Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-759/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 1650 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-də xx xxxxxx 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Renault Megane” markalı 21BH614 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2020-ci il tarixdə Abşeronda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan Mitsubishi L200 markalı 99AL534 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Abşeon rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkən avtomobilinin zədələnməsi bağlı 1650 manat məbləğinin sığorta ödənişi verilmişdir. Aşağıdaklara əsasən hesab edirik ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs-faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Renault Megane markalı 21BH614 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İdddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək işə onun iştirakı olmadan baxılmasına və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - PGU-202072 saylı sığorta ödənişi ilə bağlı aktın və xx.xx.2020-ci il tarixli, 61318 saylı ödəniş tapşırığının surətlərindən görünür ki, “xxxx” ASC-də sığortalanmış, X2 məxsus “Mitsubishi L200” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1650 manat sığorta ödənişi avtomaşının təmiri üçün X1 (099 AvtoServis) hesabına köçürülmüşdür. - xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, yolnəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** AL *** qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərər 1030 manat, görülən işlərin qiyməti 620 manat, cəmi dəyən ziyan 1650 manat təşkil edir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1256/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona, 400 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 oğlu xx.xx.2020-ci il tarixdə saat 11:20 radələrində “Renault Megane” markalı 21BH614 dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək “Mitsubishi L200” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus “Renault Megane” markalı 21BH614 dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə 1 il müddəətinə sığortalanmışdır. - BDYPİ-nin sistemindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 ona məxsus “Renault Megane” markalı 21BH614 dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı “xxxx” ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçı zərərin əvəzini ödənilməsini yalnız Cavabdeh1 tələb edə bilər. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci madddəsinə əsasən Cavabdeh2 ona məxsus avtomobili Cavabdeh1 qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə verdiyindən zərərin əvəzini ödəmək vəzifəsi qanuni əsasla sahiblik edən Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 1650 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1650 (bir min altı yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-759/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-759/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver