Məhkəmə qərarları › İş №2(045)-1015/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1015/2024

07.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1015/2024 07.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc aldığı 3000 (üç min) manat pulun, vəkilə xidmət haqqı 300 manat pulun və ödədiyi 50 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehi çoxdan tanıyır, yaxın qohumudur. Ona görə ona inanmışdır. 2023-cü ilin noyabr ayının axırları olardı, nəvəsini məktəbə aparmışdır. Cavabdeh həmin vaxt onunla əlaqə saxlayaraq təcili görüşmək istədiyini bildirdi, elə orada cavabdehlə görüşmüş, cavabdeh təcili onun dostuna 3000 (üç min) manat pul lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, o kömək etsin. O da fikirləşmişdir ki, həm qohumdur, həmdə hərbiçidir. Ona görə də kömək etmək qərarına gəlmişdir. Oğlunun uzun müddət idi ki, övladı olmadığı üçün pul yığmışdır ki, süni mayalanma əməliyyatı etdirəcək. Cavabdehdə qohum olduğu üçün bunu bilirdi və gətirib 3000 (üç min) manatı cavabdehə vermişdir. O da pulu götürərək təşəkkür etdi və maaşlarını alan kimi gətirib verəcəyinə söz vermişdir. Lakin cavabdeh maaşını aldı, pulunu gətirmədi, zəng edib əlaqə saxlamış, bildirdi ki, bu ay imkan olmadı, gələn ay mütləq verəcəkdir. Lakin, yenə də onu aldatmışdır. Ona görə də cavabdehin valideyinlərinin evinə getmişdir. Onlarda onu yaxşı qarşılamışlar, cavabdehi danladılar, o da valideyinlərinə də söz verdi ki, bu ay qaytaracaqdır borcunu. Ancaq yenə də onu aldatdı. Bir neçə gündən sonra bir nəfər ona zəng edərək DTX-nin işçisi olduğunu bildirdi, onu hədələdi ki, “pulu mən borc almışam, hər ayda sənə 100 manat qaytaracağam”. O da onun hərəkətlərindən Goranboy rayon Polis şöbəsinə şikayət etmiş, ona bildirdilər ki, tələbi mülki xarakterli iş olduğu üçün məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etməli olur. İndi istəyir ki, cavabdeh ondan borc aldığı aldığı 3000 (üç min) manat pul məhkəmə qaydasında alınaraq ona verilsin. Cavabdeh aldığı borc pulu könüllü vermək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh iddiaçıdan dostu üçün 3000 (üç min) manat borca pul istəmiş, iddiaçı da həmin məbləği, yəni 3000 manatı cavabdehə vermişdir. Cavabdeh isə götürdüyü pulu qaytarmamış və yalan vədlər verərək iddiaçını aldatmışdır. Bununla bağlı Goranboy RPŞ-yə şikayət verilmiş və həmin məsələ orda da araşdırılmış, lakin iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Belə ki, keçirilmiş əvvəlki məhkəmə iclasında Cavabdeh iddiaçıdan 700 manat borc aldığını və guya qaytardığını bildirmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iki ədəd ödəniş qəbzindən də görünür ki, həmin borc iddiaçının oğlu Rauf Məhərrəmova olan borcudur. Ona görə də cavabdehin verdiyi izahatlar və təqdim etdiyi subutlar bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2023-cü ilin dekabr ayında 700 manat borca pul almış və həmin pulu sonuncunun kart hesabına geri qaytarmışdır. Bu barədə olan qəbzləri məhkəməyə təqdim etdi. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, polis orqanında psixoloji təzyiqə məruz qaldığı üçün həyəcanlanıb səhv izahat verib, əslində o, iddiaçıdan 1900 manat yox, 700 manat borc pul almış və həmin pulu da iddiaçıya geri qaytarıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-də verdiyi izahatından görünür ki, o, 2023-cü ilin dekabr ayında Şahinədən borca 1900 manat pul almış, borcun 1200 manatını qaytarmış və ona 700 manat borcu qaldığını bildirmişdir; Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-75/2-14-7424/11/24 nömrəli məktubundan görünür ki, İddiaçı müracətində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir; xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə RA****M**** hesabına 365 manat məbləğində vəsait köçürülmüşdür; xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə ŞA****M**** hesabına 340 manat məbləğində vəsait köçürülmüşdür; Yevlax şəhər Vəkil Bürosu tərəfindən verilmiş 41 nömrəli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardım edilməsi üçün 300 manat məbləğində pul ödəmişdir; CD diskdən görünür ki, Cavabdeh İddiaçı 3000 manat məbləğində borcunun olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksinə qaytarcağını bildirmişdir; "xxxx" ASC-nin 9960 nömrəli, xx.xx.2024-cü il tarixli, qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında şifahi müqavilə əsasında borc öhdəlik hüquq münasibəti yaranmışdır və bu işin mübahisəsiz halıdır. Lakin borcun məbləği və geri qaytarılması işin mübahisəli halıdır. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçı ilə aralarında borc müqaviləsindən irəli gələn münasibətlərin olduğunu etiraf etsə də, həmin müqavilə üzrə iddiaçıdan 700 manat borc aldığını, həmin borcu da geri qaytardığını bildirərək, iddiaçı qarşısında hər hansı borc öhdəliyinin qalmasını qəbul etmir, iddiaçı da əksinə cavabdehin müqavilənin şərtlərini pozduğunu və cavabdehin ondan 3000 manat məbləğində borc pul aldığını, həmin borcdan da heç nə ödənilmədiyini iddia edərək, vermiş olduğu borc pulu cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş borc müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh Dadaşov X1 rayon Polis şöbəsində və məhkəmə iclasında verdiyi izahatlar bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, Goranboy rayon Polis şöbəsində verdiyi izahatında iddiaçıdan 2023-cü ilin dekabr ayında 1900 manat pul vəsaiti aldığını, borcundan 1200 manatını qaytardığını, 700 manat borcu qalmasını bildirsə də, məhkəmə iclasında iddiaçıya cəmi 700 manat borcu olduğunu və borcu qaytardığını göstərmişdir (əsas xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlər). İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən qaytarılan vəsait iddiaçı ilə arasında yaranmış öhdəlik hüquq münasibətlərindən əvvəlki vaxta və ya həmin borc müqaviləsinin bağlandığı eyni aya təsadüf edir ki, bu hal da həmin qəbzlərin sözügedən borc öhdəliyinə aid olmasını təkzib edir. Eyni zamanda cavabdeh iddiaçı ilə arasında olan telefon danışığı zamanı sonuncuya 3000 (üç min) manat borcu olub-olmadığını mübahisələndirməmiş, əksinə iddiaçı ondan 3000 (üç min) manat borcunun qaytarılmasını tələb etdikdə, o, iddiaçıya cavab olaraq borcunu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Odur ki, məhkəmə cavabdehin iddianı qəbul etməməsini özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyi və əsaslığının əsas göstəricisi olması nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbinin hüquqi xidmət haqqına görə ödənmiş 300 (üç yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, bu halı təsdiq edəcək, yəni İddiaçı Yevlax rayon vəkil bürosunun vəkili Vəkil hesabına 300 (üç yüz) manat vəsaitin ödənilməsini təsdiq edən qəbz təqdim olunduğu üçün iddia bu hissədə tam təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 300 manat xidmət haqqının və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 300 manat xidmət haqqının və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar