Məhkəmə qərarları › İş №2(044)-402/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-402/2021

02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-402/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada ayrılması, əgər payın naturada ayrılması mümkün deyildirsə, əmlakın hərraca çıxarılıb payların qiymətləndirilib dəyərinin cavabdehə tərəflərindən ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada ayrılması, əgər payın naturada ayrılması mümkün deyildirsə, əmlakın hərraca çıxarılıb payların qiymətləndirilib dəyərinin cavabdehə tərəflərindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-da yerləşən fərdi yaşayış evində və ünvan 1 ünvanında yerləşən mənzildə payların naturada ayrılması, əgər payın naturada ayrılması mümkün deyildirsə, hər iki mülkdən paylarının dəyərinin Cavabdeh tərəfindən onlara ödənilməsi və ya onlar tərəfindən cavabdehə ödənilməsi, əgər bu, mümkün deyildirsə və pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, həmin əmlakların açıq hərracdan satılması və satış pulunun onların arasında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrəli, 19.11.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 4-da yerləşən ümumi sahəsi 112.5 kvm olan fərdi yaşayış evinin 4/6 payı onun, 1/6 payı İddiaçı2 və 1/6 payı isə Cavabdeh Qurban oğlunun və ********** saylı qeydiyyat nömrəli, 19.11.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1-də yerləşən sahəsi 88.6 kvm. olan mənzilin 4/6 payı onun, 1/6 payı İddiaçı2 və 1/6 payı isə Cavabdeh Qurban oğlunun mülkiyyətindədir. Cavabdehlə mülkiyyətçi kimi paylarının qiymətinin onun tərəfindən iddiaçılara ödənilməsi və ya onlar tərəfindən cavabdehə ödənilməsi şərtləri haqqında razılığa gələ bilmirlər. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Çarıxçılar küçəsi, 10A saylı fərdi yaşayış evinin 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2 və 1/6 hissəsi isə Cavabdeh Qurban oğlunun adına qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi Cavabdeh Qurban oğlunun və 1/6 hissəsi isə İddiaçı2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2021-ci il tarixli, 10/4257 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, ev 10A-da yerləşən yaşayış evinin tərəflərin 1/6, 1/6 və 4/6 paylarına uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 1 sayl binanın 48 saylı mənzilin tərəflərin 1/6, 1/6 və 4/6 paylarına uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarına əlavə edilmiş Cavabdeh Qurban oğlunun ərizəsindən görünür ki, mübahisəli yaşayış sahələrinə dair iddiaçılar tərəfindən təklif olunmuş kompensasiya ilə bağlı razılıq əldə edə bilməmişlər. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qurban oğlu izahat verərək bildirmişdir ki, mübahisəli yaşayış sahələrinə dair iddiaçılar tərəfindən təklif olunmuş kompensasiya ilə bağlı razılıq əldə edə bilməmişlər. İddianın təmin edilməsinə etiraz etmir və iddia tələbini qəbul edir. Bu barədə ərizə iş materiallarına əlavə olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçılar ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində və ünvan 1 ünvanında yerləşən mənzildə payların naturada ayrılması, əgər bu, mümkün deyildirsə, hər iki mülkdən payların dəyərinin Cavabdeh tərəfindən onlara ödənilməsi və ya onlar tərəfindən cavabdehə ödənilməsini, bu, mümkün deyildirsə əmlakların açıq hərracda satılması və satışdan alınan pulun onlar arasında paylarına mütənasib olaraq bölüşdürülməsini məhkəmədən xahiş etmişlər. Tərəflərin ümumi mülkiyyətində ünvan 2 ünvanında və ünvan 1-də yerləşən fərdi yaşayış evləri vardır ki, həmin evlərin naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmış, tərəflər mübahisəli fərdi yaşayış evlərinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi onun razılığı ilə həyata keçirilə bilər. Həmçinin iş üzrə iddiaçıların payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin payların dəyərinin ödənilməsi mümkün olmadıqda isə fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsi hissəsi ilə bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçilərindən birinin tələbi əsasında payın ayrılmasına dair iddia verildikdə bu iddia üzrə digər tələblər verilmədən (payın əvəzinə pul kompensasiyasının verilməsi, əmlakın acıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi) işə baxan məhkəmə tərəfindən MPM-nin 218.3-cü maddəsinə uyğun olaraq qərarda müəyyən edilmiş ardıcıllığa uyğun bütün məsələlər araşdırılmalı və nəticədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, həm iddiaçıların hüquqlarının təmini, həm də digər mülkiyyətçinin hüquqlarını təmin etmək məqsədilə əmlakın açıq hərracdan satılması ədalətli yanaşmadır. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin iş üzrə iddiaçıların payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsinin qeyrimümkünlüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu baxımdan paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə Cavabdeh Qurban oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı1, İddiaçı2 və Cavabdeh Qurban oğlunun arasında onların həmin əmlaka olan paylarına mütənasib surətdə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracdan satılsın, satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı1, İddiaçı2 və Cavabdeh Qurban oğlunun arasında onların həmin əmlaka olan paylarına mütənasib surətdə bölünsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə Cavabdeh Qurban oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar