Məhkəmə qərarları › İş №2(045)-105/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-105/2023

31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-105/2023 31.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh darvazanın satılması və quraşdırılması üçün ödədiyi 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 39,50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, öz evi üçün darvaza axtarışında olmuşdur. Bir gün cavabdeh ona darvaza sexində çalışdığını, vaxtı olduğu gün gəlib darvazalara baxmağını təklif etmişdir. 30 avqust 2022-ci il tarixində cavabdeh ona WhatsApp sosial şəbəkəsindən bir darvaza şəkli göndərmiş, qiymətinin 1950 manat (min doqquz yüz manat) olduğunu bildirmişdir. O isə cavabdehin təklifinə razılıq verməklə razılaşdırdığı qiyməti ödəməklə darvazanı ona satmasını və gətirib onun evində quraşdırmasını xahiş etmiş, cavabdeh isə demək olar ki, hər gün ona yazaraq, ödəniş etməyi ilə bağlı təkidlər etmiş, o isə vaxt məhdudiyyəti olduğunu və ödəniş etdiyi vaxt ona məlumat verəcəyini bildirmişdir. 05 sentyabr 2022-ci il tarixində o, "UNİBANK” ASC-yə gedərək, cavabdehǝ məxsus **********530974 saylı bank kartına darvaza üçün 1900 manat, 06 sentyabr 2022-ci il tarixində isə həmin bank kartına 50 manat (ǝlli manat) ödəniş etmiş, daha sonra isə çeki cavabdehǝ göndərmiş, vaxtı olduğu təqdirdə darvazanı onun evinə gətirib quraşdırmasını xahiş etmişdir. 06 sentyabr tarixindən etibarən, cavabdeh telefonlarını söndürmüş və hər dəfə müxtəlif bəhanələr gətirərək bugünədək darvazanı yerinə qoymamışdır. Cavabdeh onun etibarından sui-istifadə etmiş və əvvəldən niyyəti ondan pul almaq olmuşdur, belə ki, o, cavabdehdən niyə belə etməsinin səbəbini soruşduqda “çoxlu borcu olduğunu və pul göndərdiyim kartın isə borca görə mənfidə olduğunu və ora göndərdiyim pulun üzərinə bank tərəfindən blok qoyulduğunu” bildirmişdir. Əgər cavabdeh kartının mənfidə olduğunu bilirdisə, ona nəyə görə həmin kartı ataraq, pulu ora göndərməyini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh onun etibarından və qohumluq əlaqələrindən istifadə edərək, ona 1950 manat məbləğində ziyan vurmuşdur, odur ki, iddia tələbi təmin edilməli və 1950 manat pul məbləği cavabdehdən tutularaq ona ödənilməlidir Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh iddiaçıya yalan danışmış, ümumiyyətlə o, heç vaxt darvaza ticarəti ilə məşğul olmamış, musiqi müəllimi işləyir, əsl məqsədi heç bir qanuni əsas olmadan öz ehtiyacları üçün iddiaçının pulunu ələ keçirmək olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bank kartının nəğd pulla artırılmasına dair qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 1950 manat məbləğində vəsait köçürmüşdür; Whatsapp sosial şəbəkəsindən çıxarılmış fotoşəkillərdən görünür ki, İddiaçı ilə “+994 51 340 65 84” mobil nömrəsi arasında darvazanın alğı-satqısına və 1950 manat pulun göndərilməsinə dair yazışmalar aparılmış və fotoşəkillər göndərilmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ********** mobil telefon nömrəsi ünvan 1 ünvanında yaşayan xx.xx.1964-cü il təvəllüdlü X2 məxsusdur; Hökümət ödəniş portalının ********* nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı iddia tələbi üzrə 39,50 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər darvazanın alğı-satqısı barədə sifahi qaydada razılığa gəlmiş, razılığa əsasən iddiaçı 1950 manata qiymətləndirilmiş darvazanın pulunu qabaqcadan ödəməli, cavabdeh də darvazanı razılaşdıqları tarixdə gətirib quraşdırmalı idi. İddiaçı 1950 manat məbləği qabacadan cavabdehin bank hesabına köçürmüş, lakin Cavabdeh razılığın şərtlərinə əməl etməyərək darvazanı bugünədək gətirib iddiaçıya təhvil verməmişdir. Qeyd olunan bu hallar cavabdehlə bir ünvanda yaşayan və onunla eyni soyad daşıyan X1 adına olan ********** mobil nömrəsi ilə iddiaçı tərəfindən aparılmış “votsap” yazışmalarında öz əksini tapır. İşin hallarından, iddiaçının izahatından və toplanmış sübutlardan görünən odur ki, cavabdehin əsl niyyəti hər hansı əşyanı iddiaçıya satmaq deyil, alğı-satqı müqaviləsi görünüşü yaradaraq iddiaçının hesabına əmlak əldə edib əsassız varlanmaq olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 1950 manat dəyərində darvazanı almaq üçün pul versə də, cavabdeh öhdəliyini icra etməmiş və pulu şəxsi məqsədləri üçün istifadə etmiş, nəticədə iddiaçıya zərər dəymiş və bu zərər üçün cavabdeh məsuliyyət daşıyır. Buna görə də, iddiaçının ödədiyi 1950 manat məbləğində pul vəsaitini cavabdehdən geri tələb etmək hüququ qanuni və əsaslıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekunda məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1950 (bir min doqquz yüz əlli) manat məbləğində dəymiş zərər və ödənilmiş 39,50 (otuz doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd оlununlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T Е T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1950 (bir min doqquz yüz əlli) manat məbləğində dəymiş zərər və ödənilmiş 39,50 (otuz doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar