Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1219/2025 13.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2600 (iki min altı yüz) manat pulun və ödədiyi 46 (qırx altı) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bir kənddə yaşayır.Yaxşı münasibəti olmuşdur. 2024-cü ildə Rəfi gələrək bildirdi ki, Qızılhacılı sakini Çingiz adlı şəxsdə otüyüdən var və almaq istəyir. Rəfi ilə getmiş Çingizgilə və razılaşmışlar ki, 4500 (dörd min beş yüz) manata otüyüdən texnikasını alsın. Bu zaman 4000 manatını o, 500 manatını isə Rəfi Çingizə vermişdir. Rəfi 6 ay otüyüdəni işlətdikdən sonra ona bildirdi ki, “sənin pulunu qaytara bilmirəm, otüyüdəni Cavabdeh satıram və sənin pulunu da ö ödəyəcəkdir”. Bu barədə də Elməddin ona qəbz yazıb vermişdir. Bugünə kimi də Elməddin ona 4000 manatdan 1400 manat qaytarmışdır. Söz vermişdir ki, yerdə qalan borcunu, yəni 2600 manatını 2025-ci ilin mart ayında qaytaracaqdır. Bu barədə də ona öz xətti ilə qəbz yazıb vermişdir. Həmin qəbzləri məhkəməyə təqdim edir. Lakin, cavabdeh onu aldatmışdır. Bugünə kimi dəfələrlə pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərk pulunu qaytarmaq istəmir, ona görə də onun barəsində Goranboy Polis şöbəsinə şikayətt etmişdir. Ona məsləhət olundu ki, tələbi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. Bu barədə olan Goranboy rayon Polis şöbəsinin 28 may 2025-ci il tarixli,3-13-75/2-7- 83xx/xx/2025 saylı məktubunu məhkəməyə təqdim edir. Ona görə də məhkəməyə müraciət edir. İndi istəyir ki, cavabdeh ona borclu olduğu 2600 (iki minaltı yüz) manat pulu məhkəmə qaydasında özünə qaytarsın. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı nisyə 4000 manata otüyüdən almış və pulun mart ayınadək ödənilməsi barədə öhdəlik götürmüşdür. Buna dair iddiaçıya yazılı qəbz də vermişdir. Həmin pulu vaxtlıvaxtında iddiaçıya ödəmiş və onun borcu qalmamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin borcun iddiçıya qaytarılmasına dair heç bir sübutu yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli sadə yazılı əqdən görünür ki, o, İddiaçı 4000 manata yemüyüdən almış və pulu iki ay müddətində verəcəyi barədə öhdəlik götürmüşdür; Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-75/2T- 83xx/xx/2025 nömrəli məktubdan görünür ki, İddiaçı məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir; 1411429 nömrəli vəsiqədən görünür ki, İddiaçı ikinci qrup əlildir; "xxxx" ASC-nin ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 46 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında otüyüdən texnikasının satışına dair sadə yazılı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır; 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya olan borcunu tam ödədiyini bildirmişdir. Belə olan halda, hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə (bundan sonra – MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatı arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı otüyüdən texnikasını 4000 manata cavabdehə nisyə satmış, cavabdeh də aldığı malın dəyərini iki aya ödəyəcəyi barədə vəd versə də, bugünədək borcunu ödəməmişdir. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, Cavabdeh malı iddiaçıdan 4000 manata almış, borcundna 1400 manatını qaytarmış, nəticədə 2600 manat borcu qalmışdır. Cavabdeh iddiaçı qarşısında öhdəliyini yerinə yetirməyərək qalıq qalan malın dəyərini ödəməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2600 ( iki min altı yüz) manat məbləğində borc pul və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi tutulmalıdır Şərh оlununlаrа əsаsən MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2600 (iki min altı yüz) manat məbləğində borc pul və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1219/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1219/2025
13.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver