişi ilə bağlı aktın və 11.06.2020-ci il tarixli, 51859 saylı ödəniş tapşırığının surətlərindən görünür ki, "xxxx" ASC-də sığortalanmış, X3 məxsus ““Mercedes Benz ML 350” markalı 20EH160 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 370 (üç yüz yetmiş) manat sığorta ödənişi avtomaşının təmiri üçün X1 hesabına köçürülmüşdür. - 31.05.2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz ML 350” markalı 20EH160 qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərər 370 (üç yüz yetmiş) manat təşkil edir. - Gəncə şəhər BPİ-nin DYPŞ-nin 24.05.2020-ci il tarixli TP3693738 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona, 100 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 24.05.2020-ci il tarixdə saat 11:51 radələrində “Mercedes Benz” E270 markalı 99DR174 dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək “Mercedes Benz ML 350” markalı 20EH160 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X2 məxsus “Mercedes Benz” E270 markalı 99DR174 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 17.08.2019-cu il tarixdə 1 il müddəətinə sığortalanmışdır. - BDYPİ-nin sistemindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz” markalı 99DR174 dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə 08.11.2016-cı il tarixdən Cavabdeh vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülkü Məcəllə) 936.2-çi maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülkü Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülkü Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülkü Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülkü Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülkü Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Cavabdeh hadisə yerindən yayınmadığını bildirsə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən və Gəncə şəhər BPİ-nin DYPŞ-nin 24.05.2020-ci il tarixli TP3693738 saylı qərarının surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.6cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozaraq hadisəsi yerindən yayınmasına görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir və cavabdeh izahatında həmin inzibati cəriməni ödədiyini bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında hadisə yerindən yayınmaması ilə əlaqədər hec bir sübut təqdim edə bilmədi. İcbari sığorta haqqında AR Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yarandığına əsasən hesab edir ki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 370 (üç yüz yetmiş) manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 370 (üç yüz yetmiş) manat məbləğində sığorta ödənişinin əvəzi və 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-3609/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3609/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver