Məhkəmə qərarları › İş №2(044)-3782/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3782/2021

20.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3782/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sadıxova (Hüseynova) Şəlalə Çərkəz qızına qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh Sadıxova (Hüseynova) Şəlalə Çərkəz qızına məxsus olan cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmişdır ki, oğlu X1, cavabdeh Sadıxova (Hüseynova) Şəlalə Çərkəz qızı ilə rəsmi olaraq ailə qurmuşlar. Oğlu aiə qurduqdan sonra cavabdeh ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə cehiz əşyalarını gətirmişdir. Arada olan narazılıqların sonunda tərəflər ayrılmışlar. Cavabdeh 29 avqust 2019-cu il tarixdən atası evinə getmiş, lakin ona məxsus olan cehiz əşyaları onun evində qalmışdır. Həmin əşyalar: 1 ədəd divan, 1 ədəd 2 nəfərlik yataq üstünün döşəyi, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd stol, 1 ədəd balaca yataq, 1 ədəd televizor altı, 30 ədəd banka, 6 ədəd boşqab, 6 ədəd qaşıq, 1 ədəd samovar, 1 ədəd qazan, 2 ədəd konfet qabı, paltarlar və ayaqqabılar. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 12.05.2017-ci il tarixli Seriya RX ******* saylı çıxarışın notarial qaydada təstiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(044)-1963/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X1 arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Sadıxova (Hüseynova) Şəlalə Çərkəz qızı məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlyü barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan iş üzrə tədqiq edimiş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin evdə yaşamayaraq başqa yerdə yaşayıb və həmin evlə bağlı istifadə hüququnun olub-olmamasını mübahisələndirmədən ona məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdə saxlanılması mülkiyyətə qəsd hesab edilməlidir. Ona görə də iddia təmin edilərək, cavabdehə məxsus əşyalar həmin evdən çıxarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilir ki, gələcəkdə onun həmin evdən istifadə hüququnun olması müəyyən edilərsə və bununla bağlı tələbi olarsa onun həmin əşyaları yenidən həmin evə köçürmək imkanları istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cavbdeh Sadıxova (Hüseynova) Şəlalə Çərkəz qızına aid 1 ədəd divan, 1 ədəd 2 nəfərlik yataq üstünün döşəyi, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd stol, 1 ədəd balaca yataq, 1 ədəd televizor altı, 30 ədəd banka, 6 ədəd boşqab, 6 ədəd qaşıq, 1 ədəd samovar, 1 ədəd qazan, 2 ədəd konfet qabı, paltarlar və ayaqqabılar İddiaçı məxsus olan evdən çıxarılmalıdır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ərizəsi üzrə tələb iddia tələbi edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sadıxova (Hüseynova) Şəlalə Çərkəz qızına məxsus 1 ədəd divan, 1 ədəd 2 nəfərlik yataq üstünün döşəyi, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd stol, 1 ədəd balaca yataq, 1 ədəd televizor altı, 30 ədəd banka, 6 ədəd boşqab, 6 ədəd qaşıq, 1 ədəd samovar, 1 ədəd qazan, 2 ədəd konfet qabı, paltarlar və ayaqqabılar İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar