Məhkəmə qərarları › İş №2(044)-596/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-596/2021

26.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-596/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdən payın naturada ayrılmasına, aranın kəsilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdən payın naturada ayrılmasına, aranın kəsilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda, 0.0657 ha torpaq sahəsində yerləşən mülkdən onun payının naturada ayrılmasına və aranın asarla kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin verdiyi 14.07.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda, 0.0657 ha torpaq sahəsində yerləşən, 3 yaşayış otağından ibarət olan 71.2 kvm sahəli evin (tikili “A”), 35.4 kvm yardımçı sahənin, 8.8 kvm hamamın (tikili “B”) və 7.5 kvm talvarın (tikili “İ”) 1/8 ona, 7/8 cavabdeh X3 məxsusdur. Onun yaşayış sahəsinə ehtiyacı var. Həmin evin bölünməməsi mütəmadi olaraq mübahisələr yaradır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlər məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş seriya RX № ******* saylı “Çıxarışın” surətindən görünür ki, ünvan 2 ünvan, 0.0657 ha torpaq sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 1/8 İddiaçı, 7/8 hissədə Cavabdeh məxsusdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 24.05.2021-ci il tarixli, 213 saylı rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanda, 0.0657 ha torpaq sahəsində yerləşən əmlakın tərəflərin paylarına uyğun olaraq naturada ayrılması, İnşaat norma və Qaydaları 2.08.01.89-un tələbinə görə 1/8 və 7/8 paylara bölünməsi mümkün deyildir. Bölgünün aparılmamasına səbəb, bölgü zamanı tərəflərin ayrı ayrılıqda paylarına uyğun düşən fərdi yaşayış evinin və torpaq sahəsinin olmaması, eləcədə fərdi yaşayış evinin və torpaq sahəsinin olmaması, eləcə də, fərdi yaşayış evinin bir ailə üçün yaşamamasının nəzərdə tutulmasıdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili X4 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə cavabdehin izahatını, vəkilin çıxışını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına əsaslanmaqla qiymətləndirərək və mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçıların tələbi ünvan 1 ünvanda, 0.0657 ha torpaq sahəsində yerləşən əmlakın tərəflərin paylarına uyğun olaraq naturada ayrılması və arakəsmənin inşa edilməsindən ibarətdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6..1.3-cü maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə onu qeyd edir ki, işin tam və obyektiv araşdırılmasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. 24 may 2021-ci il tarixli, 213 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanda, 0.0657 ha torpaq sahəsində yerləşən əmlakın tərəflərin paylarına uyğun olaraq naturada ayrılması, inşaat norma və Qaydaları 2.08.01.89-un tələbinə görə 1/8 və 7/8 paylara bölünməsi mümkün deyildir. Bölgünün aparılmamasına səbəb, bölgü zamanı tərəflərin ayrı-ayrılıqda paylarına uyğun düşən fərdi yaşayış evinin və torpaq sahəsinin olmaması, eləcə də fərdi yaşayış evinin və torpaq sahəsinin olmaması, fərdi yaşayış evinin bir ailə üçün yaşamamasının nəzərdə tutulmasıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddiaçıya önu da izah etməyi zəruri hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat iddiaçıdan tutularaq X2 MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdən payın naturada ayrılması, aranın kəsilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul iddiaçıdan tutularaq “X2” MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar