Məhkəmə qərarları › İş №2(044)-586/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-586/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-586/2021 21.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 4379 (dörd min üç yüz yetmiş doqquz) manat məbləğində maddi zərərin, 5000 (beş min) manat məbləğində mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ilin fevral ayında Kəpəz rayonu Məşğulluq Mərkəzinə işə qəbulla bağlı müraciət etmişdir. 06.02.2017-ci ildən 06.02.2018-ci il tarixədək o, “xxxx” QSC-ti X1 Limanının yaşıllaşdırma sahəsinin bağbanı vəzifəsinə təyin edilmişdir. 06.02.2018-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad edilmişdir. Bundan sonra yenidən Gəncə şəhəri Kəpəz rayonu Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşmüşdür. Cavabdeh da həmin vaxt tanımışdır. Belə ki, 2018-ci ilin fevral ayında Kəpəz rayonu Məşğulluq Mərkəzinin müdiri həmin şəxs olmuşdur. 2018-ci ilin yay aylarında Kommunal xidmətdə (zibil idarəsində) iş olduğunu bildirmişdir. Lakin həmin işin əmək haqqı 120 manat təşkil etdiyindən həmin işə getməkdən imtina etmişdir. Belə ki, o, hər ay 120 manat aliment ödəyir. O, cavabdehdən boş iş yerlərinin (vakansiyaların) siyahısını istədikdə, o, siyahını ona verməkdən imtina etmişdir. Cavabdeh onu dəfələrlə get-gələ saldıqdan sonra bildirmişdir ki, iş yerləri üçün ***-**** manat civarında pul ödəmək lazımdır. Buna görə 08 dekabr 2018-ci ildə o, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin “Qaynar xətti”nə zəng vurmuşdur. Cavabdehin barəsində şikayət etdiyinə görə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(043)-583/2019 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı “yalan məlumatın təkzib edilməsi və bu yalan məlumatın yayılması nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə dəyən mənəvi ziyan kimi 1000 manat pul” tələbinə dair iddiası qismən təmin edilmiş, onun tərəfindən Cavabdeh barəsində yayılmış “2016-cı ilin fevral ayında Gəncə şəhəri Məşğulluq Mərkəzinin müdiri Vüsal adlı şəxsin göstərişi əsasında adını bilmədiyi Mərkəzin işçisinin 500 manat məbləğində pul tələb etməsi barədə” məlumatın həqiqətə uyğun olmadığının müəyyən edilməsi, ondan mənəvi ziyana görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manatın alınaraq Cavabdeh xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış, Kollegiyanın 04 iyul 2019-cu il tarixli, 2(104)-2421/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(043)-583/2019 saylı qətnaməsinin ondan mənəvi ziyana görə 500 (beş yüz) manatın Cavabdeh xeyrinə tutulması hissəsində dəyişdirilməsi və həmin məbləğin 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli, 2(102)-7978/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(104)-2421/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(104)-1426/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(043)-583/2019 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Bundan başqa, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(043)-583/2019 saylı qətnaməsi çıxarıldıqdan sonra, cavabdeh onun barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işinin başlanılması barədə xüsusi ittiham qaydasında şikayət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 1(043)-141/2019 saylı qərarı ilə cavabdehin xüsusi ittiham qaydasında vermiş olduğu şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(104)-390/2019 saylı qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 1(043)-141/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin 19 ay ərzində onu məhkəmələrdə süründürməsi nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, o, məhkəmələrə, o cümlədən Bakı şəhərində yerləşən Ali Məhkəməyə gedib-gəlmək üçün, apellyasiya və kassasiya şikayətləri yazdırmaq üçün, eləcə də dövlət rüsumlarının ödənilməsi üçün 500 (beş yüz) manat pul xərcləmişdir. Həmçinin məhkəmələr gedən dövr ərzində işləyə bilməmiş və qanunla müəyyən edilmiş minimum əmək haqqı miqdarında aylıq gəlirindən məhrum olmuşdur. Bu məbləğ isə 3879 (üç min səkkiz yüz yetmiş doqquz) manat təşkil edir. Cavabdehin ona ümumilikdə vurmuş olduğu maddi zərər 4379 (dörd min üç yüz yetmiş doqquz) manat təşkil edir. Bundan başqa cavabdehin onu nahaq yerə məhkəmələrə verməsi nəticəsində o, stress, əsəb gərginliyi və sarsıntı keçirmişdir. Bununla da ona mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 5000 (beş min) manat məbləğində dəyərləndirir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən ona vurulmuş 4379 (dörd min üç yüz yetmiş doqquz) manat məbləğində maddi zərərin, 5000 (beş min) manat məbləğində mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmişdır. Digər tərəfdən iddiaçı tələbində cavabdehlə aralarında olan məhkəmə mübahisələri zamanı ona maddi və mənəvi zərər dəyməsini göstərsə də, həmin zərərin nədə ifadə olunmasını və ona həmin zərərin dəyməsini təsdiq edən hər hansı sübutlar təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə və iddia tələbində göstərdiklərinə əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar