Məhkəmə qərarları › İş №2(044)-878/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-878/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-878/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı İsrəfil oğlunun, Cavabdehlər Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 və Cavabdeh2 Cavad oğlunun iştirakı ilə, İddiaçı İsrəfil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavad oğluna qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsrəfil oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən sağlamlığına ciddi ziyan vurulması, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, mənəviyyatına və ailə büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq hər bir cavabdehdən 5000 manat, cəmi 10.000 manat məbləğində pulun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlər onu yersiz, qeyri-qanuni olaraq mülki münaqişə zəmnində məhkəmələrə sürükləmiş, onunla amansız davranmışlar. Mülkiyyətində olan torpaq sahəsini, tikilini ondan almağa çalışaraq, əsəbləşdirərək, sağlamlığına, ailə büdcəsinə yetərincə ziyan vurmuşlar. Bu konflikt nəticəsində 30 dəfədən artıq təcili yardım çağrılmış, ona sistem köçürülmüş, dərmanlara külli miqdarda pul xərcləmişdir. Həyətyanı sahədə zorakılıqla qanunsuz söküntü aparmışdır. Məhkəmələrə, lazımsız yazı-pozuya, vəkillərə, nəqliyyat vasitələrindən istifadəyə, sağlamlığının bərpasına külli miqdarda pul xərcləmişdir. O, pensiya ilə yaşadığını və başqa gəlir mənbəyinin olmadığını bildirmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı İsrəfil oğlu iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X4 və Cavabdeh2 Cavad oğlu iddia tələbini qəbul etməyərək iddiannı rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərəri onun barəsində əvvəllər mövcud olmuş məhkəmə çəkişmələri ilə əlaqələndirmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, Cavabdeh1 cavabdeh İddiaçı İsrəfil oğluna qarşı qanunsuz tikilmiş tikililərin sökülməsi və torpağın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(044)- 644/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ciil tarixli qətnaməsi ilə hazırki iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(044)-644/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları ondan ibarət olmuşdur ki, tərəflər eyni binada yaşayırlar. Daşdəmirov X1 Səməndər Musa oğluna məxsus mənzilin qarşısındakı torpaq sahəsini dəmir torla hasarlamış, həmin yerdə toyuq hini, taxtadan ayaqyolu və anbar tikərək pəncərənin qarşısını kəsdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin işə baxarkən ekspert tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı evin qarşısında İddiaçı tərəfindən dəmir torla hasara alınmış ərazinin Cavabdeh1 yaşadığı yaşayış evindən 6,40 metr aralıda olduğu, dəmir torla hasarlanmış torpaq sahəsinin daxilində yerləşən tikililərin yaşayış evindən 7.60 metr və 8,15 metr ara məsafədə yerləşdiyi, həmin sahələrin Cavabdeh1 mənzili ilə hər hansı bir əlaqənin olmadığını, gediş-gəliş yolunun üzərində yerləşmədiyini nəzərə alaraq, mübahisələndirilən sahələrinin Cavabdeh1 texniki baxımdan hər hansı bir maneçilik törətmədiyi müəyyən edilmişdir. Öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş Cavabdeh1 məhkəməyə müraciət etmədən, həmin iş üzrə ekspertiza tədqiqatı aparılmadan tərəflər arasında yaranmış mübahisəyə hüquqi qiymətin verilməsi mümkün deyildir. İddiaçının əsassız məhkəmə çəkişməsi nəticəsində ona ziyan vurulmasına dair dəlilləri ilə bağlı məhkəmə onu qeyd edir ki, Azərbaycan Respubliikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Göründüyü kimi işə baxılarkən vicdansızcasına iddia qaldırma, işə düzgün və tezliklə baxılmasına mane olan hallar aşkar edilməmişdir. Həmin hallar aşkar edildiyi təqdirdə məhkəmlərin bu hala qiymət verməsi də qaçılmaz olacaqdı. Hüquqlarının pozulmasını ehtimal edən şəxsin məhkəməyə müraciət etməsi, öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə seçmək hüququna malik olan iddiaçının qəbul edilmiş məhkəmə aktlarından apellyasiya və kassasiia şikayətləri verməsi əsassız məhkəmə çəkişməsi kimi qiymətləndirilə bilməz. İddia tələbinin məzmunundan da göründüyü kimi iddiaçı ərizəsində göstərmişdir ki, o həkimlərə, hüquqi yardımla bağlı vəkillərə müəyyən məsrəflər sərf etmişdir. Əvvəla iddiaçı hansı vəkillə müqavilə bağlamasına və yaxud vəkilə və ya həkimə çəkilmiş xərclərin nədən ibarət olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı mənəvi əzab çəkməsini əsassız olaraq dəfələrlə məhkəmələrə gedib-gəlməyi ilə əlaqələndirdiyini bildirmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hüquqi yardım almaq üçün vəkillərə müraciət etmiş iddiaçının həmin vəkil vasitəsilə məhkəmələrdə hüquqlarının müdafiə edilməsi imkanı da qaçılmaz olmuşdur. Bunda başqa da Azərbaycan Respublikası MPMnin tələblərinə əsasən tərəflərin məhkəmə iclaslarında iştirak etməsi onların hüququ kimi təsbit edilmişdir. İddiaçı İsrəfil oğlu qeyd edilən hüququndan istifadə edərək məhkəmənin çağırışlarına gəlməmək kimi hüquqi imkanları olmuşdur. Hazırki iş üzrə iddiaçının əvvəllər işə baxılarkən cavabdeh kimi məhkəmə iclaslarına çağrılması iddiaçının tələbi ilə deyil, məhkəmənin öz vəzifəsini yerinə yetirməsi ilə bağlı olmuşdur. Belə ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə məhkəmə araşdırılması zamanı cavabdehlərin qanuna zidd hərəkətlərinin olması aşkar edilməmişdir. Bundan başqa iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı həm də göstərmişdir ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində onun şərəf və ləyaqəti ləkələnmişdir. Şərəf və ləyaqətin müdafisəsi ilə bağlı mübahisələr üzrə məlumatların yayılması, iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, buna gətirib çıxaran hərəkətlərin məhz cavabdehlər tərəfindən edilməsi ilə bağlı sübut etmə yükü iddiaçının, yayılmış məlumatların həqiqiliyini sübut edilməsi yükü isə cavabdehin üzərinə düşür. İddiaçı şərəf və ləyaqətinin ləkələnməsini sübut edə bilməmişdir. Əksinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə o Cavabdeh1 haqsız olduğunu sübut edə bilmiş və bununla da mənəvi rahatlıq əldə etmişdir. Hazırki iddia tələbinin isə təmin edilməməsi o demək deyildir ki, gələcəkdə də Qurbanov X2 Nizaməddin İsrəfil oğluna qarşı iddia qaldırmış olsun. Belə olduğu halda hüquqlarının pozulduğunu ehtimal edən şəxslər hüqüqlarını pozduğunu ehtimal edən şəxsə qarşı iddia qaldırmaq hüquqlarının müdafiəsinə yüksək ehtiyatlılıq göstərər və nəticədə şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquqları xəyala çevrilərdi. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 172, 216-220ci, 227, 233, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı İsrəfil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavad oğluna qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar