Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-400/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş siğorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Renault” markalı **-FB-***, qoşqu “Tirsan” markalı, 01-ESL-92 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 450 manat pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Opel Astra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4 tərəfindən İddiaçı ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 22.12.2018-ci il tarixdən 22.12.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh 15.02.2019-cu il tarixdə saat 13.30 radələrində spirtli içki qəbul etmiş vəziyyətdə etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 388-ci kilometrliyində avtonəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Renault” markalı **-FB-***, qoşqu “Tirsan” markalı, 01-ESL-92 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 450 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunmuşdur. “Renault” markalı, **-FB-***, qoşqu “Tirsan” markalı, 01-ESL-92 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı F.S.İlqar Zeynalov tərəfindən 450 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən avtomobilə dəymiş zərər 150 manat məbləğində pul vəsaiti zərərçəkənin bank hesabına ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsini cavabdeh içkili vəziyyətdə törədərək, üçüncü şəxsin əmlakına, avtomobilinə zərər vurduğu üçün, zərərə görə edilmiş sığorta həcmində, 450 manat məbləğində sığorta ödənişi ilə bağlı İddiaçı ASC-nin bu məbləği cavabdehdən tələb etmək hüququ yaranır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin olunması və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinin xahiş edildiyi göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 24.05.2019-cu il tarixli 1352/FG/CML-0529/2019 saylı sığorta aktından görünür ki, 15.02.2019-cu il tarixdə Bakı-Qazax yolu 388-ci kilometrliyində “Renault” markalı **-FB-***, qoşqu “Tirsan” markalı 01-ESL-92 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Opel Astra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya 450 manat maddi ziyan dəymişdir. 27.05.2019-cu il tarixli,005XOH********** saylı icra haqqında bank qeydinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 1352/FG/CML/0529/2019PAZ********** saylı sığorta aktına əsasən İbak Mustafaya 450 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xəta haqqında 16.02.2019-cu il tarixli, ******* saylı protokolunun surətindən görünür ki, sürücü Cavabdeh zərərçəkmiş şəxsin sağlamlığına yüngün bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. İcbari Sığorta Müqaviləsinə Dair Məlumatın surətindən görünür ki, X3 məxsus “Opel Astra” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilinin sığorta dəyəri 5.000 manat təşkil edir. İş materiallarında olan AB N 726090 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, 28.02.2012-ci il tarixdə Cavabdeh adına verilmiş sürücülük vəsiqəsi 28.02.2022-ci il tarixədək etibarlıdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili X2 adına qeyd edilmişdir. 25.12.2018-ci il tarixdə X4 tərəfindən “Opel Astra” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh adına bir il müddətinə etibarnamə verilmişdir. 11.05.2019-cu il tarixli 140-16044 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, 15.02.2019-cu il tarixdə saat 23:30-da Bakı-Qazax yolu 388-ci kilometrliyində “Opel Astra” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə “Renault” markalı **-FB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh tərəfindən Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəis müavininə əlyazma ilə yazdığı izahatda bildirmişdir ki, etibarnamə ilə ona məxsus olan “Opel Astra” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15.02.2019-cu il tarixdə təxminən saat 23:30 radələrində Gəncə şəhər istiqamətindən Şəmkir rayon istiqamətinə hərəkət edərkən Bakı- Qazax yolunun 388-ci kilometrliyində onun qarşısında eyni istiqamətdə hərəkətdə olan “Renault” markalı **-FB-*** Türkiyə Respublikasına məxsus dövlət nömrə nişanlı avtomaşını ara məsafəsi saxlaya bilmədiyindən idarəetməni itirmiş və onu arxadan vurmuşdur. X1 İşlər Nazirliyi Baş DYP İdarəsinin rəis müavininə əlyazma ilə yazdığı izahatda bildirmişdir ki, 15.02.2019-cu il tarixdə təxminən saat 23:30 radələrində Bakı şəhər istiqamətindən Qazax rayonu istiqamətinə Türkiyə qeydiyyatlı ** FB *** qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Bakı-Qazax yolunun 388-ci kilometrliyində onun arxası ilə eyni istiqamətdə hərəkət edən “Opel Astra” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil ilk öncə arxadan, sonra isə dönərək avtomobilini qabaq sol tərəfindən vurmuşdur. Hadisə zamanı ölən və ya yaralanan olmamışdır. 16.02.2019-cu il tarixli 2256 saylı alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolunun surətindən görünür ki, Cavabdeh hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 450 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1. maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən sığorta hadisəsi baş verən zaman sığorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş siğortaçı olan İddiaçı ASC-nə keçdiyindən ödənilmiş 450.0 manat sığorta ödənişi, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh, ödənilmiş 450 manat sığorta ödənişi və 20 manat dövlət rüsumu alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-400/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-400/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver