Məhkəmə qərarları › İş №2(045)-1201/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1201/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1201/2023 02.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3500 (üç min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 55,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Günay Sığorta" ASC-də 28 may 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21074" markalı 99SJ429 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 12 aprel 2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "Fiat Doblo" markalı 99NC925 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhər Məhkəməsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idərə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 3500 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. “VAZ-21074" markalı, 99SJ429 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 Forman oğluna maxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etmişdir. Onların hər ikisi mülki masuliyyət daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını iştirakları olmadan keçirərək baxılmasını və işi mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən verilmiş “daşınar əmlakın ziyanın müəyyən edilməsi barədə rəy”indən və ona əlavə edilmiş cədvəldən görünür ki, **-NC-*** dövlət qeydiyyat nişanlı, “FİAT DOBLO” markalı avtomobilə 23 noyabr 2022-ci il tarixinə dəymiş zərərin məbləği 3500 (ehtiyyat hissələrinə görə 2360 manat və usta xidməti 1140 manat) manat təşkil edir. xx.xx.2022-ci il tarixli, PGÜ 223474 nömrəli sığorta ödənişi aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncəşəhəri, Avtozavod yolu ərazisində baş vermiş hadisə nəticəsində zədələnmiş **-NC-*** dövlət qeydiyyat nişanlı, “FİAT DOBLO” markalı avtomobilə vurulmuş zərərə 3500 manat məbləğində müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli “ödəniş tapşırığı”ndan görünür ki, X1 hesabına "xxxx" ASC tərəfindən 3500 manat məbləğində pul köçürülmüşdür; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 barəsində 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi nəzərə alınmışdır; Gəncə Şəhər Məhkəməsinin 3(125)-327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, 12 aprel 2022-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ və nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə olmadan idarə etdiyi "VAZ-21074" markalı 99SJ429 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "Fiat Doblo" markalı 99NC925 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. "Fiat Doblo" markalı, 99NC925 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş zərər 3500 manat məbləğində dəyərləndirilmiş, sığortaçı "xxxx" ASC tərəfindən sığortalıya həmin məbləğ ödənilmiş, nəticədə iddiaçının subroqsiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yuxarıda sadalanan normalara və işin faktiki hallarına uyğun olaraq məhəkəm hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyət daşımalıdır. Belə ki, Cavabdeh1 mülki hüquq pozuntusunu sürücülük hüququ olmadan törətdiyinə görə, Cavabdeh2 isə yüksək təhlükə mənbəyinin sahibi və həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğuna görə məsuliyyət daşımalıdır. Yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalı, mülki huquq pozuntusu törətmiş şəxslə birgə mülki hüquq məsuliyyəti daşımalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində 55,40 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə 55 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməli cavabdehlərdən ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 (üç min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 (üç min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar