Məhkəmə qərarları › İş №2(045)-1115/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1115/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1115/2023 12.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036,80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ərazidə “Azəriqaz” İctimai Birliyinin abonenti olduğu üçün təbii qaz istifadəçisi olmuşdur. İstifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt “Azəriqaz” İctimai Birliyinin nümayəndələri ilə aralarında heç bir mabahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. “Azəriqaz” İctimai Birliyi əməkdaşları qeydiyyatda olduğu ünvana qaz sayğacına baxış keçirərək sayğacı onun xəbəri olmadan 3 dəfə dəyişiblər. O, 2020-ci ildən etibarən həmin kənddə yaşamır. “Azəriqaz” İctimai Birliyinin 17 iyun 2022-ci il də tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub. Sayğac istifadəyə yararsızdır. Bu səbəbdən də “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən guya ki, itirilmiş qazın bərpası məqsədilə ilə ona 1036,80 manat cərimə tətbiq edilmişdir. Onun barəsində tərtib edilmiş 1036,80 manat cəriməni qanunsuz hesab edir. Hesab edir ki, cərimə ləğv edilməlidir. Əlavə olaraq qeyd edir ki, onların evi üçün quraşdırılmış qaz sayğacına heç bir müdaxilə olmamışdır. Bu borcun haradan yaranmasını aydınlaşdırmaq üçün qaz istismar idarəsinə müraciət etmişdir. İdarədən ona akt təqdim edərək bildiriblər ki, sayğacın hesablama müxanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib sonra yapışqan maddə ilə yapışdırıldığından qaz itkisi baş vermişdir. Bu səbəbdən də qazdan istifadə qaydalarını pozmuş, ona görədə dəymiş ziyanı ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 28 iyun 2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmiş sonra yapışqan maddə ilə bərpa olunması müəyyən edilmişdir; Abonentin saldosundan görünür ki, (2022-ci il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036,80 manat pul abonentdən tələb olunur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı sahibliyində olan evdə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının sahibliyində olan evdə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanan 1036,80 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməli olan 30,37 manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (Goranboy rayonu, Baxçakürd kəndində Abonent kodu: **********00113) hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (Goranboy rayonu, Baxçakürd kəndində Abonent kodu: **********00113) hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə 30,37 (otuz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar