Məhkəmə qərarları › İş №2(045)-1075/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1075/2025

02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1075/2025 02.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1500 (bir min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 onun 1600 manat məbləğində pulunu mənimsəmiş və bugünə kimi qaytarmamışdır. Belə ki, o Xocavənd rayonunun Muğanlı kəndində qeydiyyatdadır, lakin faktiki olaraq Beyləqan rayonunun Təzəkənd kəndində yaşayır. Həmin kəndin ərazisində onun təsərrüfat ferması vardır. Bir nəfər tanışına bildirmişdir ki, fermada işləmək üçün ona çoban lazımdır. xx.xx.2024-cü il tarixdə onunm mobil telefonuna tanımadığı ***-***-**-** nömrəli telefondan zəng gəlmiş və bir nəfər özünü Namiq adlı şəxs kimi təqdim edərək çoban işləmək istədiyini bildirmişdir. Onlar telefonda danışıb, şərtləşib razılığa gəldikdən sonra Namiq hal-hazırda çoban işlədiyi fermanın sahibinə 600 manat borcu olduğunu bildirmiş və o, elə həmin gün Namikə 600 manat məbləğində pul göndərmişdir. Ertəsi gün xx.xx.2024-cü il tarixdə Namiq həyat yoldaşı ilə birlikdə onun fermasına gələrək işə başlamaq istədiyini bildirmiş və səhəri gün həkimə getməli olduğunu bildirərək ondan əlavə olaraq 800 manat pul almışdır. Lakin, xx.xx.2024-cü il tarixdə Namiq arvadı ilə birlikdə çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Bundan əlavə, o 100 manat Namiqin özünə və 100 manat da Namiqi fermaya gətirən taksi sürücüsünə vermişdir. Yəni, cavabdeh X4 ümumilikdə onun 1.600 manat məbləğində pulunu mənimsəmiş və bugünə kimi qaytarmamışdır. Faktla bağlı AR DİN-nin “102-xidməti zəng mərkəzi” sisteminə müraciət etmiş, müraciəti ilə bağlı Beyləqan rayon X3 Bölməsində araşdırma aparılmış, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edir ki, onun həqiqətən də iddiaçıya 1500 manat məbləğində borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir və bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətdə göstərdiyi xüsusatların mülki xarakterli olduğu üçün məhkəmədə iddia qaldıqmaq hüququ izah edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 016469 nömrəli, 14 aprel 1998-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə cavabdehin etirafını nəzərə alaraq, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi müqavilə əsasında borc öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında 2024-cü ildə şifahi borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh İddiaçı 1500 (bir min beş yüz) manat məbləğində borc pul almış, lakin cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçının hüquqları pozulmuşdur. Belə olan halda cavabdeh öz öhdəliklərinin hər bir təqsiri üçün məsuliyyət daşıdığına görə iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. Həmçinin, cavabdeh iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Müllki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə MPM-in 119.2 və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1500 manat məbləğində borc pul və dövlət büdcəsinə 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1500 manat məbləğində borc pul tutulsun. Cavabdeh dövlət büdcəsinə 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar