Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-109/2024 23.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərə görə 544 manat pulun və dövlətə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Goranboy rayonunun Qazançı kəndində yaşayır. Fermerdir və yaşadığı kənddə ailəsi ilə birlikdə kənd təsərrüfatı məhsullarının əkini ilə məşğul olur. Ailəsinə verilmiş pay torpağı ilə yanaşı bəzi həmkəndliləri ilə icarə müqaviləsi əsasında onların da pay torpaqlarından istifadə edir. 2023-cü ildə də ailəsinin və kənd sakinlərindən icarəyə götürdüyü 10 ha torpaq sahəsində respublikada strateji məhsul sayılan pambıq əkib becərmiş, bol məhsul yetişdirmişlər. Lakin, 25 sentyabr 2023-cü il tarixdə cavabdeh 8-10 baş iri buynuzlu mal-qara sürüsünü onun 0.86 ha pambıq sahəsində otararaq bütün sahəyə tam ziyan vuraraq pambıq məhsulunu tamamilə məhv etmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh heç bir əhəmiyyət vermədən demək olar ki, hər gün pambıq sahəsini otarmaqda davam edir. O, becərdiyi pambıq sahəsinə cavabdeh tərəfindən dəyən zərərin müəyyənləşdirilməsi ilə bağlı Goranboy RİTM-yə müraciət etmişdir. Mütəxəssislər tərəfindən pambıq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun 10 hektar pambıq əkin sahəsinin 0.4 hektarına iri buynuzlu mal-qara daxil olmuş və pambıq sahəsinə ziyan vurmuşdur. Həmin sahənin məhsuldarlığının 17 sentner olması nəzərə alınaraq müəyyən ounmuşdur ki, onun 680 kq xam pambığı məhv edilmişdir. Xam pambığın 1 kiloqramının 0.8 manat olduğu nəzərə alınsa fermerə dəyən dəyər 544 manat olar. Pambıq sahəsinə vurulmuş ziyan rayon üzrə pambıq sahələrindən orta məhsuldarlıq nəzərə alınaraq 544 manat dəyərində qiymətləndirilmişdir. Bu barədə tərtib olunmuş 03 oktyabr 2023-cü il tarixli aktı məhkəməyə təqdim edir. Göründüyü kimi cavabdeh tərəfindən pambıq sahəsinə 544 manat zərər vurulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, Goranboy rayonunun Qazançı kənd icra nümayəndəsidir. Onların idarəsi iddiaçının pambıq sahəsinə yaxın ərazidə yerləşir. Səs-küy eşitdiyindən həmin əraziyə yaxınlaşmışdır. Bu zaman Cavabdeh həmin ərazidən qayıtdığını görmüşdür. O, ərazidə 10-15 nəfər yığıldığını görmüş, həmin şəxslərin haranın işçiləri olduğunu bilməmiş, kim olduğunu soruşduqda kənd təsərrüfatı idarəsinin işçiləri olduğunu demişlər. Nə olduğunu soruşduqda iddiaçının pambıq sahəsinə mal-qaranın girdiyini demişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehə məxsus mal-qaranın iddiaçının torpaq sahəsinə girdiyini özü görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19 yanvar 2023-cü il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, X1 məxsus Goranboy rayonunun Goranlı kəndində yerləşən 2.3 hektar torpaq sahəsi İddiaçı icarəyə verilmişdir; 25 sentyabr 2023-cü il tarixli X13 X2 sektorunun sektor müdiri X3, X13 X2 sektorunun baş məsləhətçisi X10, Goranboy Rayon "xxxx" MMC şirkətinin sahə aqronomu X4, Goranboy Rayon "xxxx" MMC şirkətinin aqronom entomoloqu X5 və Goranboy rayonu, Qazançı kənd sakini İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Goranboy rayonunun Qazançı kənd sakini İddiaçı icarəsində olan 0.86 hektar torpaq sahəsinə 25 sentyabr 2023-cü il tarixdə fermerin iştirakı ilə Goranboy DAİM-in və "xxxx" MMC-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı 0.86 hektar pambıq bitkisi əkilmiş torpaq sahəsində iribuynuzlu mal-qara izləri aşkar edilərək, pambıq bitkisinə ziyan dəydiyi müəyyən edilmişdir; 03 oktyabr 2023-cü il tarixli Goranboy PİTM-nin aqronomu X6, Goranboy PİTM-nin aqronomentomoloqu X7, Goranboy PİTM-nin əlaqələndirici ərazi nümayəndəsi X11 və fermer İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, 25 sentyabr 2023-cü il tarixdə Goranboy rayonunun Qazançı kənd sakini İddiaçı məxsus 10 hektar pambıq əkini sahəsinin 0.4 hektarına iri buynuzlu mal-qara daxil olmuş və pambıq sahəsinə ziyan vurmuşdur. Həmin sahənin məhsuldarlığının 17 sentner olması nəzərə alınaraq müəyyən olunmuşdur ki, fermerin 680 kq xam pambığı məhv olmuşdur. Xam pambığın 1 kiloqramının 0.8 manat olduğu nəzərə alınsa fermer İddiaçı 544 manat ziyan dəymişdir; CD diskdən görünür ki, pambıq bitkisi əkilmiş torpaq sahəsində iribuynuzlu mal-qara vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli, 9/10102 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 01 kiloqram xam pambığın 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 0.80 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı icarə müqaviləsi ilə istifadəsində olan torpaq sahəsində pambıq əkmiş və pambıq sahəsinə mal-qara daxil olaraq iddiaçıya ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mülki hüquq məsuliyyəti daşıması üçün delikt onun tərəfindən törədilmiş olmalıdır. Hazırkı halda isə tələb ziyanın pambıq sahəsinə mal-qara daxil olması nəticəsində vurulmuş olması ilə əsaslandırıldığından pambıq sahəsinə mal-qara daxil olması və mal-qaranın cavabdehə məxsus olması sübut olunmalıdır. İş materiallarında olan aktlarla pambıq bitkisi əkilmiş torpaq sahəsində iribuynuzlu mal-qara izlərinin aşkar edildiyi və pambıq bitkisinə ziyan dəydiyi müəyyən olunur. Lakin, yalnız ziyan faktının müəyyən olunması iddianın əsaslılığına dəlalət etmir. Belə ki, ziyan ilə yanaşı ziyanın məhz cavabdeh tərəfindən vurulduğu müəyyən olunmalıdır. Lakin, həmin mal-qaranın məhz cavabdehə məxsus olması və nəticə etibarilə iddiaçıya cavabdeh tərəfindən ziyan vurulması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Yəni, iddiaçının pambıq sahəsinə mal-qara daxil olsa da iddiaçı həmin ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə də həmin mal-qaranın cavabdehə məxsus olması müəyyən edilməmişdir. Belə ki, şahid cavabdehə məxsus mal-qaranın iddiaçıya məxsus pambıq sahəsinə girdiyini özünün görmədiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasında iddianı etiraf etməmiş, pambıq sahəsinə iddiaçının öz mal-qarasının daxil olduğunu, CD disk təqdim edərək görüntüdəki mal-qaranın iddiaçıya məxsus olduğunu bildirmişdir. İddiaçı malqaranın ona məxsus olduğunu etiraf edərək pambıq yığımından sonra öz mal-qarasını əraziyə saldığını bildirmişdir. Göründüyü kimi iddiaçı dəymiş ziyan barədə sübut təqdim etsə də həmin ziyanın məhz cavabdeh tərəfindən vurulduğuna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı öz tələbini, yəni həmin mal-qaranın cavabdehə məxsus olduğunu, ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid ediməli, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-109/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-109/2024
23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver