Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1101/2024 21.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat borc pul və iddia ərizəsinin verilməsi üçün ödədiyi 74,5 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı Göygöl rayon Xəqani kəndində ailə üzvləri ilə birlikdə quşçuluq təsərrüfatı yaratmışdır. O, kökəltmə işlərini, həm də satışı ailə üzvləri ilə birlikdə həyata keçirərək, öz halal zəhməti ilə dolanır. Hər həftənin şənbə və bazar günləri Gəncə mal bazarı deyilən yerdə yetişdirdiyi quşların satışı ilə məşğul olur. Növbəti satış günlərinin birində Azər adlı şəxs yaxınlaşaraq o da Goranboyda quş alveri ilə məşğul olduğunu bildirdi və satdığı quşların sağlamlığı və çəkisi onu maraqlandırdığı üçün onunla alış-veriş elmək istədiyini demişdir. Qiymətdə razılaşdıq. Hər bazar günü gəlib ondan bir neçə dəfə nağd pulla alış-veriş edən Azər, yeni il qabağı daha çox satış olacağını demiş, ona görə də, ondan xahiş etdi ki, yük maşını ilə quşları Goranboy rayonuna çatdırsın. Quşların hər birini 5 (beş) manatdan razılaşmışdır. Goranboy şəhərinə öz yük avtomobili ilə quşları gətirərək Azərə təhvil vermişdir. O, Goranboy şəhərinə təsərrüfatda onunla birgə çalışan Göygöl rayonu, Balçılı kənd sakini X1 ilə birlikdə gedərək 10 dekabr 2023-cü il tarixdən 17 dekabr 2023-cü il tarixədək quşları Cavabdeh təhvil vermişdir. Ümumi məbləğ 5450 (beş min dörd yüz əlli) manat təşkil edir. Ona təhvil verdiyi toyuq-cücənin pulunu nağd verə bilməyəcəyini bildirən cavabdeh 2024-cü ilin yanvar ayına qədər möhlət verin ki, bayramqabağı rahatlıqla yaxşı qiymətə sata bilsin. O da bu baxımdan razılaşmışdır ki, yeni il bayramından sonra Azər və qardaşları olan digər cavabdehlər onun pulunu qaytaracaqlar. Ancaq bayramdan sonra cavabdehlər borclarını ödəməkdən qəsdən yayınmağa başladılar. Bu minvalla cavabdehlər etibardan sui-istifadə etmiş oldular. Hər gün onu aldatmağa başladılar. 2024-cü ilin yanvar ayından demək olar ki, 15 dəfəyə yaxın yük avtomobili ilə Xəqani kəndindən Goranboy şəhərinə getmişdir. Hər gedişgəlişi ona 30 (otuz) manata başa gəlmişdir ki, bu da təxminən 450-500 manata yaxın məbləğ təşkil edir. Eyni zamanda cavabdehlərin hərəkəti nəticəsində ona mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Ona görə də, cavabdehlərdən onun pulunun alınıb verilməsində Goranboy rayon Polis Şöbəsinə müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə Goranboy rayon Polis Şöbəsində araşdırma aparılmış və cavabdehlərdən izahatlar alınmışdır. Cavabdehlər həmin məbləğdə toyuq-cücəni ondan nisyə alaraq götürdüklərini, 5450 (beş min dörd yüz əlli) manat borcları olduğunu etiraf edərək qaytaracaqlarını bildirdilər. Goranboy rayon Polis şöbəsinin rəisi cənab Məmməd Hüseynovun imzası ilə 12 aprel 2024-cü il tarixli cavab məktubunda cavabdehlərlə arasında yaranmış mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək tövsiyə edilmişdir. Cavabdehlərə öhdəliklərini icra etmələri üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh Malik oğlunun Goranboy RPŞ-də verdiyi izahatından görünür ki, o, İddiaçı 5450 manatlıq cücə almış və cücələr tələf olduqdan sonra isə o, Vüqara həmin pulu qaytara bilməmişdir. Hal-hazırda maddi imkanı olmadığı üçün o, Vüqarın pulunu verə bilmir. Gələcəkdə maddi vəziyyəti düzələrsə Vüqarın pulunu ziyanlığı çıxdıqdan sonra qalan bir hissəsini hissə-hissə verə biləcəyini bildirmişdir; "xxxx" ASC-nin 28301 nömrəli qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında quşların satışına dair şifahi nisyə alğı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin aldığı 5450 malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürməsi, lakin qaytarmaması işin mübahisəsiz hallarıdır. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin işə əlavə edilmiş cavabdehin polis şöbəsində verdiyi izahatında iddiaçıya 5450 manat borcunun olmasını etiraf etmişdir. Belə olan halda, hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki- Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatı arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı quşları 5450 manata cavabdehə nisyə satmış, cavabdeh də aldığı malın dəyərini ödəyəcəyi barədə vəd versə də, bugünədək borcunu ödəməmişdir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, Cavabdeh malı iddiaçıdan 5450 manata almış və iddiaçı qarşısında öhdəliyini yerinə yetirməyərək malın dəyərini ödəməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5450 (beş min dörd yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 74,5 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5450 (beş min dörd yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 74,5 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1101/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1101/2024
21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver