Məhkəmə qərarları › İş №2(044)-505/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-505/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-505/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN Xidmətinin” Qeydiyyat şöbəsində 2163 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN Xidmətinin” Qeydiyyat şöbəsində 2163 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrilmışlar. Nikahları formal xarakter daşıyır. Onların bir yerdə yaşamaları və ailəni bərpa etməkləri mümkün deyildir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli, AZ-İİ 236309 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və 2163 saylı aktla qeyd edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV 141497 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2015-ci ildə Göygöl rayonunda anadan olmuşdur. Valideyinləri Cavabdeh ilə X3r. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, buna baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mməhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab emişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar(onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah pozulur. Tərəflərə barışıq üçün vaxt verilməklə işin baxılması təxirə salınsa da bu müddət ərzində tərəflər barışmamışlar. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, X5 ilə Cavabdeh arasında bağlanılmış nikah akt qeydi pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə qeyd edir ki, valideynlər arasında uşaqların yaşayış yeri ilə bağlı mübahisə olmadığından tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2015-ci il təvəllüdlü X7 anası X1 himayəsində saxlanılmalıdır. Məhkəmə alimentlə bağlı məsələyə də münasibət bildirərək onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment cavabdehdən alınaraq (tutularaq) X4 ödənilməlidir. İddiaçı cavabdehin qazancları barədə sübut təqdim etmədiyindən iddia tələbinin alimentlə bağlı hissəsinin iddia tələbində göstərilmiş həddə təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı alimentlə bağlı məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmişdir. Ona görə də alimentin tutulmasına həmin vaxtdan başlanılmalıdır. Məhkəmə xərci ilə bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 10 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra xx xxxxxx 2015-ci il təvəllüdlü X7 anası X1 himayəsində saxlanılmalı, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx xxxxxx 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) X4 ödənilməli, qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilməli, iddia tələbi alimentə qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. X5 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN Xidmətinin” Qeydiyyat şöbəsində 2163 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx xxxxxx 2015-ci il təvəllüdlü X7 anası X1 himayəsində saxlanılsın. xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) X4 ödənilsin. İddia tələbi alimentə aid qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin, 10 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar