Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-91/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X5 MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 MMC tərəfindən ona vurulmuş 5613 manat maddi zərərin, 2000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, sol aşağı ətrafında ağrı və keylik hissi olduğu üçün 17.06.2019-cu il tarixdə X9 Mərkəzi MMC-yə müraciət edərək müayinə olunmuş, müayinələrin nəticəsində ona sol ayağının aşağı ətraf damarlarının atersokklerotik diaqnozu qoyulmuşdur. 21.06.2019-cu il tarixdə o, X2 İnvaziv radiologiya bölməsinə müraciət etmiş, həmin xəstəxanada həkim Emil Əminov tərəfindən müayinə edilmiş, sonuncunun məsləhəti ilə sol ayağının damarlarına təcili olaraq stend qoyulması bildirilmişdir. O, Emil həkimin məsləhəti ilə müəyyən analizlərdən keçdikdən sonra cərrahiyyə əməliyyatı olunmuşdur. Cərrahiyyə əməliyyatı altı saat çəkmiş və o, əməliyyatdan sonra üç gün xəstəxanada palatada qalmışdır. Palatada qaldığı üç gün üçün 1400 manat pul ödəsə də, həmin müddət ərizndə onu heç bir müalicə və müayinə etməmişdirlər. O, xəstəxanaya ümumilikdə 5613 manat pul ödəmiş və əməliyyatdan üç gün sonra evə buraxılmışdır. O, evə buraxıldıqdan sonra ayağında yaranmış kəskin ağrılara dözməyib, Gəncə və Bakı şəhərində Mərkəzi Klinikaya müraciət etmiş, X7 həkimin qəbulunda olduqda müəyyən olunmuşdur ki, onun ayağına heç bir stend qoyulmayıb, sadəcə olaraq ayağındakı damarlara hava vurularaq müvəqqəti qan dövranı bərpa edilmişdir. Həmin müayinələrdən sonra onda şübhələr yaranmış, ayağına stend qoyulubqoyulmamasını öyrənmək üçün X3 rentgen çəkdirmişdir. Rentgenin cavabından məlum olmuşdur ki, onun ayağına heç bir stend qoyulmamışdır. Daha sonra onun ayağındakı ağrılar kəskinləşdiyi üçün X4 həkimlərinin məsləhəti ilə Ceyhun Quliyev həkim tərəfindən 04.07.2019-cu il tarixdə sol ayağının dördüncü barmağını amputasiya əməliyyatı edilmişdir. Onun səhhəti kafi olduğuna baxmayaraq 05.07.2019-cu il tarixdə onu xəstəxanadan stasionar müalicədən çıxarıb evə ambulator müalicəyə göndərmişlər. Əməliyyatdan sonra evdə onun ayağındakı ağrılar keçmədikdə o, yenidən Ceyhun həkimin qəbulunda olmuş, Ceyhun həkim ona bildirmişdir ki, Emil həkim stentd adı ilə onun ayağına hava vurmuş və nəticədə onun ayaq barmağında qaralma baş vermişdir. Gələcəkdə daha ağır fəsad verməsin deyə o da onun ayaq barmağını amputasiya etmişdir. Ceyhun həkim eyni zamanda ona davasını gedib Emil həkimlə etməsini məsləhət bilmişdir. O, barmağının sarğısını dəyişdirmək üçün üç gün Ceyhun həkimin yanına getmiş, hər dəfəsində 13 manat pul ödəmişdir. Sarğısını açdıqdan sonra da sonuncunun ayağındakı ağrılar daha kəskin olmuş və o, yenidən xəstaxaya Ceyhun həkimin qəbuluna getmişdir. Xəstəxanada ona Ceyhun həkimin məzuniyyətə çıxdığını xaricə istirahətə getdiyini bildirmişlər, lakin Ceyhun həkim ona xaricə gedəcəyi barədə heç bir məlumat verməmişdir. İddiaçı Emil həkimin tək qurbanının o olmadığını Samux rayonu Alabaşlı qəsəbəsi sakini X1 ürəyinə Amerika stendi qoymaq adı ilə aldadaraq pulunu alsa da başqa istehsallı olan stend qoymuş, hazırda onların da işləri məhkəmədədir. Bundan başqa Gəncə şəhər sakini Mehdiyeva (Quliyeva) Kifayətin əməliyyatı ölümlə nəticələnmişdir. Sonuncunun səhhəti günü-gündən pisləşdiyi üçün o, Emil həkimə və Ceyhun həkimə müraciət edərək ölümlə üz-üzə qaldığını ona yenidən müalicə etməkdə köməklik göstərmələrini xahiş etmiş, cavabında onlar sonuncuya müalicəsini gecikdirdiyini ona heç bir köməklik edə bilməyəcəklərini bildirmişlər. Ayağına yenidən müalicə etmək üçün o, Bakı şəhərinə getməlidir, çünki onun müalicəsi orada mümkündür, lakin Bakı şəhərinə getmək üçün pul lazımdır. O, həkimlərdən əməliyyat üçün ödədiyi pulu geri istəsə də, onlar ona pulu geri qaytarmamışlar. Bu qanunsuzluqlarla bağlı o, xəstəxananın direktoru İlkin müəllimə müraciət etsə də, İlkin müəllim ona rədd cavabı verərək “get hara istəyirsən şikayət et, mən heç kimdən qorxmuram” cavabı vermişdir. Cavabdehlərin günahları ucbatından ona maddi ziyan ilə yanaşı, həm də mənəvi ziyan vurulmuşdur. Odur ki, cavabdehlərin qeyri-qanuni hərəkətlərindən o, əlacsız qalıb məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə o, xəstəxanada olarkən onun qızı müalicə ilə bağlı sənədləri oxumadan imzalamışdır. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Synergy Medical MMC müvafiq lisenziyalarla X5 adı ilə tibbin bir çox sahələri üzrə fəaliyyət göstərir. İddiaçı “Sol aşağı ətrafda ağrı və keylik” şikayətləri ilə 21.06.2019-cu il tarixdə xəstəxananın İnvaziv radiologiya bölməsinə əməliyyat məqsədi ilə daxil olmuş, bundan öncə 16-17 iyun 2019-cu il tarixdə müayinə nəticəsində hər iki aşağı ətraf damarlarının aterosklerotik xəstəliyi, şəkərli diabet 1-ci tip diaqnozları qoyulmuşdur. Kontrol çəkilişlər aparılmış, darlıq izlənilməmiş, prosedur fəsadsız keçmişdir. İddiaçı 24.06.2019-cu il tarixdə həkim məsləhəti ilə stasionar müalicədən ambulator müalicəyə göndərilmiş, göstərilmiş tibbi xidmətlərlə və ödənişlə bağlı iddiaçı və yaxınları tərəfindən heç bir şikayətlər olmamışdır, iddiaçıya əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. İddiaçı 03.07.2019-cu il tarixdə xəstəxanaya sol ayağın İV barmağında qaralma şikayəti ilə müraciət etmiş, müayinələr aparıldıqdan sonra 04.07.2019-cu il tarixdə sol ayağın İV barmağının amputasiyası cərahiyyə əməliyyatı keçirilmiş, iddiaçı kafi vəziyyətdə 05.07.2019-cu il tarixdə stasionar müalicədən ambulator müalicəyə göndərilmişdir. Həmin vaxtı iddiaçı və yaxınları tərəfindən göstərilmiş tibbi xidmətlər və ödənişlərlə bağlı heç bir şikayət daxil olmamışdır. Sonradan 2019-cu ilin avqust ayında iddiaçı müxtəlif dövlə orqanlarına müalicədən narazı olması barədə şikayətlər etmiş, Gəncə şəhər prokurorluğunda araşdıma aparılaraq 27.11.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərardan şikayət verilməyərək qərar qanuni qüvvəsini almışdır. İddiaçı əməliyyatdan sonra 3 gün palatada qaldığını, 1400 manat pul ödədiyini və bu müddətdə ona heç bir müalicə və müayinə olunmadığını bildirmiş, lakin iddiaçıya tibbi protokollara və daxili nizamnaməyə əsasən hər saat sonuncunun müvafiq müayinələrdən keçirilmə prosedurları vaxtı-vaxtında aidiyyəti tibbi personal tərəfindən icra olunmuşdur. İddiaçının ayağında icra olunası amputasiya əməliyyatının ayağının çox hissəsinə tətbiq edilməməsi üçün öncə anjiplastika əməliyyatı məsləhət görülmüş və iddiaçının razılığı əsasında icra olunmuşdur. İddiaçı Emil həkimin onu aldatması nəticəsində, ayağına Stent yox, balon qoyulması səbəbindən onun ayağında ağırlaşmalar baş verdiyini və barmağının kəsildiyini bildirsə də, bu yalandır. Cavabdeh tərəfindən iddiaçıya hər hansı ziyan vurulmamışdır. İddiaçının qızı da X3 işləyir və iddiaçı xəstəxanada olarkən qızı bütün olanlardan xəbərdar olmuş və müvafiq sənədləri imzalamışdır. Qeyd edilənlərə əsasən iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - X5 MMC-nin 29.08.2019-cu il tarixli xəstə İddiaçı Periferik Angioqrafiyasının sol aşağı ətraf arterialarının rəngli dopler müayinəsindən görünür ki, sol magistral, səthi, dərin femoral, popliteal arteriya açıqdır. Damar divarı qalınlaşıb, nahamar görünüşdədir. Divar boyu yayılmış müxtəlif ölçülü stenoz yaradan aterosklerotik plak aşkar edilir. Dopler incələməsində sol ATA medialında axın izlənilmir, distalında monofazik axın izlənilir. PTA medial və distalında axın izlənilmir. Yuxarı hissələrdə bifazik axın izlənilir. Müayinə zamanı arteriyaların mənfəzində stend aşkar olunmur. Nəticə: Sol ATA və PTA yuxarı 1/3-dən başlayan okkluziya US əlamətləri. - X5 MMC-nin 17.06.2019-cu il tarixli Ultrasəs və rəngli doppler müayinəsindən görünür ki, sol aşağı ətrafın arterial siteminin rəngli Doppler U.S.M. B-mod gri şkala incələməsində sol tərəfdə ümumi femoral arteriya, dərin femoral arteriya, səthi femoral arteriya, popliteal arteriya ilə anterior-posterior tibial arteriyalar normal kalibrdə ilənməkdədir. Arteriyaların divarları qeyri-düzgündür. CFA,SFA-da ateroskleroza bağlı yeryer darlıqlar izlənilir. Popliteal arteriyanın 80% darlığı qeyd olunur. ATA, PTA arteriya dorsalis pedisdə rənglə dolum qeyd olunmur. Periferik arteriyaların angioqrafiya müayinəsi məsləhətdir. - İddiaçı X5 MMC-yə ödədiyi qəbzlərdən görünür ki, 21.06.2019-cu il tarixdə- 2000 manat, 22.06.2019-cu il tarixdə-900 manat, 03.07.2019-cu il tarixdə-600 manat, 21.06.2019-cu il tarixdə-339 manat, 25.06.2019-cu il tarixdə-306 manat, 24.06.2019-cu il tarixdə-195 manat, 03.07.2019-cu il tarixdə-87 manat, 03.07.2019-cu il tarixdə-48 manat, 23.06.2019-cu il tarixli 36 manat, 17.06.2019-cu tarixdə-30 manat, 26.06.2019-cu il tarixdə 11 manat, 01.07.2019-cu il tarixdə 11 manat, 22.07.2019-cu il tarixdə 8 manat, 18.07.2019-cu il tarixdə 8 manat, 03.07.2019-cu il tarixdə 7 manat ödəmişdir. - X5 MMC-nin verdiyi epikrizdən görünür ki, İddiaçı hər iki aşağı ətraf damarlarının aterosklerotik xəstəliyi diaqnozu qoyulmuşdur. - X5 MMC-nin 21.07.2019-cu il tarixli razılaşma protokolundan görünür ki, Synergy Medical MMC ilə xəstə yaxını Kərimova Aysel tibbi xidmətin əvəzinə görə 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. - 27 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müalicəsinin düzgün təşkili və aparılmasının müəyyənləşdirilməsi, habelə digər əhəmiyyətli halların aydınlaşdırılması məqsədilə material üzrə Komisyon Məhkəmə-Tibbi Eksperizası təyin edilmiş, ekspertizanın 19.11.2019-cu il tarixli, 393/KEŞ saylı rəyindən görünürmüşdür ki, İddiaçı adına X3 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 21.06.2019-cu il tarixdə xəstəxanaya sol aşağı ətrafda ağrı şikayətləri ilə müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “Hər iki ətraf damarlarının aterosklerotik” diaqnozu düzgün təyin edilmişdir. Xəstəyə təyin edilmiş diaqnoza uyğun invaziv əməliyyatın aparılması qərara alınmış və icra edilmişdir. İddiaçı müalicə müəssisəsi şəraitində aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Kərimovun üzərində 21.06.2019-cu il tarixdə X3 “Periferik angioqrafiy” müayinəsi aparılmış və damarlarda olan darlıqlar aşkar edilmişdir. Bununla əlaqədar darlıqlar ballonla angioplastika yolu ilə aradan qaldırılmışdır. İddiaçı X3 göstərilmiş tibbi xidmət Səhiyyə sistemində müvcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı X3 düzgün müalicə olunmaması toplanmış material və materiala əlavə olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının 19.11.2019-cu il tarixli, 393/KEŞ saylı rəyi ilə təkzib edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı X3 düzgün müalicə olunmaması barədə müraciətində cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki iş üzrə iddiaçıya X3 edilmiş müalicə və əməliyyat nəticəsində səhhətinin pisləşməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən etmək məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2(044)-160/2021 saylı qərardadına əsasən məhkəmə – tibbi ekspertizası təyin olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” Publik Hüquqi şəxs tərəfindən verilmiş 14.12.2021-ci il tarixli, 911/KEŞ saylı ekspert rəyində görünür ki, X3 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 21.06.2019-cu il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış laborator və instrumental müayinələrdən sonra ona “Hər iki aşağı ətraf damarlarının aterosklerotik xəstəliyi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq invaziv əməliyyatın icrasına göstəriş olduğundan həmin tarixdə “Angioplastika” icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 24.06.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı məhkəmə-tibbi ekspertizaya təqdim edilmədiyi üçün halhazırda onda hər hansı bir fəsadın olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki iddiaçı onun X5 MMC-də düzgün diaqnoz qoyulmaması və düzgün əməliyyat olunmamasını, həmin xəstəxananın həkimi Emil Əminovun və Ceyhun Quliyevin səhlənkarlığı ucbatından 5613 manat pul xərclədiyini müəyyən etmək mümkün olmamışdır. Əksinə, tərəflər arasında bağlanmış müqavilədən və razılıq bildirişindən məlum olur ki, iddiaçı əməliyyatın olunmasına razılıq vermiş və əməliyyat nəticəsində ola biləcək ağırlaşmaların, ölüm daxil, bütün məsuliyyətini öz üzərinə götürmüşdür. Həmçinin ekspert rəyində də X5 tərəfindən iddiaçıya aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Bundan başqa dəfələrlə təyin olunmuş ekspertizaya iddiaçının gedib ekspertizadan keçməsi təklif olunmuş, lakin hər dəfə iddiaçı müxtəlif bəhanələrlə ekpertizaya getməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, cavabdeh və ya onun işçilərinin təqsiri nəticəsində iddiaçıya zərər dəymədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117 və 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-91/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-91/2022
27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver